10 Yanvar 2025, Cümə

  Naxçıvanda təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərin miqyası ilbəil artır. İndi yolunuzu muxtar respublikanın hansı yaşayış məntəqəsindən salsanız, orada sizi müasir görkəmi və gözəl tədris şəraiti olan məktəblər qarşılayar. Görülən işlər isə gələcəyimiz olan yeniyetmə və gənclərin savadlı, hərtərəfli dünya­görüşünə malik vətəndaş kimi formalaşmasına, Vətənimizə, xalqımıza layiqli övlad kimi yetişməsinə xidmət edir. Hər il keçirilən qəbul imtahanlarında yüksək nəticələrin əldə olunması belə deməyə əsas verir ki, doğma diyarımızda təhsil sahəsi yüksələn xətlə inkişaf etməkdədir. 

Bu gün Naxçıvanda uğurları ilə seçilən ümumtəhsil məktəbləri çoxdur. Həmin təhsil müəssisələrindən biri də Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbidir. Ötən günlərdə yolumuzu adıçəkilən məktəbdən salıb yaradılan tədris şəraiti ilə tanış olduq. Bir daha şahidlik etdik ki, muxtar respublikamızda aparılan kompleks quruculuq işlərindən bu təhsil ocağına da pay düşüb. Burada yaradılan şərait təhsil ocağında da tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verib. 2005-ci ildə məktəb binası əsaslı şəkildə təmir olunub, təhsil ocağına görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın adı verilib. Akademikin xatirəsi bu təhsil ocağında da daim əziz tutulur. İl ərzində burada Zərifə xanımın həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir, şagirdlər arasında görkəmli oftalmoloqun tibb elminə gətirdiyi yeniliklərdən bəhs olunan müsabiqələr, bilik yarışları və viktorinalar təşkil olunur. Sevindirici haldır ki, məktəbin şagirdləri arasında tibb elminə maraq göstərənlərin də sayı ilbəil artır.

Ötən dövr ərzində bu təhsil ocağı ilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbi arasında dostluq əlaqələri qurulub. Həmin məktəbdə Zərifə xanımın Xatirə muzeyi yaradılıb. Muzeyə Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi tərəfindən görkəmli oftalmoloqa aid videomateriallar, dərsliklər, onun həyat və fəaliyyətindən bəhs edən əsərlər hədiyyə edilib. Məktəbdə olarkən onu da öyrəndik ki, burada tanınmış akademikin anadan olmasının 95-ci ildönümü ilə bağlı aprelin 28-də İrpen şəhərində­ki həmin məktəb ilə birgə tədbir ­keçiriləcək.
Qeyd edək ki, 2016-cı il noyabrın 28-də Akademik Zərifə ­xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilib. Məktəbin direktoru Sarvan Məmmədov dedi ki, hazırda 594 şagird yerlik olan 4 mərtəbəli təhsil ocağında akademik Zərifə xanım Əliyevanın Xatirə muzeyi, 5-i elektron lövhəli olmaqla, 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter, 2 şahmat otağı, müəllimlər, tibb otaqları, kitabxana, idman zalı və bufet vardır. Məktəbdə şagirdlərin keyfiyyətli təhsil almaları üçün yüksək tədris şəraiti yaradılıb. Elektron siniflər keçilən dərslərin əyaniliyini təmin edərək şagirdlərin biliklərə müfəssəl yiyələnmələrinə imkan verir. Belə ki, bu siniflərdə təşkil edilən dərslərdə şagirdlər videogörüntülərin köməyi ilə istənilən kimyəvi reaksiyanı, fiziki və bioloji prosesləri izahlı şəkildə öyrənir və virtual tədris mübadiləsi apara bilirlər. Məktəbdə 38 kompüter quraşdırılıb və internetə qoşulub. Kimya və biologiya laboratoriyaları tədris proqramına uyğun təcrübə avadanlıqları, fizika laboratoriyası isə həm də elektron lövhə ilə təmin edilib. Məktəbin kitabxana fondundakı 9 mindən artıq kitab müəllim və şagirdlərin istifadəsindədir. Burada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kitab müzakirəsi və mütaliəsi zamanı həmin bədii ədəbiyyatlara geniş yer verilir, bu kitabların mütaliə mədəniyyətində mühüm rolu olduğu şagirdlərin diqqətinə çatdırılır. Şahmat siniflərində təşkil olunan dərslər sayəsində gələcəyin zəka sahibləri yetişir. Geniş idman zalı isə şagirdlərin fiziki hazırlıqlarının artırılmasına, keçirilən muxtar respublika və rayon səviyyəli idman yarışlarında yüksək nəticələrin qazanılmasına imkan verir. Təhsil ocağında şagirdlərin hərbi-vətənpərvərlik ruhunda düzgün tərbiyə olunması da ön plana çəkilir. Gənc­lərin çağırışaqədərki hazırlığı fənni vasitəsilə şagirdlər ilkin hərbi bacarıqlara yiyələnirlər.
Məktəbdə hər birində 15 uşaq olmaqla, 2 məktəbəhazırlıq qrupu da yaradılıb ki, bunun da əsas məqsədi uşaqları tədris prosesinə alışdırmaq, onlarda erkən yaşlardan müəyyən bilik və bacarıqları formalaşdırmaqdır. Məşğələni aparan Solmaz Qurbanova dedi ki, məktəbə­hazırlıq qrupları yaradılmazdan öncə 1-ci sinfə daxil olan şagirdlərin əksəriyyəti məktəb təliminə hazırlıqlı olmurdular. Bu da, təbii ki, tədris prosesində axsamalara yol açırdı. Belə ki, müəllim dərs vaxtının çox hissəsini hazırlıqsız uşaqlara həsr edir və fəal uşaqlar tədris prosesindən uzaq qalırdı. Lakin dövlətimizin atdığı bu mütərəqqi addımdan sonra vəziyyət köklü surətdə dəyişilib. İndi uşaqlar məktəbəhazırlıq qrupları vasitəsilə erkən yaşlardan məktəb dərslərinə alışdırılır ki, bu həm müəllim­lərin işini asanlaşdırır, həm də valideynlər tərəfindən razılıqla qarşılanır.
Sarvan Məmmədovun dediyinə görə, təhsil ocağında yeni tədris metodlarından istifadə uğurlu nəticələrə yol açır. İnteraktiv dərslərə qoşulmaq, kurikulumların tətbiqi, şagirdlər arasında müsabiqə və viktorinaların keçirilməsi onların bilik səviyyələrini ortaya çıxarmaqla yanaşı, rəqabət hissini gücləndirir. Son illər keçirilən qəbul imtahanlarında şagirdlərin yüksək nəticələr əldə etməsi də məktəbdə tədris prosesinin düzgün qurulmasının nəticəsidir. Bu uğurların davamı ötən il də özünü göstərib. Belə ki, 2016-2017-ci tədris ilində məktəbi bitirən 19 məzundan 13-ü qəbul imtahanlarında iştirak edib ki, onlardan da 8-i tələbə adını qazanıb. İmtahanda iştirak edən abituriyentlərdən 4-ü 500-700 intervalında bal toplayaraq ölkəmizin qabaqcıl ali təhsil ocaqlarına qəbul olunublar.
Təbii ki, hər bir təhsil müəssisəsinin qazandığı uğurlarda, şagirdlərin əldə etdiyi nailiyyətlərdə geniş təcrübəyə malik bacarıqlı müəllimlərin əməyi danılmazdır. Bu məktəbdə də belə pedaqoqlar az deyil. Təhsil ocağında 309 şagirdin təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur. Müəllimlərin fəaliyyəti, çəkdikləri zəhmət dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, ötən dövr ərzində pedaqoqlardan 1-i “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2 müəllim isə ­“Tərəqqi” medalına layiq görülüb. Onlarla söhbət zamanı dedilər ki, bu şərəfli və məsuliyyətli peşə ilə məşğul olduqları üçün fəxr edirlər. Sevinirlər ki, savadlı gənclərin yetişdirilməsində, gələcəyimizin sağlam təməllər üzərində qurulmasında onların da payı var. Bu işə dövlətimiz tərəfindən böyük dəstək göstərilir. Əməklərinin qiymətləndirilməsi pedaqoqları daha da ruhlandırıb, böyük səylə çalışmağa həvəsləndirib.
Bəli, bu gün muxtar respublikanın bütün təhsil ocaqlarında olduğu kimi, Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində də gələcəyin hərtərəfli biliyə malik gəncləri yetişir. Müəllim kollektivi əzmlə çalışır ki, görkəmli oftalmoloqun adını daşıyan bu məktəb daha da yüksək nailiyyətlər qazansın. İnanırıq ki, bu təhsil ocağı gələcəkdə ölkəmizin ən qabaqcıl təhsil müəssisələri sırasında yer alacaq.

 Nail ƏSGƏROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR