Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün formalaşdırılması və istiqamətləndirilməsi diqqət mərkəzində saxlanılan ən vacib məsələlərdən birinə çevrilmişdir. Regionda fəaliyyət göstərən məktəbdənkənar müəssisələr hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Belə müəssisələr üçün yeni binalar inşa olunur, onların maddi-texniki bazaları gücləndirilir. Məqsəd isə aydındır: təkcə bilikli yox, həm də hər hansı sənətə yiyələnmiş insanların yetişdirilməsinə nail olmaq.
Yaradılan şərait, göstərilən dövlət qayğısından bəhrələnərək öz işini günün tələbləri səviyyəsində quran belə məktəbdənkənar müəssisələrdən biri də Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzidir. Bu günlərdə mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana yollandıq. Mərkəzin direktoru Sevinc Mirzəyeva ilə söhbətləşdik. Direktor bildirdi ki, mərkəz 1953-cü ildən “Gənc texniklər stansiyası” adı ilə fəaliyyət göstərmiş, 1991-ci ildə adı dəyişdirilərək Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzi adlandırılmışdır. Məktəbdənkənar müəssisənin binası 2007-ci ildə əsaslı şəkildə təmir olunaraq həmin ilin sentyabr ayının 17-də istifadəyə verilmişdir. Öyrəndik ki, mərkəzdə 13 adda 102 qrup fəaliyyət göstərir. Hər qrupda 10 uşaq olmaqla, 1020 şagird mərkəzin üzvüdür. Dərnəklərə 32 müəllim rəhbərlik edir. On bir otaqdan ibarət olan mərkəzdə akt zalı, sərgi salonu, emalatxana, informatika, bədii tikmə, bacarıqlı əllər, texniki rəsmxət otaqları yaradılmışdır. Bu otaqlarda eyniadlı dərnəklərlə yanaşı, kağız əl işləri, əyləncəli fizika, dizayn, ağac üzərində oyma, təsviri estetika, ibtidai texniki modernləşmə, təyyarə-raket modelçiliyi, texniki ekologiya, memarlıq dərnəkləri fəaliyyət göstərir ki, bu dərnəklərdə uşaqlar qabiliyyət və bacarıqlarını inkişaf etdirirlər. Mərkəzin sərgi salonunda “Yusif Küseyir oğlu türbəsi”, “Əlincə xanəgahı”, “Qarabağlar türbəsi”, “Qələbə müjdəsi”, “Dünyanın təsviri”, “Təbiət mənzərəsi”, “Sülh göyərçini” adlı əl işləri, maketlər, toxumalar, şəkillər sərgilənir. Mərkəzin tədbirlər planına uyğun olaraq, əlamətdar günlərdə müxtəlif dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgilər təşkil olunur. Hər il Novruz bayramı ilə əlaqədar “Əcəmi” seyrəngahında keçirilən bayram tədbirində Texniki Yaradıcılıq Mərkəzinin də üzvlərinin əl işləri nümayiş etdirilir. Öyrəndik ki, mərkəzə cəlb olunmuş şagirdlər əl işləri ilə müsabiqələrdə iştirak edir və uğurlar qazanırlar. Bu il Dövlət Bayrağı Günü ilə əlaqədar “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda keçirilən əl işləri müsabiqəsində mərkəzin üzvləri Billur Əliyeva və Fizzə Səfərova 1-ci yeri, Almaz Rüstəmova isə 2-ci yeri tutmuş, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif edilmişlər.
Mərkəzin raket modelçiliyi dərnəyi hər ilin mart ayında zona müsabiqəsi keçirir. Müsabiqədə yer tutanlar respublika üzrə yarışlarda iştirak edirlər.
Başqa bir sevindirici hal da odur ki, üzvlərin əl işləri “Naxçıvan” jurnalında, “Gəncliyimiz – gələcəyimiz” və ”Naxçıvan tikmələri” kitablarında çap edilmişdir.
Məktəbdənkənar müəssisə uşaqların tətil günlərində ekskursiyalar təşkil edir. Dərnək üzvləri müxtəlif yerlərə və muzeylərə aparılır.
Mərkəzə cəlb olunmuş istedadlı məktəblilərin bacarıqları və mərkəz kollektivinin uğurları sadaladıqlarımızla bitmir. Bütün bunlar isə deməyə əsas verir ki, muxtar respublikada istedadların üzə çıxarılması üçün həyata keçirilən tədbirlərin bəhrələri getdikcə artır.
Dilrubə NOVRUZOVA