24 Aprel 2024, Çərşənbə

“Şərq qapısı” – 100

Ön söz yerinə

Hər zaman düşünmüşəm ki, həyatımızda var olan və varlığımızı davam etdirməyimizdə rol oynayan hər nəsnənin bir həyatı vardır. Bu, anamız, atamız da ola bilər, yediyimiz-içdiyimiz də ola bilər, geyindiyimiz, gördüyümüz də ola bilər, oxuduğumuz, yazdığımız da ola bilər. Təkcə elə sadaladıqlarımdan ata-anamız bizim dünyaya gəlməyimizdə rol oynayırsa, yeyib-içdiklərimiz bioloji varlığımızın inkişafına təsir edir, geyindiklərimiz iqlimə qarşı dözümlülüyümüzü təmin edirsə, gördüklərimiz baxış pəncərəmizi formalaşdırırsa, oxuduqlarımız dünyagörüşümüzü artırırsa, yazdıqlarımız da özümüzü ifadə etməyimizə şərait yaradır. Beləcə, həyatımızda rol oynayan sadalamadığım bir çox ünsür və məqamlar bizi var olduğumuz müddətcə daha kamil bir şəxsiyyət olmağa gətirib çıxarır. Demək ki, onların da bir həyatı var.

 

Cavanlar həyatının füqəra səsi məhz
Şərqin qapısında yol kimi öz təsdiqini tapdı

Düşünün ki, 100 yaşınız var. Bu birəsrlik yolu qət edərkən hansı mərhələlərdən keçdiyinizi də gözünüz önünə gətirin. İndi mən ömrünün yüzilliyini tamamlayan birinin həyatını düşünürəm: “Şərq qapısı” qəzetinin. Ulu əcdadı “Əkinçi” olan qəzet “Cavanlar həyatı”yla ilk cavanlığını yaşamağa başlamışdı. Amma həyatın qanunauyğunluqları onu da ilk günlərdən zəhmətə qatlaşmağa məcbur etmişdi. Beləcə, “Füqəra səsi”nə çevrilmişdi. Bir füqəranın həyatı asan və rahat olmadığı üçün səsi də bir əsr əvvəldən öz ötkəmliyini sübut edə bilmiş, hətta bir əsr sonraya da gəlib çatacaq avazını hamıya eşitdirməyi bacarmışdı. Əziyyətinin və zəhmətinin nəticəsində yola çevrilmişdi. Yola çevrilə bilmək heç kimə asan gəlməsin. Yola çevrilə bilmək üçün iz olmalısan, cığırın görünməlidir. Cavanlar həyatının füqəra səsi məhz Şərqin qapısında yol kimi öz təsdiqini tapmağı bacardı, “Şərq qapısı”na çevrildi. Yolunu tapdığından təlaşa düşənlər onu ideologiyanın əsgəri donunda təqdim etməyə çalışdılar: “Sovet Naxçıvanı” qəlibinə salmağa cəhd edib, bu ad altında göstərdilər. Amma qəzet özünün ən milli və ən məhsuldar dövrünü məhz bu adın altında cəsarətlə göstərməyə nail oldu. Hələ onu rus dilində də danışdırdılar. Hansı dildə danışmasından asılı olmayaraq, o özünü Azərbaycan düşüncəsində təqdim etdi. Ötən əsrin son onilliyində isə böyük bir ideologiya ölkəsinin ilk müstəqil qəzetinə çevrilərək yenidən öz doğma adına qovuşdu – “Şərq qapısı” kimi yenidən Şərqdə yazı adamlarının üz tutduğu qapıya çevrildi.

Mənim ilk qəzetim: Gəmiqaya daşları

Niyəsə bu yerdə “Günəş Şərqdən doğur” məşhur ifadəsi yaddaşımı döyəcləyir. Bəli, Günəş Şərqdən doğur. Dünya tarixində bir çox kəşflər, icadlar, insan həyatını asanlaşdıran, ona istər mədəni, istər iqtisadi, istərsə də intellektual baxımdan xidmət edən əksər kəşflər məhz Şərqin payına düşür. Şərqdən doğur. İlk yazıları xatırlayıram. Mixi yazılarını... Orxon-Yenisey daş kitabələrini... Onlar, sizcə, bizim ilk qəzetlərimiz deyildimi? Çox uzağa getdim, deyəsən. Bir addımlığımızda Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya ətəklərində ətrafa səpələnmiş daşlar üzərindəki yazılar, piktoqrafik şəkildə ifadə edilən ideolojik mətnlər, sizcə, ilk qəzet deyilmi? Nədir ki, qəzet? Bu günün hadisələri və bugünkü düşüncələrimiz haqqında sabah nəşr olunacaq səhifələrində oxuculara, yüzlərə, minlərə, milyonlara xəbər çatdırma, fikir bildirmə arzusu deyilmi qəzet? Nuhun gəmisindən enən insanların daşlara cızdıqları nə idi bəs? Bu deyildimi? Tufan boyunca keçdikləri yolu özlərindən sonra gələn nəsillərə çatdırma arzusu, istəyi deyildimi? Yaxud Nuhun səfər yoldaşlarının ilk günlərdə qarşılaşdıqları mənəzərələri daş üzərində həkk etmək istəklərini ideolojik mətnlər adlandırsaq, səhvmi etmiş olarıq?! Qətiyyən yox. Beləcə, ibtidai insanın müasir dövrün termini ilə adlandırdığımız qəzeti həmin daşlar ola bilməzdimi? Bir haşiyə çıxıb fikrimi daha dolğun ifadə etmək üçün keçmişlə gələcəyi müqayisələndirək. Bu gün internet əsrində sayt jurnalistikası, elektron qəzet ifadələri işlədilirsə, niyə də keçmişdəki həmin mətnləri daş qəzetlər adlandırmayaq!?
Mənim ilk qəzetim Nuhçıxanda, Gəmiqaya ətəklərində, Qaranquş yurdunda ilk redaktorluğunu Nuh Peyğəmbərin etdiyi həmin o daş yazılardır. O daş yazılar ki bir zamanlar, bəlkə də, böyük bir qayanın üzərində yazılmışdı. Sonralar təbiətin amansızlığına məruz qalaraq parçalanmış, ətrafa səpələnmiş, dağılmışdır. Qəzet şəklində düşünüb ifadə etsək cırılıb, parçalara bölünmüşdür. Əgər Gəmiqayadakı o daşları həssaslıqla birləşdirib bir-birinə yapışdıra bilsək, birsəhifəlik mətndən ibarət olan dünyanın ilk qəzetini daha rahat və ardıcıl mətn kimi oxuya bilərik.
Bəşəriyyətin ikinci atası Nuh bəşəriyyətin birinci qəzetinin də redaktoru idi. Həm də o qəzet Şərqdə ortaya çıxmışdı. Nuhçıxanda – Naxçıvanda. Eyni zamanda qapı rolunu da oynamışdı. Yuxarıda YOLdan danışmışdım. QAPI da yolun ya əvvəlidir, ya da sonu. “Şərq qapısı”ndakı QAPI Nuhun açdığı yolun başlanğıcı idi. Yeni bir dünyaya, yeni bir həyata, yeni bir mədəniyyətə, yeni bir başlanğıca açılan qapı. Beləcə, “Şərq qapısı” ŞƏRQ amili ilə QAPI məqamını özündə ehtiva etməklə adını doğrultmaq üçün ətrafına qələmlər – qədəmlər, imzalar – insanlar cəlb etməyi bacardı. O qədəmli insanların, qələmli imzaların sayəsində “Şərq qapısı” 100 yaşlı qocaman bir tarix kitabı kimi ağıryüklü sanbal mənbəyinə çevrildi. Yüz ildə yüzillikləri öz səhifələrində əks etdirməyə nail oldu. Burada daha bir haşiyə çıxmağa, həm də geniş bir haşiyə çıxmağa ehtiyac var:

Son əsrin son rübü

Bəlkə də, dörd sözdən ibarət oldu haşiyəm. Lakin son əsrin son rübü “Şərq qapısı” üçün çox böyük əhəmiyyətə malik olan dövrü özündə əks etdirir. Əsl mənada, 100 yaşlı qocanın ömrünün ən rəngarəng illəri məhz bu dövrə təsadüf etdi. Təkcə qəzetin sanbalının artmasını nəzərdə tutmuram. Burada texnologiya əsrinin tələblərinə uyğun olaraq müasir avadanlıqlarla təminat, yaxşı iş şəraiti, yeni bina, yeni çap ləvazimatları, rəngli səhifələr, yeni format, hərtərəfli qayğı ilə təmin olunmuş yeni imzalar və bir çox yeniləri sadalamaq olar ki, onların hamısı məhz son əsrin son rübünün açıq-aydın görünən və hiss edilən uğurlarının nəticəsidir. Bunların hamısı qəzetə dövlət diqqətinin artırılması, imzalanmış dövlət sənədlərinin rolu ilə mümkün oldu. Bu diqqət və qayğı sayəsində yüz yaşını təmtəraqla qeyd etməyə hazırlaşan “Şərq qapısı” 100 yaşlı qocadan daha çox birin yüzə əmsalı ilə götürsək, məncə, ömrünün ilk doğum gününü qeyd etməyə hazırlaşan ən xoşbəxt biri təsiri bağışlayır. Əslində, elə belə də olmalıdır. Gələcək nəsillər onun 200 illiyində iki yaşını, 300 illiyində üç yaşını, bu ardıcıllıqla 500-də beş yaşını, 1000-də on yaşını da qeyd edəcəklər. Neçə yaşının qeyd olunmasından asılı olmayaraq, bir yaşını – bir əsri geridə qoyan qəzetin yubileyinə şahidlik edənlər kimi bizim bəxtimizin də gətirdiyini və xoşbəxt insanlar olduğumuzu etiraf etməliyəm.

Ən böyük və ən açıq tribunam

Özümü bu xoşbəxt insanların cərgəsində görməkdən olduqca məmnunam. Həm də ona görə ki, “Şərq qapısı” qəzeti mənim əmək fəaliyyətimin başlandığı yerdir. “Şərq qapısı” qəzeti mənim ilk qazancımda imzası olan yerdir. “Şərq qapısı” qəzeti mənim formalaşmağıma ən çox təsir göstərən amildir. Bəlkə də, “Şərq qapısı” redaksiyasına gələnədək əlimdə qələm var idi. Lakin o qələmimin itiləşməsində, kəsərinin artırılmasında, sözümün daha geniş auditoriyaya çatdırılmasında, düşüncələrimin insanlara təlqin edilməsində “Şərq qapısı” ən böyük və açıq tribuna oldu.
Bu yazını qələmə alarkən arxivimdəki qəzetləri gözdən keçirdim. Səhifələdim, yazılarımın kataloquna göz atdım. İlk dəfə 2002-ci ilin oktyabr ayında adımın bir xəbər materialında çəkildiyi bu qəzetin səhifələrində minə yaxın “Elxan Yurdoğlu” imzasının var olması da məhz “Şərq qapısı” məktəbində aldığım dərslərin nəticəsidir, “Şərq qapısı” müəllimliyinin tələbkarlığıdır, “Şərq qapısı” doğmalığının təəssübkeşliyidir, “Şərq qapısı” böyüklüyünə ərkyanalığımdır, “Şərq qapısı” ocağına inamımdır.
2003-cü ilin avqust ayında “Bu yola çıxmışıqsa, yükümüz ağır olacaq” adlı yazıyla çıxdığım yolda yüküm nə qədər ağır olsa da, əlimdən “Şərq qapısı” kimi qüdrətli birinin yapışması bu yük qarşısında çətinlik çəkməyəcəyim inamını da təlqin edirdi.
Bu qəzetdə dörd ildə dörd ayrı vəzifədə çalışdım. Müxbir kimi işə başladığım “Şərq qapısı”nda şöbə müdiri, məsul katib müavini, məsul katib vəzifələrinə irəli çəkildim. İstər müxbir, istər şöbə müdiri, istər məsul katib müavini, istərsə də məsul katib işlədiyim dövrdə iki ayrı redaktorla, onlarla peşəkar və gənc qələm sahibləri ilə birlikdə çalışdım. Muxtar respublikanın salnaməsi olan qəzetin əvvəlki illərdə nəşr olunmuş nömrələrini maraqla səhifələdim, qəzetin özünəməxsus qoxusunu tarixin məlumatları və illərin tozu ilə birlikdə ciyərlərimə çəkdim. 23 yaşlı gənc jurnalist kimi yoluma işıq tutan qəzetin yazılarında Naxçıvanın, muxtar respublikamızın, onun paytaxt şəhərindən ucqar kəndinə kimi olan hər bölgəsinin keçmişini müşahidə etmək, müqayisə etmək, nəticələr çıxarmaq mənə həm yol göstərirdi, həm qələmimi püxtələşdirirdi, həm düşüncələrimi formalaşdırırdı, həm baxış bucağımı genişləndirirdi, həm də biliklərimi artırır, məlumat bazamı qəzetin tarixiylə birlikdə tarixin yaşı qədər genişləndirirdi.

Qəzetçi olmağın üstün tərəfləri

Qəzetçi olmağın üstün tərəfləri nədir? Qəzetçi olmaq hər bir insanın içində olan düşüncələrini, fikirlərini başqalarına da çatdırma imkanı əldə etmək deməkdir. Qəzetçi olmaq bəzən bir yazını sabahkı nömrəyə çatdırmaq üçün özünü yemək-içməkdən məhrum edib təkliyə çəkiləcək qədər fədakarlığa öyrətməkdir. Qəzetçi olmaq öz doğma dilinin hər bir kəlməsinə orfoqrafik cəhətdən daha kamil şəkildə bələd olmaq deməkdir. Qəzetçi olmaq ali təhsilinin hansı ixtisas olmasından asılı olmayaraq, bütün sahələr haqqında da ən incə məqamlarına kimi bilik yiyəsinə çevrilmək deməkdir. Qəzetçi olmaq iş saatının səhər doqquzda başlayıb axşam altıda bitməsi yox, başını yastığa qoyanda da növbəti yazılar haqqında düşünmək deməkdir. Qəzetçi olmaq bir yazının nöqtəsini qoyan kimi dərindən nəfəs dərməkdən daha çox, həmin nəfəs dərimində növbəti yazının ilk cümləsini qurmaq deməkdir. Qəzetçi olmaq əkinçiylə əkinçi, sahibkarla sahibkar, bağbanla bağban, əsgərlə əsgər, müəllimlə müəllim, məmurla məmur, alimlə alim olmağı bacarmaq deməkdir. Qəzetçi olmaq yağışda islanmamaq, şaxtada donmamaq, qarda üşüməmək, Günəşdə yanmamaq, qaranlıqda görmək, işıqda parıltıya aldanmamaq deməkdir. Qəzetçi olmaq korrektor olmaq, redaktor olmaq, naşir olmaq deməkdir. Qəzetçi olmaq iqtisadçı, ədəbiyyatçı, tarixçi olmaq deməkdir. Qəzetçi olmaq yorulmamaq, bezməmək, inadkarlıqla öyrənmək, könül açıqlığıyla oxumaq, xəsisliklə yazmaq deməkdir.

Hər əməkdaşdan nəyisə öyrənmək

Bütün bu sadaladıqlarımı özlüyündə əxz edən, öz varlığında cəmləməyi bacaran onlarla peşəkar jurnalistlə “Şərq qapısı” qəzetində birlikdə işlədiyim üçün özümü həddindən artıq şanslı və xoşbəxt biri kimi qəbul edirəm. Səxavət Kəngərlidən ictimai-siyasi hadisələri şərh etmə üslubunu mənimsəmək, Sevindik Həmzəyevdən milli-mənəvi dəyərlərə yanaşma tərzini öyrənmək, Cəfərqulu Paşayevdən kənd həyatı və aqrar mövzularda yazı səriştəsini əxz eləmək, Cəfər Kərimovdan təmkinli xarakterlə yanaşı, istənilən mövzudakı hər yazıya bədii publisistika qatmağı götürmək, Akif Axundovdan ədəbi-bədii təhlil bacarığını qazanmaq, Məhəmməd Fərəcovdan xəbər yazma qabiliyyəti əldə etmək, Allahverdi Aqildən kənar əməkdaşlarla işləmə və rəftar etmə mədəniyyətini müşahidə etmək, Məmməd Məmmədovdan siyasi publisistika dərsi almaq, Muxtar Məmmədoğludan redaktə üslubunu götürmək, Məhəbbət Mirzəyevadan qəzetin tərtibatçılığını öyrənmək mənim üçün bu gün də minnətdarlıqla və məmnuniyyətlə xatırladığım “Şərq qapısı” məktəbində aldığım qəzetçilik dərsləri oldu.
Təkcə təcrübəli jurnalistlərdən nə isə öyrənmədim. Eləcə də gənc həmkarlarımdan, hətta texniki işçilərdən də öyrəndiklərim oldu. Şərəf Mənsumovadan həm dinləməyi, həm də sürətlə düzgün yazmağı, Ziya Məmmədovdan kompüter bilikləri ilə yanaşı, səhifələri elektron şəkildə dizayn etməyi, Əsəd Səfərovdan fot­o­obyekti götürərkən mövqe seçmə bacarığını da mən “Şərq qapısı” sayəsində öyrəndim.
Bütün bunlar üçün sənə minnətdaram, 100 yaşlı qocaman tarix kitabı. Hələ də sənin səhifələrində mütəmadi olaraq yazılarımı çap etdirmək, imzamı görmək, adımı oxumaqdan aldığım mənəvi zövqün tərifini ifadə etmək bu qədər söz deməyimə baxmayaraq, çox çətindir. Bəlkə də, bunu müqayisə etsəm, doğulduğum evə, ilk addımımı atdığım həyətə hər dəfə gedərkən yaşadığım hissləri nümunə çəkə bilərəm. Axı sən mənim ilk əmək fəaliyyətinə başladığım yersən, həyatın hərtərəfli mövzularına qarşı gözümü açmağımın səbəbkarısan.

Son söz yerinə,
yaxud xoşbəxt kollektivə dost təbriki

Yazımın sonunda bu il yüz illik yubileyi tamam olan doğma qəzetim(iz)də çalışan hər kəsi ən səmimi arzularla təbrik edirəm. Siz xoşbəxtsiniz ki, bu gün bir əsri geridə qoyan qəzetin hazırkı əməkdaşlarısınız. Bu mənada, sizi ən xoş həsədlə qısqandığımı da bilməyinizi istərdim.
Bu yüz il ərzində “Şərq qapısı” ilə nəfəs alan, onun hər nömrəsini maraqla gözləyən, ən kiçik yazısından, ən böyük materialına kimi oxumaqdan həzz alan, qəzetin nəşr olunmasında ən böyük pay sahibi olandan ən kiçik xidməti olana kimi hər kəsi təbrik edirəm.
Günlərdir, yazmağa çalışdığım yazımı yenə də ürəyimdəki dopdolu sözlərin, fikirlərin, arzuların hamısını ifadə edə bilmədən yekunlaşdırıram.

Ey mənim doğma qəzetim, “Şərq qapısı!” Sən özündə min illəri əks etdirən yüzyaşlı əsərsən. Əsrin əsəri. Ömrün Şərqin qapısında əbədiyyən sürsün, avazın füqəra səsindən güc alıb həmişə ucalardan eşidilsin, yolun cavanların həyatı kimi çətinliklərdən qorxmadan daim irəliləsin.


Elxan YURDOĞLU
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə
keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR