Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində reallaşdırılan növbəti təlim kursu yekunlaşmışdır. “İnformasiya sistemlərinin idarə olunması” mövzusuna həsr olunmuş beşgünlük təlim kursu Azərbaycanda təhsil işçiləri üçün bu mövzuda təlimlərin təşkilində zəngin təcrübəyə malik “Mədəd” təşkilatı tərəfindən keçirilmişdir.
Təlim kursunun yekununda universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək vurğulamışdır ki, muxtar respublikada müasir informasiya texnologiyalarının tətbiqinə, bu istiqamətdə yüksək ixtisaslı mütəxəssis hazırlığına göstərilən diqqət və qayğı Naxçıvan Dövlət Universitetinin də timsalında özünü göstərir. Ali təhsil ocağının müasir informasiya texnologiyalarından istifadə etməklə dünya universitetləri ilə çoxsaylı virtual əlaqələr qurması, elektron universitet və elektron təhsil layihələrinin həyata keçirilməsi istiqamətində qazanılan əhəmiyyətli uğurlar bu qayğının real bəhrələridir. Beynəlxalq ekspertlər tərəfindən təşkil olunan təlim kursu isə informasiya texnologiyaları sahəsində yerli kadr hazırlığı, təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.
Beynəlxalq ekspert, “Boulder Media Corparation”un təmsilçisi Even Jahr və ”Mədəd” təşkilatının koordinatoru Məryəm Cabbarova təlimin yüksək səviyyədə təşkilindən danışmışlar.
Təlim kursunda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislər, universitet əməkdaşları və müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak etmiş, yekunda qiymətləndirmə aparılmışdır.
Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Mehriban SULTAN