29 Mart 2024, Cümə

“Şərq qapısı” – 100

Bu məqaləni qələmə almağa başlamazdan əvvəl nə vaxtsa oxucularımıza təqdim olunmuş bir yazımda müraciət etdiyim ümummilli liderimiz Heydər Əliyevin bu fikirlərini bir daha xatırladım: “Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir... Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatı ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də biz gərək jurnalistlərə kömək edək”. 

 

Dahi rəhbərimizin bu dəyərli fikirləri bütün dövrlərin jurnalistikası üçün olduqca aktualdır. Elə götürək bir neçə ildir, çalışdığım və mənə ailəm qədər doğma olan “Şərq qapısı” qəzetini. Həmkarlarım, gün ərzində baş verən ictimai-siyasi yenilikləri günün nəbzini tutan vacib və aktual xəbərləri ictimaiyyətin diqqətinə çatdırmağa can atır, necə deyərlər, yaşadığımız informasiya rəqabəti əsrində cəfakeşlik nümunəsi göstərirlər.

Redaksiyamızın əməkdaşlarına bu fədakar əməyində uğurlar diləyərək başqa bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Bu da bir həqiqətdir ki, qəzetin ərsəyə gəlməsində təkcə qələm sahiblərinin, yaradıcı insanların əməyi keçmir. Çünki qəzetçilik işinin texniki cəhəti də var. Qəzet üçün yazıların hazırlanması işin birinci mərhələsidir. Sonra isə həmin yazıların kompüter vasitəsilə yığılması, qəzetçilikdə ən önəmli proseslərdən biri olan səhifələrin dizayn edilməsi və nəhayət, son nəticədə, mətbəədə çap olunması zəhmətli və uzun bir prosesdir. Uzun sözün qısası, qəzetçilikdə mətbəə işinin rolu danılmazdır. Bu mənada, qəzetimizin gündəlik nömrələrinin işıq üzü görməsində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi kollektivinin əməyi böyükdür.
Düzdür, bu gün mətbəədə o qədər yüksək poliqrafik keyfiyyətə, müasir və sürətli iş prinsipinə əsaslanan avadanlıqlar qurulub ki, əvvəllər min bir zəhmət bahasına başa gələn nəşriyyat işi indi xeyli asanlaşıb. Mətbəənin redaksiyamızla eyni binada yerləşməsi də işin keyfiyyətinə və sürətinə öz təsirini göstərir. Hər səhər işə gələrkən bizi qarşılayan yaraşıqlı binanı görəndə nədənsə həmişə əvvəlki illərlə müqayisə etmək fikri düşüncəmdə dolaşır. Düzdür, o dövrü görməsəm də, dillərdən eşitdiyim xatirələr, qəzet və kitab səhifələrindən oxuduğum yazılardan dövrlə bərabər qəzetçilik və mətbəə işinin də xeyli dəyişdiyinin şahidi oluruq. Elə bu günlərdə arxivimizdə rastıma çıxan yazının bir hissəsini sizinlə paylaşsam, əminəm ki, siz də mənimlə bərabər o illərə gedəcəksiniz. Qəzetimizin 2001-ci il, 21 iyul tarixli nömrəsində oxuyuruq:

“Atamdan molla dərsi alan Qulu əmi məni mətbəəyə gətirəndə çox cavan idim. Mətbəə deyəndə ki, balaca bir yer idi. Məni ayrı-ayrı gözləri olan qara qutunun yanına gətirdilər. Qutunun içindəkilər mənə ilk baxışda tumu xatırlatdı. Dedilər ki, bunlar hərflərdir (Sonra şrift deyirdik). Onları sözlərə görə seçib yan-yana yığırdıq. Hər gün yüz mindən çox hərf yığmalı idik (Bunları dedikdə Şulan əmi yarı getmiş dırnaqlarına baxırdı). Mətbəədə hər iş əllə görülürdü. Yığımdan tutmuş, çapa qədər. “Şərq qapısı” qəzetini, – deyirəm. Camaat təzə-təzə savadlanırdı. Odur ki, oxumağa həvəsli idi.
Bir gün səhər işə gələndə dedilər ki, müharibə başlayıb. Adamlar səfərbər oldu. İş yoldaşlarım mürəttib Əqil Çərkəzzadə, yığıcılardan Əhməd Əliyev, Məmməd Hacıyev, Məmmədəli Heydərov hərbi komissarlığa çağırıldılar. Həmin vaxt Naxçıvan Maşın Traktor Stansiyasında siyasi işlərə baxan xalq yazıçısı Mirzə İbrahimov, polkovnik Hüseyn Nəcəfov mənim arxa cəbhədə qalmağımı məsləhət gördülər. Qaldı bir mətbəə, bir də mən. Həm müdir idim, həm fəhlə. Cəbhədən məlumat gözləyən adamların ümid yeri radio və qəzet idi. Odur ki, gündəlik çıxan qəzeti yerlərə vaxtında çatdırmağa çalışırdıq. Buna qane olmayanlar mətbəəyə gəlib rəng qoxusu çəkilməyən qəzeti bizdən alırdılar. Əsəd Cəfərli, Lətif Hüseynzadə, Əli Əliyev belə qəzet azarkeşlərindən idilər. Zarafatla deyərdim: “Yəqin ki, qəpiyinizə qıymırsınız”.
Şulan əmi rayonlarda olan mətbəələrə də nəzarət edərdi.
– Şulan əmi ən çox çətinliyiniz hansı sahədə olurdu, – deyə maraqlandım.
Deyir ki, qəzetdə şəkil vermək bizim üçün müşkül işə çevrilmişdi. Sadə lenotip maşınımız olsa da, qəzetdə şəkil sarıdan “söz” deyə bilmirdik. Təcili tədbirlər olanda, yubiley nömrələri hazırlananda çarəsiz qalırdıq. Bakıdan dedilər ki, bir nəfər göndərin sinkoqrafiya prosesini öyrənsin. Sonra sizə bu iş üçün maşın verək. Elə də etdik. Gənc bir oğlanı o vaxt “Azpoliqraftrest” deyilən ünvana göndərdik.
... Sonra illər keçir. Texnologiya inkişaf edir. Mətbəədə yeni avadanlıqlar qurulur, rotasiya maşını gətirilir. Kiçikformatlı qəzet böyük formatda nəşr olunur. O illəri Şulan əmi belə xatırlayır: – Bir gün redaktor, rəhmətlik Rəşid Qazıbəyov məni yanına çağırıb dedi ki, Şulan usta, heç kimə demə qəzeti böyütmək üçün razılıq almışam. “Şərq qapısı” böyük formatda çıxacaq. Sənə inanıram, həm də güvənirəm. Bilirəm ki, öhdəsindən gələrsən. Çalışdıq, səy qoyduq, çox çətinliklə olsa da, qəzeti böyük formatda çıxarmağa başladıq. Bu sözləri 80 yaşlı “Şərq qapısı” qəzetinin keçdiyi yolun canlı şahidi olmuş təcrübəli mürəttib Rza Seyidov – Şulan usta deyir. Onun neçə-neçə yetirməsi mətbəədə çalışıb. Keçdiyi gənclik illərini qəzet səhifələrində, sətirlərində axtaran Rza Seyidova hər zaman Şulan usta kimi müraciət edilib...”
Bu xatirəni oxuduqda jurnalistika sahəsinin, qəzetçilik işinin, doğrudan da, fədakarlıq nümunəsi olması bir daha öz təsdiqini tapır. Doğrudur, müasir dövrümüzdə yüksək texnoloji inkişaf həmkarlarıma daha rahat və məhsuldar çalışmağa, mətbəədə daha az əməklə daha çox iş görməyə imkan verir. Necə deyərlər, o zaman bir neçə saat ərzində yüzlərlə şrift quraşdırıb bir səhifə dərc olunurdusa, bu gün tək bir düymə ilə bir neçə dəqiqə zaman kəsiyində minlərlə səhifə çap edilir. Dövlətimizin yaratdığı şəraiti, jurnalistika sahəsinə göstərdiyi diqqət və qayğını bu gün “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyətində tam mənası ilə görürük.
İstərdim, bu məqamda muxtar respublikamızda çap məhsulları istehsalının tarixi ilə sizi qısaca tanış edəm. Naxçıvanda nəşriyyat işinin tarixi ötən əsrin əvvəllərindən başlanır. Belə ki, 1921-ci ildə Naxçıvanda ilk çap sexi yaradılıb və bu müəssisə 1938-ci ilədək “Şərq qapısı” qəzeti redaksiyasının nəzdində olan mətbəə kimi fəaliyyət göstərib. Bundan sonra isə Naxçıvan mətbəəsi adı ilə müstəqil müəssisəyə çevrilib. Uzun illər ərzində müxtəlif yerlərdə uyğunlaşdırılmış binalarda köhnə avadanlıqlarla fəaliyyət göstərən müəssisənin işində əsaslı dönüş 2001-ci il martın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncamından sonra başlayıb. Bundan sonra muxtar respublikada fəaliyyət göstərən digər mətbuat qurumları kimi, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də fəaliyyəti üçün əlverişli iş şəraiti yaradılıb və maddi-texniki bazası möhkəmləndirilib. Beləliklə, 1997-ci ildən fəaliyyət göstərən müəssisə 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin balansına verilərək yüksək qayğı ilə əhatə olunub. Bu gün Nəşriyyat-Poliqrafiya Birliyinin muxtar respublikada işıq üzü görən qəzetlərlə yanaşı, digər çap məhsullarının istehsalında da böyük rolu var.
Artıq bu nəşriyyat müəssisəsi ən müasir texnologiyaya əsaslanan kompüter və çap avadanlıqları ilə təmin olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 2010-cu ildə istifadəyə verilmiş yeni binada yerləşdirilməsi və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlığının quraşdırılması, 2015-ci ildə isə ikinci belə bir avadanlığın alınması muxtar respublikada nəşriyyat-poliqrafiya işinə göstərilən diqqətin bariz nümunəsidir. Bu gün Naxçıvanda 100 yaşlı qocaman “Şərq qapısı”, eyni zamanda şəhər və rayon qəzetlərinin, habelə müxtəlif kitab və jurnalların rəngli formatda nəşr olunması yüksək səviyyədə həyata keçirilir. Bunlardan əlavə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən müəssisə və təşkilatlar üçün dəftərxana kitabları, sadə və ciddi hesabat blankları, müxtəlif qəbzlər, təqvimlər, etiketlər, dərslik və dəftərlərin hazırlanması həyata keçirilir. Müəssisəyə dövlət sifarişlərindən başqa, gün ərzində muxtar respublikada fəaliyyət göstərən elm və mədəniyyət müəssisələri tərəfindən də yüzlərlə müxtəlif çap sifarişləri daxil olur, bu məhsullar yüksək standartlar və müasir dizayn əsasında qısa müddətdə hazırlanır.
Bir daha müqayisə aparsaq, birliyin əməkdaşlarının da dediyi kimi, əvvəllər mətbəəmizdə çap edilən məhsullar primitiv alınır, oxucu tələbini, demək olar ki, ödəmirdi. Köhnə, istismar müddətini başa vurmuş maşınlarda çap nümunələri də keyfiyyətsiz alınırdı. Müstəqillik illərinin bəhrəsi kimi 2010-cu ildən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyətində yeni dövrün başlanğıcı oldu. İndi mətbəədə çapı sifariş edilən nəşr nümunələri ölçüsündən, həcmindən, nüsxəsindən, tirajından və formatından asılı olmayaraq, qısa zamanda və yüksək poliqrafik keyfiyyətdə hazırlanaraq sifarişçiyə və ictimaiyyətə təqdim olunur.
Bir faktı da qeyd edək ki, cari ildə Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzi yaradılmış, iyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, müstəqillik illərində Naxçıvanla bağlı çap olunmuş elmi ədəbiyyatlar, oxunması zəruri olan kitablar, Yazıçılar Birliyi üzvlərinin əsərləri, müxtəlif bədii ədəbiyyatlar, dəftərxana ləvazimatları, müəllimlər üçün dərs planları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər, məktəbli kitabçaları, ümumilikdə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş 15 minə yaxın məhsul satışa çıxarılmışdır. Həmçinin burada “Nəşriyyat xidmətləri” bölməsi yaradılmış, mətbəə işlərinin görülməsi üçün çoxfunksiyalı çap avadanlıqları qoyulmuşdur. Mərkəzdə 3 nəfər işlə təmin olunmuşdur.
Elə mən və həmkarlarımın hazırladığı materialların nəşri də gözümün qabağında gedən proses kimi məni qürurlandırır. Yazılarımızın qəzetin səhifələrinə köçürülməsi bir çox proseslərdən keçir və mətbəə əməkdaşlarının zəhməti sayəsində oxucuların görüşünə gəlir. Belə ki, redaksiyamızda hazırladığımız materiallar kompüterdə yığılıb dizayn edildikdən sonra “PDF” formatında nəşriyyata təqdim edilir. Burada ən müasir poliqrafiya avadanlıqları ilə müvafiq dizayn, rəngayırma, qatlama və digər proseslərdən keçir və sonra əvvəlcədən müəyyən olunmuş tirajda çap olunur. Xüsusilə qəzet səhifələrinin nəfis tərtibatda və keyfiyyətlə nəşr olunması burada çalışan əməkdaşlardan yüksək diqqət tələb edir və çap prosesi, əsasən, günün sonundan gecə saatlarınadək davam edir. Min bir zəhmət, diqqət və böyük məsuliyyət hissi ilə ərsəyə gələn qəzetlər səhər tezdən abunəçi ünvanlarına çatdırılır. Həmçinin kitab və jurnalların nəşri də ən müasir tələblər əsasında və keyfiyyətli şəkildə aparılır. Buradakı müasir avadanlıqlar kitabların bir neçə variantda və minlərlə tirajda nəşrinə imkan verir. Əvvəllər çətin və uzun zaman tələb edən kitab nəşri indi bu avadanlıqlar sayəsində daha keyfiyyətli və qısa zaman çərçivəsində işi başa çatdırmağa imkan verir.
Bu gün 100 yaşını böyük qürur və saysız uğurlarla qeyd etdiyimiz “Şərq qapısı” qəzetinin hər səhifəsinin ərsəyə gəlməsində bizimlə çiyin-çiyinə çalışan “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fədakar kollektivinin də danılmaz əməyi var. Mətbəəmiz redaksiya heyətinin hər bir əməkdaşı üçün çox doğmadır. Eyni inzibati binada fəaliyyət göstərməyimiz bizi bir kollektiv kimi daha sıx bağlayır. Elə amalımız da fəaliyyətimiz kimi birdir: dövlətçiliyimizə, onun ideyalarına sədaqətlə xidmət etmək. Bu yolda kollektivin hər bir üzvünə uğurlar diləyi ilə...

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR