15 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikasının   Prezidenti cənab İlham Əliyevin   7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gənc­liyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması da nəzərdə tutulmuşdur. Artıq bu ilin may ayından başlayaraq ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə “Azərbaycan Tələbə kartı”nın paylanılmasına başlanılıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məlumatına görə, “Azərbaycan Tələbə kartı”nın ölkə üzrə 197 min nəfərə paylanılması nəzərdə tutulub.
    Nəzərə alsaq ki, muxtar respublikamızda 3 ali təhsil müəssisəsi,   3  orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir, deməli, yeni yaradılan sistemdən bu təhsil müəssisələrində təhsil alan tələbələr də faydalana biləcəklər. Paytaxt Bakıda yerləşən ali təhsil müəssisələrində tələbə kartlarından istifadənin tətbiqinə artıq başlanılıb. Muxtar respublikamızda fəaliyyət göstərən təhsil müəssisələrində bu sahədə vəziyyəti və tələbə kartının hansı üstünlüklərinin olduğunu öyrənmək üçün ali məktəblərlə əlaqə saxladıq.  
    Regionun ən böyük ali məktəbi olan Naxçıvan Dövlət Universitetində tələbə kartlarının paylanılmasına bu ilin sonunadək başlanılacaq. Bu barədə Azərbaycan Tələbə-Gənc­lər Təşkilatları İttifaqının sədr müavini, Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev məlumat verdi. Onun sözlərinə görə, artıq universitetin 2500 tələbəsi tələbə kartlarının alınması ilə bağlı müraciət edib. Bu göstəriciyə görə, Naxçıvan Dövlət Universiteti ölkə paytaxtında fəaliyyət göstərən universitetlərin əksəriyyətini üstələyir. Tələbə kartlarından təkcə bakalavr təhsili alanlar deyil, magistrantlar da yararlana biləcəklər və artıq Naxçıvan Dövlət Universitetinin magistrantlarından da tələbə kartının alınması ilə bağlı müraciət edənlər var. Muxtar respublikamızda fəaliyyət göstərən digər ali təhsil müəssisəsində – Naxçıvan Müəllimlər İnstitutunda isə sözügedən kartı əldə etmək üçün 300-ə yaxın tələbə müraciət edib. Muxtar respublikamızın orta ixtisas məktəblərində isə bu yöndə işlərə tədris ilinin ikinci yarısından start veriləcək.

    Qeyd edək ki, Azərbaycan, gənc kart vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulub. Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı Avropa Gənclər Kartını Azərbaycanda “Xəzər” İnvestisiya Mərkəzi ilə birgə təmsil edir.  Avropa ölkələrindəkindən fərqli olaraq, Azərbaycanda tələbə kartlarının təmənnasız olaraq paylanılması nəzərdə tutulur.  Universitetdə və ya orta ixtisas təhsili müəssisəsində təhsil almasından asılı olmayaraq, “Azərbaycan Tələbə kartı”na sahib olan hər kəs “Avropa Tələbə kartı”nın üstünlüklərindən də  yararlana biləcək. Qeyd edək ki, “Avropa Tələbə kartı” 30-dan çox ölkədə 80 mindən artıq obyektdən imtiyazlı istifadə imkanı verir. Bununla yanaşı, ölkə daxilində “Azərbaycan Tələbə kartı”ndan istifadə edən tələbələri  400-ə yaxın obyektdə endirimlər və güzəştlər gözləyir.
    Yaxın zamanlarda isə bu sahədə müqavilə bağlanılan obyektlərin sayının daha da artırılması planlaşdırılır. Müqavilə bağlanılmış obyektlərdə endirim faizləri müxtəlifdir. Ümumilikdə, ölkə üzrə bu faizlər 5-55 faiz arasında dəyişir.
    “Xəzər” İnvestisiya Mərkəzinin direktoru Fərid Orucov qəzetimizə açıqlamasında bildirib ki, hələlik güzəşt və endirimlərin nəzərdə tutulan obyektlərin siyahısında, əsasən, Bakıda fəaliyyət göstərən tanınmış brend mağazaları, gündəlik tələbat malları, kompyuter və kitab satışı mağazalarının adları var. Naxçıvanda və ölkə­nin digər regionlarında hansı obyektlərdə tələbələrin kartdan yararlanacağına gəlincə, mərkəz təmsilçisi bu istiqamətdə hazırda iş aparıldığını və 2013-cü ildən başlayaraq regionlarda da bu tip obyektlərin siyahısının müəyyənləşdiriləcəyini deyib.
    Məlumat üçün qeyd edək ki, tələbələrə kartla yanaşı, endirimlərin təklif olunduğu obyektlərin adı, ünvanı yazılan kitabçanın da verilməsi nəzərdə tutulub. Kartlar 4 illik veriləcək. Azərbaycan Cənubi Qafqazda tələbə kartı modelini tətbiq edən ilk ölkədir. 


-E.Kəlbizadə

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR