Bəşər sivilizasiyasının mədəniyyət ocağı, beşminillik tarixin ərməğanı, qütblərin və qitələrin qovuşduğu əsrarəngiz məkan olan Azərbaycanın göz bəbəyidir Naxçıvan. Füsunkar təbiəti, münbit torpağı, milli-mənəvi dəyərləri, ləziz mətbəx nemətləri, təbiət gözəllikləri ilə bir cənnətməkandır Naxçıvan. Dədə Qorqud hikməti, Əcəmi Naxçıvani mədəniyyəti, Kalbalı xan uzaqgörənliyi, Cəlil Məmmədquluzadə ucalığı, Hüseyn Cavid bəşəriliyi, Məmməd Səid Ordubadi mütəfəkkirliyi, Bəhruz Kəngərli ideyası, Yusif Məmmədəliyev elmi, Cəmşid Naxçıvanski igidliyi, ümummilli lider Heydər Əliyev dühasının hər daşına, qayasına hopduğu bu məmləkətin keçdiyi mübarizə yolunun şanlı tariximizin səhifələrində özünəməxsus yeri var. Çünki bu torpağın qazandığı inkişaf və tərəqqiyə, o cümlədən aydın sabahlara qovuşması heç də asan olmamışdır. Ancaq qürurla deyə bilərik ki, sözügedən çətinliklərin məngənəsindən üzüağ qurtaran muxtar respublikamız bu gün ümummilli liderimiz Heydər Əliyevin böyük amallara hesablanmış ideyalarına qətiyyətlə sahib çıxaraq onu yaşadıb inkişaf və tərəqqi dövrünü qazanmışdır.
Müstəqillik yolunda atılan
kövrək addımlar
Naxçıvanımızın keçdiyi tarixi inkişaf yoluna nəzər saldıqda bunun ən bariz nümunəsini onun taleyinə həkk olunan hadisələrin timsalında görürük. Belə ki, hələ XX əsrin ilk illərindən etibarən tarixin bütün dövrlərində xalqımıza qarşı təcavüzkar siyasət yeritmiş erməni daşnaklarının heç bir ağıla və məntiqə sığmayan hiylələri, saxta torpaq iddiaları bu diyarı, o cümlədən də ötən əsrin əvvəllərində xalqımızı çətin günlərin sınağına çəkməkdəydi. Heç bir ümidi və pənahı olmayan bir dövlət və millət üçün baş verən bu hadisələr isə onların nəinki sabaha, bəlkə də, gələcək yüz ilə belə olan ümidlərini puç etmişdi. Baş verən proseslərin cərəyan etdiyi bir zamanda dövlətçilik ənənələrimizin və ərazi bütövlüyümüzün qorunması üçün atılan ən uğurlu və yekdil addımların başında isə 1918-ci ildə yaradılan və paytaxtı Naxçıvan şəhəri olan Araz-Türk Respublikası dururdu. Tarixi mənbələrimizdə də qeyd edildiyi kimi, ərazisində Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil olan, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyondan artıq olan bu respublika özündən sonra Moskva, Qars müqavilələri kimi taleyüklü sənədlərin imzalanmasına zəmin yaradaraq yurdumuzu parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etmiş və bugünkü müstəqilliyimizin ilk carçılarından birinə çevrilmişdir. Sözügedən hadisələrin ardınca 1924-cü ilin 9 fevralında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması və Naxçıvan şəhəri kimi elm-irfan ocağının respublikanın mərkəzi seçilməsi o dövrlərdə gələcək üçün atılan uğurlu addımların ən gözəl təminatçısı idi. Xalqımızın, dövlətimizin belə çətin və mürəkkəb bir şəraitdə etiraz səsini ucaldaraq bu cür nailiyyətin əldə edilməsini isə gələcəkdə ulu öndər Heydər Əliyev yüksək qiymətləndirəcəkdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
Qurtuluş yolu
Yuxarıda qeyd etdiyimiz tarixi hadisələr, o cümlədən XX əsrin birinci yarısında baş verən ictimai-siyasi proseslər haqqında çox danışmaq olar. Bu mənada, bir məqamı diqqətə çatdırmalıyıq ki, həmin dövrlərdə müstəqillik ideyalarının işığında atılan addımların hər biri xalqımızın azadlıq yanğısının daha da artmasına, dövrün haqsızlıqlarına, ədalətsizliklərinə qarşı çıxmasına və gələcəkdə həqiqi bir lider ətrafında toplanıb əsl vətənpərvərlik nümayiş etdirməsinə zəmin yaratmışdı. XX əsrdə bitmək bilməyən mürəkkəb siyasi proseslər, erməni daşnaklarının dövlətimizə qarşı apardığı işğalçı münasibətlər, sovet rejiminin xalqımızın başına açdığı acı talelər, anarxiya, rüşvətxorluq, başlı-başınalıq və ən əsası da həmin illərdəki ölkə başçılarının dövlətimizə qarşı apardığı ögey münasibətlər, sözün əsl mənasında, millətimizin sabaha olan ümidlərini belə, puça çıxarmışdı. Xalqımızın el qədir-qiyməti bilən övladları, təbii ki, bu cür sonu görünməyən, ortalığa işğalçılıqdan, ümidsizlikdən başqa nəticə çıxara bilməyən vəziyyət qarşısında susa bilməzdi. Belə ağır bir şəraitdə isə onların çıxış yolu vahid bir ideya və həqiqi bir lider ətrafında birləşməsi idi.
Bilmək lazımdır ki, hər bir xalqın, millətin, dövlətin taleyində çətin məqamlar olur. O çətin məqamlar ki ağır vəziyyətə düçar olduğu xalqın sanki bəsirət gözünü açaraq ətrafda, ölkədə baş verən hadisələrə adekvat yanaşmasına, yaxşını pisdən, doğrunu yalandan ayırmasına və ən əsası da ölkənin həqiqi liderini seçməsinə şərait yaradır. Bir sözlə, xalqı qəflət yuxusundan oyadır. Necə ki bu saydıqlarımızın sayəsində ötən əsrin 90-cı illərində hakimiyyətdə baş verən qanlı-qadalı proseslərə etiraz səsini ucaldan xalqımız ümid dolu baxışlarını sövqi-təbii olaraq elimizin irsi-milli sərvəti, böyük novator Heydər Əliyevin üzərində cəmləşdirərək gələcəkdəki liderini seçməyə qadir olmuşdu.
Solmuş üfüqlərdən aydın şəfəqlərə
və ya dünyaya ulu öndər bəyanatı
Böyük mütəfəkkir, publisist Viktor Hüqo bir zamanlar yazırdı: “Əsl liderin ömrünün bir yarısı vətənə, digər yarısı da xalqına xidmət etməkdən ibarətdir”. Bəli, xalqımızın həqiqi lideri, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasının bütün sahələrində inkişaf və tərəqqi sürətli şəkildə özünü göstərdi. Ümummilli liderin ozamankı hakimiyyətin yarıtmaz siyasəti ucbatından ögey münasibətə məruz qalmış, unudulmuş və blokada şəraitinə salınmış Naxçıvana, naxçıvanlılara kömək əlini uzatması, ümidləri, azadlıqları, sanki quş qanadında ərşə ucalmış köməksiz insanların qəlbində bir inam məşəli alovlandırmışdı. Bu da təsadüfi deyildi. Dahi mütəfəkkiri yurduna sevdirən ən əsas məqam da xalqının, elinin, dövlətinin siyasi maraqlarını hər şeydən üstün tutması, bir sözlə, ömrünü onların rifahına həsr etməsi idi. Bu mənada, xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər elə ilk vaxtlardan dövləti düşdüyü ağır siyasi vəziyyətdən çıxarmaq, illərlə Azərbaycanı parçalayıb, sərvətlərini tar-mar edən dövlətləri öz yerinə oturtmaq üçün çıraq işığında qətiyyətlə çalışaraq saysız-hesabsız tarixi müvəffəqiyyətlər əldə etdi. Bu yolda atılan ilk addımlardan biri kimi Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, Naxçıvanın 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etməməsi milli istiqlalımıza, azadlığımıza və hürriyyətimizə rövnəq verən addımlardan biri idi. Sözügedən addımlar həm də Azərbaycanın məğlubiyyəti üçün çalışan işğalçı qüvvələrə və dünyaya, sözün əsl mənasında, ulu öndər bəyanatı idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada baş verən ictimai-siyasi proseslərlə yaxından tanış olması, baş verən ağır problemlərin aradan qaldırılması üçün səylə çalışması, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikanı regionun qabaqcıl inkişaf obyektlərindən birinə çevirmək üçün çıraq işığında çalışıb, min bir əzab-əziyyətlə inkişafın Naxçıvan modelini yaradaraq, xalqımızı zülmət gecələrdən aydın sabahlara aparması dahi şəxsiyyətin Vətənə sədaqətinin təntənəsi idi. Ulu öndərin ölkəmizin, muxtar respublikamızın xilaskarı kimi atdığı məqsədyönlü addımlardan biri də yurdumuzu öz siyasi xəttinə sadiq, Vətən, xalq qədir-qiyməti bilən, dövrün qaynar, ağır şəraitinə baxmayaraq, onu çətinliklərin məngənəsindən qurtara biləcək bir rəhbərə əmanət etməsi idi. Dahi liderin məmləkətimizi böyük inamla etibar etdiyi bu şəxsiyyət 1960-cı il 14 yanvar tarixdə sadə, zəhmətkeş bir ailədə doğulan və tariximizin səhifələrinə müstəqillik illərində inkişafın Naxçıvan modelini yazan cənab Vasif Talıbovdur.
Müasirləşən Naxçıvan
Ümummilli liderimiz Naxçıvana etdiyi ilk səfərində, qısa zaman müddətində, muxtar respublikanın yeni rəhbərinin qətiyyətli addımları ilə diyarımızın bütün sahələrində gedən inkişaf və irəliləyişin şahidi olmuş və onu müsbət qiymətləndirərək demişdir: “...Muxtar respublikada işlər normal vəziyyətdədir. Görürəm ki, qısa müddətdə Naxçıvanda çox işlər görülübdür... Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır... Əminəm ki, bundan sonra da dayaq olacaqdır”.
Müstəqillik illərində muxtar respublikamızda ulu öndər dəstxətinə sadiqlik, yaradıb-yaşatmaq amalı və diyarımızın hər bir sahəsində atılan məqsədyönlü addımlar tezliklə Naxçıvanımıza müasirlik simasını qazandırdı. İstənilən davamlı inkişafın təməlində, ilk növbədə, rəhbər-vətəndaş əlaqələrinin üstünlüyünü uzaqgörənliklə dərk edən muxtar respublika rəhbəri tez bir zamanda ümummilli lider tərəfindən əsası qoyulan həmrəylik münasibətlərində siyasi sabitliyi bərqərar etməklə bir çox təhlükələri aradan qaldıraraq xalqının etimadını qazana bildi. Bu ideya isə ideal bir siyasətçinin atdığı ən mütəşəkkil addımların önündə dayanır. Sözügedən uğurun sayəsində yurdumuz regionun ən sabit, təhlükəsiz, əmin-amanlığın hökm sürdüyü bir ünvana çevrildi.
Uzun müddət blokada şəraitində yaşamasına baxmayaraq, diyarımızda mövcud olan çoxsaylı problemlərin həlli, şəhərlərimizin, kəndlərimizin simasında həyata keçirilən müsbət dəyişikliklər, muxtar respublikamızın tarixi üçün bir yenilik olmaqla yanaşı, həm də blokadanın, sözün əsl mənasında, inkişaf modeli idi. Günü-gündən gülüstana çevrilən şəhərimizdə yeni-yeni inzibati binaların tikilib əhalinin ixtiyarına verilməsi, yolların əsaslı şəkildə təmir olunması, təlim-tədris obyektlərinin açılması, park-xiyabanlarımızda olan təmizlik adını çəkdiyimiz inkişaf və tərəqqinin, o cümlədən muxtar diyarımızın Qurucu Rəhbərinin parlaq ideyalarının ən gözəl nümunəsidir. Bunun nəticəsidir ki, yurdumuzun hər bir sahəsində gedən inkişaf, müasirləşmə onu nəinki regionun, hətta dünyanın sayılıb-seçilən qabaqcıl məkanları siyahısına daxil edib. Şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmış bu hadisələr, saymaqla bitməyən bu uğurlar mövzumuzun sərlövhəsində də adını qürurla çəkdiyimiz blokada şəraitindəki inkişafın gözoxşayan gözəllikləri və xalqımızın el qeyrəti çəkən övladlarının vətənpərvərlik yoludur. O yol ki onu qazanıb bu günlərə, gələcək nəsillərə miras qoymaq üçün uzun illər naxçıvanlıların gənclik illərinin ən gözəl çağlarında, çörək növbələrində, elə çörəklə imtahana çəkərək ümidlərini 90-cı illərin sazağında gözlərində donduran çovğunlu qışı solmayan baharla əvəzləmişdir. O yolun özü ilə birgə yurdumuza gətirdiyi azadlığın, müstəqilliyin, hürriyyətin təməlində çıraq işığında gecəni səhər edənlərin ideyaları, amalları, qurub-yaratmaq cəhdləri dayanmışdı.
Bu gün böyük xoşbəxtliklə muxtar diyarımızın müstəqillik illərində qazandığı uğurlardan, o cümlədən 2018-ci ildə Gənclər paytaxtı seçilməsindən tutmuş, İslam mədəniyyətinin mərkəzi seçilməsinə qədər olan dövrlərdən və son olaraq da Zəngəzur dəhlizi vasitəsilə Turan elinə qaynayıb-qarışmasına qədər olan mərhələlərdən ürəkdolusu danışmaq olar. Lakin məmləkətimizin gözoxşayan gözəllikləri, inkişafı, tərəqqisi və müasirliyi qarşısında sözlər belə, aciz qalır.
Ariflər deyirlər ki, zaman lövbərsiz gəmi kimidir; dayanmadan irəliləyir. Bu gəminin əbədi sakinləri isə keçmişini unutmayan, bu gününün qiymətini bilən və gələcəyi üçün dayanmadan çalışanlardır. Son 30 ilin qısa təhlili göstərir ki, muxtar respublikamızda ulu öndər siyasətinə sadiqliyin nəticəsində əsl vətənpərvərlik məfkurəsindən doğan parlaq ideyalar qurub-yaradan dahi şəxsiyyətlərin əlində, o cümlədən muxtar respublikamızın inkişaf modelinin memarı olan cənab Vasif Talıbov sayəsində tariximizin səhifələrinə günümüzün reallıqları kimi yazılır. Elə Ali Məclis Sədrinin də dediyi kimi: “Yol düzgün seçildikdə, milli maraqlara və dövlətçiliyə sədaqət olduqda, insanların qayğısı və ehtiyacları hədəfə alındıqda istənilən möcüzəni yaratmaq olur”.
Məcid RƏŞADƏTOĞLU
Məqalə “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” adlı tələbələrarası
yaradıcılıq müsabiqəsinə təqdim olunur.