İnsanın zəhməti ilə ərsəyə gələn iş hər zaman sevinc doğurur. Çəkilən zəhmətlər içərisində biri də var ki, onun bəhrəsi üçün 11 il dayanmadan çalışmalı olursan. Bu zəhmət müəllim əməyidir. Onun ən gözəl bəhrəsi isə qəbul imtahanlarında göstərilən nəticələrdir. Bu gün şahbuzlu şagirdlər də bu imtahanlarda yüksək nəticə göstərərək öz müəllimlərinə, valideynlərinə qürur qaynağı olub, başucalığı gətiriblər. Belə ki, 2020-2021-ci tədris ilində rayonda orta ümumtəhsil məktəblərini bitirən 144 məzundan 137 nəfəri ali məktəb tələbəsi olmaq üçün sənəd qəbulunda iştirak edib. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən rayonun məzunlarından 21 nəfəri 500-700 intervalında bal toplayaraq müəllimlərini və valideynlərini sevindirib. Topladıqları ballarla bütün Şahbuz rayonuna başucalığı gətirən, 11 il çəkilən zəhmətin bəhrəsi olaraq tələbə adını qazanan bir neçə məzun haqqında oxucularımıza məlumat vermək istəyirəm.
Sərcan Məsmalıyev: – Mən 2021-ci ildə Keçili kənd tam orta məktəbini bitirmişəm. I ixtisası qrup üzrə ali məktəbə qəbul imtahanlarında 667,3 bal toplamışam. Orta məktəbdə oxuduğum illərdə həmişə təhsildə diqqət və qayğı görmüşəm. Bizim kəndimiz kimi bütün ucqar kəndlərdə tikilib istifadəyə verilən yaraşıqlı, müasir standartlara cavab verən məktəb binaları məhz bunun bariz nümunəsidir. Biz şagirdlər də bu qayğıya cavab olaraq yaxşı oxumalı və bugünkü nəticələrə nail olmalı idik. Sevinirəm ki, belə də oldu. Bundan sonra təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirib Vətənimə layiqli övlad olmaqla yanaşı, rayonumuzun adını orada da uca tutmağa çalışacağam.
Mətin Məmmədli: – Mən 2004-cü ildə Badamlı kəndində anadan olmuşam. 2010-cu ildə Badamlı qəsəbə tam orta məktəbinin birinci sinfinə qəbul olmuşam. 2021-ci ildə həmin məktəbin XI sinfini bitirmişəm. Uşaqlığımın ən yaddaqalan anları dərslərimi oxuyaraq elmin sirlərinə yiyələnmək istədiyim anlardır. Böyük həvəslə oxudum, öyrəndim və sonda da zəhmətim sayəsində 643 balla tələbə adına layiq görüldüm. Arzum Azərbaycan Dövlət Neft Sənaye Universitetinin tələbəsi olmaqdır. Uğur qazanmağımda mənə dəstək olan valideynlərimin və müəllimlərimin zəhmətinin hədər getmədiyini düşünürəm. Hər kəsin özü üçün xəyal etdiyi bir ömür yolu var. Bu yol gənclik illərindən başlayır. Mən də bu yolun yolçusu kimi çalışacağam ki, təhsil alacağım ixtisasın sirlərinə dərindən yiyələnim. Gələcəyin peşəkar kadrı kimi dövlətimə, Vətənimə layiq olum.
İnci Həzizadə: – Mən Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin yetirməsiyəm. Məktəbimizdə yaxşı təhsil almağımız üçün hər bir şərait yaradılıb. Mən də bunun müqabilində çalışırdım ki, bu məktəbin yüksək bal toplayanları sırasına öz adımı yazdırım. Tələbə adı qazanan abituriyentlərə həmişə qibtə ilə baxırdım. Fikirləşirdim ki, gələcək həyatımda yaxşı bir yer tutmaq üçün, ilk növbədə, tələbə adını qazanmalıyam. Ətrafımda tələbəlik illərini yaşayan tanışlarım isə bunun üçün, ancaq yaxşı oxumağın və əziyyətə qatlaşmağın vacib olduğunu deyirdilər. Mən də həmişə yaxşı oxumağa çalışmışam ki, ali məktəbə qəbul olam. Nəhayət, böyük həvəslə gözlədiyim tələbə adını bu günlərdə qazandım. Seçdiyim ixtisas qrupu üzrə 625 bal toplamışam. Ali təhsilimi Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində almaq arzusundayam. Topladığım yüksək balla valideynlərimə və müəllimlərimə sevinc bəxş etdim. Və gələcəyim üçün atdığım bu addımda özümü xoşbəxt sayıram. Mən xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, ümummilli liderimiz Heydər Əliyev biz gənclərin həyatda uğurlar qazanması naminə müstəqil Azərbaycanda elmin, təhsilin inkişafı üçün çox böyük işlər gördü, əsaslı islahatlar həyata keçirdi. Muxtar respublikamızda da bu ideyalar bu günə kimi davam etdirildiyindən yaxşı oxumaq, uğur qazanmaq üçün nə lazımsa, təmin edilib. Biz tələbə-gənclər də bu böyük qayğıya cavab olaraq bundan sonra da yalnız yüksək təhsil alaraq elmin sirlərinə dərindən yiyələnməliyik.
Xəzər Məmmədov: – İnsan həyatda öz məqsədinə çatmaq üçün çox çalışmalıdır. Mən də təhsil aldığım Keçili kənd tam orta məktəbində gələcək arzularımı reallaşdırmaq üçün yaradılan hər bir şəraitdən lazımınca istifadə etdim. Asudə vaxtımı boş keçirmədim. Hər dəqiqənin qədrini bilərək oxudum, öyrəndim. Elm öyrənməyi, müxtəlif fənlər üzrə olimpiadalarda iştirak etməyi hər şeydən üstün tutdum. Sevinirəm ki, tələbə olmaq üçün çəkdiyim əziyyət hədər getmədi. Topladığım 595 balla gələcəyim üçün ilk uğurlu addımı atdım. Tələbə adını qazandığım üçün çox sevinirəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almağı düşünürəm. Zamanın tələbi ilə ayaqlaşmaq üçün bundan sonrakı həyatımda da çalışacağam ki, kitablarla dostluğumu davam etdirəm. Çünki onlarla dost olmaq məni ən böyük arzuma çatdırıb.
Ayşən Əbülfəzli: – Mən Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin məzunuyam. Qəbul imtahanlarında 577 bal toplayaraq məni sevənlərin sevincinə səbəb olmuşam. Bu gün orta məktəblərdə bizə yaradılan şəraitlə yanaşı, muxtar respublikamızda fəaliyyət göstərən universitetlər də biz gənclərə böyük ərməğandır. Çünki təhsil almaq üçün başqa yerə getməyimizə gərək yoxdur. Dünyanın ən qabaqcıl ölkələrindəki universitetlərdə olan şərait elə evimizin içindəcə yaradılıb. Buna görə də mən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsilimi davam etdirmək fikrindəyəm. Onu da qeyd etmək istəyirəm ki, bu gün ali məktəblərimizdə xarici dillərdə də təhsil verilir. Elə mənim seçdiyim ixtisasın ingilis dilində tədrisi kimi.
Biz də elm intellekt yolunu tutan və bu yolda ilk uğurlu addımlarını atan gənclərimizə daha böyük müvəffəqiyyətlər arzu edirik.
Telli MƏMMƏDOVA