21 Dekabr 2024, Şənbə

“Şərq qapısı” – 100

Naxçıvanda media siyasəti: dünən və bu gün

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda işlədiyi dövrdə bu diyarda informasiya blokadasını yarmaq üçün mühüm işlər həyata keçirdi, yerli və beynəlxalq media orqanları ilə əlaqələr qurulması uğrunda gərgin əmək sərf etdi. Bunun nəticəsində muxtar respublikada Azərbaycan Televiziyasının yayımı bərpa edildi, Naxçıvan dünyaya açıldı. Naxçıvan Televiziyasının yayımı və “Şərq qapısı” qəzetinin nəşri üçün sistemli tədbirlər həyata keçirildi. Ulu öndərin həyata keçirdiyi xilaskarlıq missiyasını öz səhifələrində əks etdirən “Şərq qapısı” qəzeti nəinki muxtar respublikada, eləcə də ölkəmizdə əl-əl axtarılan mətbuat orqanına çevrildi.


Məhz həmin illərdə yeni dövrün dövlət-mətbuat münasibətlərinin uğurlu nəticəsi olaraq kütləvi informasiya vasitələri Heydər Əliyev siyasətinin ardıcıl və düzgün həyata keçirilməsində üzərlərinə düşən səfərbəredici missiyanı layiqincə yerinə yetirməyə çalışdı. Bu həm də müasir Naxçıvan mətbuatının yaranması ilə nəticələndi.
Müstəqilliyin ilk illərindən bu günə qədər mətbuatın inkişafı ilə bağlı Naxçıvanda həyata keçirilən tədbirlərə nəzər salanda, sözün həqiqi mənasında, muxtar respublikada müasir və güclü mətbuatın formalaşmasında böyük işlər həyata keçirildiyini görürük. Mətbuata dövlət dəstəyi, jurnalistlərə hərtərəfli iş şəraitinin yaradılması, Naxçıvan Mətbuat Şurasının təsis edilməsi, Televiziya və Radio Şurasının yaradılması, Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul olunması, milli mətbuatımızın yaranmasının ildönümlərinin yüksək səviyyədə qeyd olunması, “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adının təsis edilməsi, işində fərqlənən jurnalistlərin əməyinin layiqincə qiymətləndirilməsi Naxçıvan mətbuatının inkişafı istiqamətində atılan mühüm addımların və diqqətin göstəricisi olmaqla, mətbuatımızın dünənki çətin mənzərəsinin bugünkü müasir inkişafa çevrilən yolunda hər birimizi canlı şahidə çevirib.
Artıq Naxçıvan bir zaman məkrli siyasət və təcavüz nəticəsində Ermənistan tərəfindən zorla salınan blokadanı informasiya baxımından çoxdan yarıb, düşmənlə aparılan informasiya savaşında cəbhəni bu istiqamətdə darmadağın edib. Əsl intibah dövrünü yaşayan Naxçıvan region mətbuatının da intibah dövrünə imza atıb. Azərbaycan mediasının güclü bir qolunu təşkil edən və “Şərq qapısı” qəzeti ilə təşəkkül tapan Naxçıvan mətbuatı bölgənin dünənini, bu gününü qəzetlərin səhifələrinə həkk edib.
Həmin illərin nəşrlərinə nəzər salanda Naxçıvan şəhərinin 8 kilometrliyində çıxan duzun mağazalarda tapılmamasından, bu yerlərdə qatarların nə şərqdən qərbə, nə də qərbdən şərqə getməməsindən, şəhər daxilində, küçə və yolların kənarında yaşıllıqların azlığından, təmir-bərpa işlərinin şəhər landşaftını pozmasından, əlaqədar təşkilatların biganəliyindən, dəftərsiz şagirdlərdən, yanacağın olmamasından, qış günlərində məktəblərin normal fəaliyyət göstərməməsindən, qırışığı açılmayan uşaqlardan, iqtisadi həyatın pozulmasından, material çatışmazlığından, mağazaların boş qalan vitrinlərindən, ərzaq qıtlığından, iqtisadi və mənəvi zərərlərdən bəhs edən çoxlu sayda yazılar görə bilərik. Bütün bunlar həmin dövrün acı gerçəkləri, danılmaz reallığı idi...
Aradan ötüb keçən zaman isə həmin mənzərəni və mətbuatın haqqında bəhs etdiyi mövzuları tamamilə dəyişdirdi. İndi mətbuat qeyrətli oğullarının Vətən müharibəsindəki şücaət və qəhrəmanlıqlarından, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizindən, Azərbaycanı Türkiyə ilə bağlayacaq Qars-İqdır-Naxçıvan dəmir yolundan, muxtar respublikanın yaşıllıq zolaqlarından, ən ucqar kəndlərdə belə, tikilmiş müasir təhsil ocaqlarından, pulsuz dərs vəsaitləri ilə təmin olunan şagirdlərdən, mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan müasir inzibati, tədris və yaşayış binalarından, müasir yol-nəqliyyat infrastrukturundan, sənaye müəssisələrindən, ərzaq və qeyri-ərzaq məhsulu istehsalından, ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasından, bu torpaqların ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsindən fəxr və qürurla bəhs edir...
Bu gün muxtar respublikanın müasir mənzərəsini tərənnüm etməklə yanaşı, 400-ə yaxın üzvü ilə informasiya müharibəsi aparan Naxçıvanın media ordusu tənqiddən təqdirə qədər çətin və şərəfli bir yol keçərək bu günün mənzərəsini, inkişafı, tərəqqini tarixə çevirərək salnamələşdirir.

Mətbuatın təkanverici qüvvəsi: dövlət qayğısı

Ulu öndərin Naxçıvandan başlatdığı, digər sahələrlə yanaşı, mətbuatı da əhatə edən müdrik siyasətinin Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublika mətbuatı yeni inkişaf mərhələsinə qovuşub. İctimai həyatın bütün sahələrinin yeniləşdirilməsi cəmiyyətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsini, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir. Bu sahədə atılan ilk addım Ali Məclis Sədrinin 2000-ci il martın 29-da “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı Sərəncam oldu.
2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı müvafiq sahənin inkişafı üçün dövlət qayğısının daha bir nümunəsinə çevrildi.
Naxçıvan Televiziyasına yeni çəkiliş avadanlıqlarının alınması, Naxçıvan Televiziyasının saytının, “Nuhçıxan” İnformasiya Agentliyinin və “Şərq qapısı” qəzetinin internet saytlarının təkmilləşdirilməsi, “Kanal 35” televiziyasında yeni avadanlıqların quraşdırılması kütləvi informasiya vasitələrinin müasir tələblərə cavab verəcək şəkildə təmin olunması üçün həyata keçirilən dövlət siyasətinin hərəkətverici qüvvəsi oldu. Bu illər ərzində Naxçıvan teleradiosunun müstəqil kanalda yayımlanmağa başlaması, analoq yayımın yüksəkkeyfiyyətli rəqəmsal yayımla əvəzlənməsi, Naxçıvan Televiziyasının ölkəmizdə ilk dəfə olaraq HD formatda yayıma keçməsi həyata keçirilən məqsədyönlü işlərin əyani təzahürünə çevrildi.
Mətbuat sahəsində həyata keçirilən dövlət siyasətinin daha bir nümunəsi Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, fondun əsasında Medianın İnkişafı Agentliyinin, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, təhsillə bağlı teleradio proqramlarının yayımını təmin etmək məqsədilə “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun Təhsil Nazirliyinin tabeliyinə verilməsi televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsinə, muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin başlamasına təkan verib.

Mətbuatın dostu

Müstəqillik tariximizdən ötən illər Naxçıvan tarixində yeni bir səhifə – Naxçıvanın blokada illərində sürətli inkişafı səhifəsini açdı. İlk dəfə olaraq məhz Naxçıvan dünya tarixində və təcrübəsində blokada şəraitində yaşayaraq inkişaf etmənin modelini yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov isə bu unikal modelin müəllifi olmaqla yanaşı, həm də mətbuatın ən yaxın dostu kimi tanındı. Mətbuat işçiləri ilə keçirilən müşavirələrin birində Ali Məclisin Sədri kütləvi informasiya vasitələri qarşısında duran vəzifələrdən bəhs edərkən demişdir: “Televiziya, radio və qəzetlər fəaliyyətlərini üç əsas prinsip üzərində qurmalıdırlar. Onlar keçmişimizi yaşatmalı, bu günümüzü əks etdirməli, inkişafın gələcək yolunu göstərməlidirlər”.
Hər dəfə jurnalistlərlə görüşən Ali Məclisin Sədri təkcə onların fəaliyyətini təhlil etmir, həm də onlar üçün proqram şəklində yaradıcılıq istiqamətləri də göstərir, tövsiyələrini verir. Muxtar respublika rəhbərinin çıxışlarında, tövsiyə və tapşırıqlarında səsləndirdiyi fikirlər də Naxçıvanın gələcək inkişafı ilə bağlı yazan jurnalistlər üçün ən yaxşı tezislərdir.
Naxçıvan mediası bu gün nəinki region, hətta dünya təcrübəsində də nümunəvi bir modeldir. Ötən müddətdə aparılan uğurlu media siyasətinin müəllifi olan Ali Məclisin Sədri həm də bu sahədə yüzlərlə qələm sahibinin yetişib formalaşmasının əsas səbəbkarı və himayədarıdır.
Naxçıvan Mətbuat Şurasının 2010-cu il 14 yanvar tarixdə keçirilən yığıncağında idarə heyətinin mətbuatla sıx əlaqəsinə və mətbuatın inkişafındakı xüsusi xidmətlərinə görə Ali Məclisin Sədrinə “Mətbuatın dostu” fəxri adının verilməsi haqqında qərar qəbul etməsi və bu mükafatın təqdim olunması mətbuat işçilərinin öz himayədarına bəslədiyi rəğbətin təzahürüdür.

İnformasiya təhlükəsizliyinə gedən yol

Bu gün Naxçıvan dünya əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm informasiya məkanına çevrilib. İnformasiya məkanında əsas məsələlərdən biri də məhz informasiya təhlükəsizliyinin təmin edilməsi, fasiləsiz informasiya axınının rəqabətqabiliyyətliliyinin qorunub saxlanılmasıdır. Bu işdə teleradio və qəzetlərin, eləcə də “Nuhçıxan” İnformasiya Agentliyinin və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.
Müasir dövrdə internet mediası və sosial şəbəkələr istənilən sahədə ictimai fikri yönləndirən əsas vasitəyə çevrilib. Kütləvi informasiya vasitələrinin yüz minlərlə izləyicisi olan aktiv sosial şəbəkə hesabları yaradılıb. Sosial şəbəkələrdə yayılan məlumatlar qısa müddətdə böyük ictimai rəy formalaşdırır. Ona görə də jurnalistlər sosial şəbəkələrin imkanlarından məqsədyönlü istifadə etməlidirlər. İctimaiyyətə çatdırılan hər bir informasiya dəqiq və əsaslı olmalıdır. Jurnalist peşəkarlığının əsas şərti də onun mötəbər mənbələrə istinad etməsindədir. Düzgün informasiyaların yayılması, səmərəli təbliğat və təşviqat mexanizminin müəyyənləşdirilməsi medianın əsas fəaliyyət istiqamətidir. Muxtar respublika KİV-lərinin ölkə və dünya mediası ilə səmərəli əməkdaşlıq qurulması informasiya təhlükəsizliyinin davamlı təmin olunmasına xidmət edir.
Bu gün Naxçıvan Muxtar Respublikası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanmaqla və ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləməklə təkcə ərazi-iqtisadi blokadasını deyil, informasiya blokadasını da aradan qaldırmaqda nümunə gücünə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarıb. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır.”

Davamediciliyin təminatı: kadr hazırlığı

Mətbuatın inkişafından danışarkən kadr hazırlığı məsələsi, xüsusilə qeyd olunmalıdır. Çünki keyfiyyət dəyişikliyinə yalnız peşəkar kadr təminatı yaratmaqla nail olmaq mümkündür. Bu səbəbdən də teleradiolar, eləcə də “Şərq qapısı” və rayon-şəhər qəzetləri Jurnalistika ixtisası tələbələrinin teleradio və qəzetlərdə fəaliyyətinə hərtərəfli şərait yaradır, istedadlı gənclər seçilərək işlə təmin olunur.
2001-ci ildən Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası fəaliyyət göstərir. Jurnalistika ixtisasının yaradıldığı ötən 20 il ərzində bu ixtisasın məzunları muxtar respublikanın müxtəlif kütləvi informasiya vasitələrində çalışaraq müasir mətbuatın formalaşmasına və inkişafına öz töhfələrini veriblər. 2011-ci ildə universitetdə yaradılmış “Media mərkəzi”nin imkanlarından səmərəli istifadə olunur. Burada fəaliyyət göstərən “Universitet” televiziyası, “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzetində gənc jurnalistlər peşələrinin sirlərinə əyani şəkildə yiyələnirlər.
Ali Məclis Sədrinin müvafiq sərəncamlarına əsasən Jurnalistika ixtisası Naxçıvan Teleradiosuna və “Şərq qapısı”na hamiliyə verilib. Tələbələrin iştirakı ilə keçirilən görüşlər, onların yaradıcılıq işində birbaşa iştirakı yaxşı kadr kimi formalaşmalarında xüsusi əhəmiyyət daşıyır. Beləliklə, bu mətbuat orqanları müvafiq ixtisasda təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişafı, eyni zamanda onların gələcəkdə peşəkar kadr kimi formalaşması və kütləvi informasiya vasitələrinin kadr potensialının yaradılması işində birbaşa iştirak edirlər.
Mətbuata qayğı gənc jurnalistlərin yetişməsi sahəsində də uğurların qazanılmasına səbəb olub. Bu gün mətbuat orqanlarında çalışanların əksəriyyətini gənclər təşkil edir. Onu da qeyd etmək lazımdır ki, dövlət teleradio və mətbuat orqanlarına, mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət təşkilatlarının mətbuat xidmətlərinə işçilərin müsabiqə əsasında qəbul edilməsi də ixtisaslı kadr hazırlığına əlverişli imkan yaradır.

Naxçıvan mətbuatı: qlobal şəbəkədən yayım

İnformasiya blokadasının yarılması və qlobal şəbəkədən yayımın başlanması, Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin internetə çıxışı ən vacib məsələlərdən biri kimi qarşıda dururdu. 1999-cu ildə Naxçıvan Kompüter Mərkəzində internetə qoşulma imkanının əldə olunması, 2003-cü ildə nakhchivan.az, 2006-cı ildən etibarən nakhinternet.az provayderinin fəaliyyətə başlaması Naxçıvanın informasiya blokadasının yarılması istiqamətində atılan mühüm addımlar idi. 2005-ci ilin iyun ayında Naxçıvan Trans-Asiya-Avropa fiber-optik magistral xəttinə qoşulmaqla informasiyanın daha sürətli axınını təmin etmək imkanı əldə etdi və Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan: problemlər və həllər” mövzusunda ilk elmi-praktik konfrans keçirildi. Azərbaycanda ilk dəfə Bakı-Naxçıvan arası videokonfrans bağlantısının qurulması ilə tarixi əhəmiyyətli bir hadisəyə imza atıldı. Müxtəlif illərdə keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan həqiqətlərinin dünyaya çatdırılması, qlobal informasiya məkanına qoşulması istiqamətində mühüm rol oynadı.
2010-cu ildə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin yaradılması ilə müasir, etibarlı internet saytlarının qurulması istiqamətində də muxtar respublikada zəngin təcrübə qazanmağa, bacarıqlı mütəxəssislər formalaşdırmağa imkan verdi. İndi ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilir. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə bütün muxtar respublika ərazisində sürətli 4G internet xidmətindən istifadə etməyə şərait yaratdı.
Naxçıvanın informasiya müharibəsində mühüm addımlarından biri 2012-ci ildə www.serqqapisi.az internet ünvanının yaradılması idi. 2016-cı il oktyabr ayının 17-də isə Naxçıvan Televiziyasının internet saytının istifadəyə verilməsi və televiziyanın internet üzərindən yayımının təmin olunması diyarımızın informasiya blokadasının yarılması yolunda ən böyük addım oldu.
2018-ci ildə Naxçıvan Muxtar Respublikasının ilk rəsmi informasiya agentliyi – “Nuhçıxan” İnformasiya Agentliyi və onun nuhcixan.az saytı fəaliyyətə başladı. 2018-ci ilin noyabr ayından Naxçıvan Radiosunun “YouTube” kanalı üzərindən canlı yayımının təşkil edilməsi radioya minlərlə dinləyici auditoriyası qazandırıb. serqqapisi.az, nuhcixan.az, ntv.az saytlarında gün ərzində davamlı informasiyalar, videomateriallar, fotolar və müəllif yazıları yerləşdirilir, sosial şəbəkələrdəki səhifələr mütəmadi olaraq yenilənir, informasiya yükü artırılır.

Son söz əvəzi

Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan mətbuatı böyük inkişaf yoluna qədəm qoyub. İstər müasir avadanlıqlar, istərsə də geniş yaradıcılıq imkanları jurnalistlərə muxtar respublikanın bugünkü inkişafının təbliğatçısı olmağa əsas verir. Nuhdabandan başlayan bəşər sivilizasiyasına Naxçıvan Muxtar Respublikası haqqında dolğun informasiyanı qlobal şəbəkə üzərindən çatdırmağa qadir olan Naxçıvan mətbuatı tarixi prosesin davamı və Naxçıvanın informasiya blokadasını çoxdan yarmış kütləvi informasiya vasitələri sistemində intibahın təzahürüdür.

Məmməd BABAYEV
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə
keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR