21 Dekabr 2024, Şənbə

“Şərq qapısı” – 100

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı qədim diyarın ilk mətbuat orqanının öyrənilməsində tədqiqatçılar üçün yeni mərhələ açmışdır. Bunu nəzərə alaraq məqalədə qəzetin ilk yubiley nömrəsi haqqında bəhs etmək istəyirik.

 

100 illik inkişaf yolu keçən “Şərq qapısı” qəzetinin indiyədək bir çox yubiley nömrələri çap olunmuşdur. Qəzetin ilk yubiley nömrəsi onun 100-cü sayının işıq üzü görməsinə həsr edilmişdir. 100-cü nömrənin çap olunması üçün əvvəlcədən ciddi hazırlıq işləri aparılmışdır. Bu münasibətlə qəzetdə bir neçə dəfə elanlar verilmişdir. 1925-ci ilin fevral ayında çıxan 16-cı və 18-ci nömrələrində dərc olunan elanda yazılırdı: “İdarədən. İş bu sənə mart ayının 23-də “Şərq qapısı” qəzetinin 100-cü nömrəsi tamam olduğu üçün xüsusi olaraq yubiley nömrəsi çıxacaqdır. Bina əleyhə əskidə və hazırda qəzetəmizdə iştirak edən müxbir və yazıçılarımızın xatirat və qəzetəmiz haqqında başqa məktub və məqalələrini gözlüyoruz. Materiallar mart ayının 18-nə qədər qəbul olunacaqdır”.
Qəzetin 100-cü nömrəsi elanda göstərildiyi kimi martın 23-də yox, 31-də işıq üzü görmüşdür. Bu nömrədə Məhəmməd Rasizadə, Xəlil Fikirli, Lətif Hüseynzadə, Nemət Bəsir, Əvəz Sadıq, Lətif Helmi, Ələkbər Quliyev, Həmid Sultanov, Məhəmməd Qazızadə, Əli Əsgərovun dərc olunan “Yüz nömrə”, “Şərq qapısı” yüksəldikcə”, “Şərq qapısı” qəzetəsinin 100-cü nömrəsi münasibətilə”, “Naxçıvan və mətbuat”, “Tarixi bir gün”, “Böyük səadət”, “Müvəffəqiyyət”, “Qəzetə nə deməkdir”, “Təbrikə layiq bir gün”, “Şərq qapısı” və gənclər”, “Qəzetəmizin 100-cü nömrəsinə ithaf” kimi məqalə, şeir, xatirə və təbriklərdə “Şərq qapısı”nın yaranması və dörd ilə yaxın bir müddətdə keçdiyi inkişaf yolu haqqında çox dəyərli məlumatlar vardır.
Yubiley nömrəsində “Şərq qapısı” yaranandan bəri onun nəşrində fəal iştirak edən müxbir, jurnalist, dövlət nümayəndələri və texniki işçilərin fotoşəkillərinin verilməsi həmin illərdə qəzetin təşəkkülü və inkişaf yolu haqqında geniş təsəvvür yaradır.
Fotoşəkillər belə qruplaşdırılmışdı: Qəzetin rəhbərləri Əhməd Haşımov, Həmid Sultanov, müdiri-məsul və onun müavini Həmid Mahmudov, Abbas Gülməmmədov, katib Məhəmmədov, daimi yazarlar Məhəmməd Ənnağıyev, Əli Həsənzadə, Fərəməz Mahmudbəyov, Hacı Dadaşov, Məhəmməd Rasizadə, Abbasqulu Əlyarov, Əlisəttar Qılmanov, qadın müxbirlər Rübaba Sadıqova, Anna Xarlamova, İrəvanda qəzetin yayılmasında çalışan Əkbər Rzayev, kəndli müxbirlər Bağır Əsgərov, Həsən Abbasov, Əhməd Səfərzadə, İbadulla Axundov, Tağı Camalov, Əliqulu Cəfərov, Ramazan Əliyev, gənc müxbirlər Nemət Novruzov, Məhəmməd Qazızadə, Lətif Helmi, Ağabala Axundov, Xəlil Fikirli, Məhəmməd ağa Axundov; mətbəədə iş zamanı; mətbəədə qəzet hazır edilərkən.
“Şərq qapısı”nın 100-cü nömrəsinin çıxması münasibətilə yazdığı “Müvəffəqiyyət” adlı məqaləsində Ə.Sadıq qəzetin qazandığı uğurlardan söz açır və bu uğurları qoruyub artırmaq üçün vətəndaşların köməyinə ümidvar olduğunu bildirirdi: “Yüz nömrədə qəzetimiz müxtəlif şəkillərdə olaraq birisi o birisindən daha islah edilmiş, daha müntəzəm bir surətlə çıxacağına olan ümidini indidən təmin ediyor. Gözlənilən ümidi əldən qaçırmamaq üçün ölkəmizin bütün vətəndaşlarının var qüvvələri ilə çalışmaqları lazımdır”.
“Şərq qapısı” qəzetinin 100-cü nömrəsi həmin qəzetin nəşri tarixini öyrənmək üçün ən etibarlı ilk mənbədir.

Fərman Xəlilov
AMEA Naxçıvan Bölməsi
Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR