21 Dekabr 2024, Şənbə

“Şərq qapısı” qəzetinin redaksiyasında  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na əsasən redaksiya tərəfindən “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə 1 oktyabr-30 noyabr tarixlərində elan edilən  yaradıcılıq müsabiqəsinin mükafatlandırma  mərasimi təşkil olunub. 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Rəmzi İbrahimov tədbirdə çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamını muxtar respublikada mətbuatın inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi hesab edib. Qeyd olunub ki, ölkəmizdə milli mətbuatımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir sahədə ulu öndərin yolunu layiqli şəkildə davam etdirən Prezident cənab İlham Əliyev mətbuat sahəsinə də xüsusi diqqət göstərir. Bu gün Ali Məclis Sədrinin rəhbər­liyi ilə muxtar respublikamızda jurnalistikanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, kadrların hazırlanması üçün hamilik tədbirləri diqqətdə saxlanılır, kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsi də bu sahədə görülən işlərin daha bir nümunəsidir.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzetinin ictimai-siyasi fikir tariximizdəki, milli-siyasi təfəkkürün formalaşması və inkişafındakı rolundan, müstəqillik illərində muxtar respublikada aparılan uğurlu media siyasəti nəticəsində “Şərq qapısı”nın dünya standartlarına cavab verəcək mətbuat orqanı səviyyəsinə yüksəldilməsinə nail olunduğunu bildirib.
Vurğulanıb ki, muxtar respublika rəhbərinin jurnalistikanın inkişafı istiqamətində verdiyi tövsiyə və tapşırıqlar redaksiya kollektivi üçün başlıca fəaliyyət prinsipləri rolu oynayıb. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncam, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısıdır. Sərəncama əsasən həyata keçirilən tədbirlərin muxtar respublikamızın mətbuat tarixinin müasir milli və bəşəri ideyalar müstəvisində yenidən araşdırılıb öyrənilməsinə töhfə verəcəyini bildirən baş redaktor qeyd edib ki, bu tarixi Sərəncam, eyni zamanda biz jurnalistlər qarşısında muxtar respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin layiqli təbliğatçısına çevrilmək kimi mühüm vəzifə də qoyur.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov qeyd edib ki, “Şərq qapısı” həyata vəsiqə alan bir gündən xalqın maariflənməsinə, onun dünəninin, bu gününün öyrənilməsinə, Azərbaycan elmi və ədəbi mühitinin inkişafına böyük töhfələr verib. Bu qəzet həmişə tarixi amala, sarsılmaz əqidəyə xidmət edib, haqqın, ədalətin carçısı olub insanları saf ideallar uğrunda mübarizəyə səsləyib, Azərbaycançılıq məfkurəsinin həyata keçirilməsinə xidmət edib. Bu mətbu orqan hər bir oxucuda Azərbaycanın sabahına inam yaratmaq funksiyasını ləyaqətlə daşıyıb. Buna görədir ki, qəzet azad və demokratik cəmiyyətdə, Azərbaycanın mətbuat sistemində özünə layiqli yer tutub. “Şərq qapısı” kollektivi bu gün də üzərlərinə düşən şərəfli missiyanı uğurla davam etdirir.
Çıxış edənlər muxtar respublika jurnalistləri adından mətbuata göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra mükafatlandırma mərasimi olub. “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov “İllər, sizdə nəyim qaldı...” publisistik məqalələrdən ibarət kitabı ilə I yerə, Naxçıvan Televiziyasının hazırladığı “Yüz ilin mətbuatı” sənədli filminin ssenari müəllifi Ruhiyyə Rəsulova, “Şərq qapısı” qəzetinin əməkdaşı Güntac Şahməmmədli “Müstəqillik illərində muxtar respublikada təhsil inkişafının ən yüksək zirvəsinə çatıb” məqaləsi ilə II yerə, jurnalist Arif Bayramov “İnformasiya blokadasından demokratik mətbuata” məqaləsi, şair-publisist, tərcüməçi Elxan Yurdoğlu “Əsrin əsəri, yaxud mənim ən böyük və ən açıq tribunam” publisistik yazısı, “Arazın səsi” qəzetinin əməkdaşı Səriyyə Salahova “Azərbaycan mətbuatı tarixində mühüm rolu və böyük xidmətləri olan doğma, qocaman “Şərq qapısı” qəzeti” məqaləsi ilə III yerə layiq görülüblər. Qaliblərə diplom və pul mükafatları təqdim olunub, onlar muxtar respublikada jurnalist yaradıcılığının qiymətləndirilməsinə görə minnətdarlıq ediblər.

 Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR