21 Dekabr 2024, Şənbə

“Şərq qapısı” – 100

Ucudüyməli perolu qələmim,

poçt qutusu və poçtalyon Abdulla kişi

Ötən günləri xatırlayanda gözlərim önündə ilk anda məktəb illərində istifadə etdiyim ucudüyməli perosu olan qələmim canlanır. Bir də o illərdə kəndimizdəki “Kənd soveti” deyilən idarə binasının önünə vurulmuş poçt qutusu və ömrünün yeddinci on ilini yaşayan poçtalyon Abdulla kişi… Deyimmi, niyə? Ona görə ki, xatırladığım bu unudulmaz nüanslar, ömrümün ən əziz, ən mehriban illərindən qalan yadigarlardır.


...1968-ci ildə səkkizinci sinif şagirdi olduğum vaxt qış gecəsinin birində dağlar qoynunda yerləşən, hər bucağında bulaqlar çağlayan Şərur rayonunun Axura kəndinin əməksevər qızlarının tütün şitillərini becərmələri haqqında ucudüyməli perolu qələmimlə şagird dəftərinin vərəqinə yazdığım məqaləni zərfə qoyub poçt qutusuna atdım və poçtalyon Abdulla kişinin öz əlləri ilə qutunu açmasını, zərfləri götürüb çantasına qoymasını ürək çırpıntısı ilə izlədim. Və mənim keçirdiyim hisslərdən heç kimin xəbəri olmadı. Ancaq günlərin birində məktəbdən evə qayıdarkən yol boyunca adamlar məni təbrik edirdilər. Məqaləm “Şərq qapısı” qəzetində dərc olunmuşdu. Bir kənd uşağı, bir məktəbli üçün bundan böyük fərəh, sevinc ola bilməzdi. O gündən iki ildən artıq bir müddətdə həmin qələmimlə yazdığım, poçt qutusuna atdığım, Abdulla kişinin rayon mərkəzinə çatdırdığı və oradan da Naxçıvan şəhərinə yola salınan zərflərdəki müxtəlif mövzulu məqalələrim “Şərq qapısı” qəzetinin səhifələrində oxuculara çatdırıldı və məni qəzetin ştatdankənar müxbiri kimi tanıtdı.
…1970-ci ildə alman faşizmi üzərində qələbənin 25 illiyi münasibətilə kəndimizdəki məktəbin riyaziyyat müəllimi, ehtiyatda olan kapitan, müharibədə “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuş Kazım İmanovun igidliyindən bəhs edən “Siz Qərbə doğru addımlayanda, mən hələ anadan doğulmamışdım” publisist yazım qəzetin yubiley nömrəsində dərc olunmuşdu. O vaxt Naxçıvan Pedaqoji Məktəbində təhsil alırdım. Bu məqalə ilə “Şərq qapısı” qəzeti məni ədəbi ictimaiyyətə bir daha tanıtdı. Beləcə, “Şərq qapısı” yuxusuz gecələrimin bəhrəsi olan məqalələrin, zarisovkaların, oçerk və hekayələrin carçısına çevrildi. Muxtar respublikamızın əzəmətli dağlarını, gursulu dərələrini, sərin bulaqlarını, saf havalı yaylaqlarını, bol məhsullu tarlalarını, min bir nemət yetişdirən zəhmət adamlarını tərənnüm edən publisist yazılarıma sevimli qəzetimiz geniş yer ayırdı. Şərur rayonunun dağlar qoynuna söykənmiş Havuş, Axura, Şahbulaq, Yuxarı Yaycı, Tənənəm kimi kənd­lərinin sosial vəziyyətləri, burada yaşayan, sinələri xalq yaradıcılığı nümunələri ilə coşub-daşan söz adamlarının söylədiklərini “Şərq qapısı” qəzeti vasitəsilə geniş oxucu kütləsinə çatdırdım. Qəzetin tez-tez müraciət etdiyi “Xalq deyimləri” rubrikasında mənim də topladığım nümunələrə yer verilirdi.

Yaradıcılıqlarına və səmimiyyətlərinə dərin hörmət
bəslədiyim baş redaktorlar, şöbə müdirləri, ədəbi işçilər…

…Dönüb dünənə baxanda sevincimdən ürəyim köksümə sığmır, qəlbim fəxrlə döyünür. Mənim imzamla dərc olunan yazıların xoşbəxtliyi onda idi ki, o illərdə qəzetə oxucular tərəfindən yüksək qiymətləndirilən, dərin hörmət sahibləri, tanınmış jurnalistlər baş redaktorluq edirdi: Rəşid Qazıbəyov, Vahid Bağırov, Sənubər Kərimova, Akif Axundov, Səxavət Kəngərli, Məmməd Məmmədov…
Bu baş redaktorlar “Şərq qapısı” qəzetinin hər bir sayının maraqlı və məzmunlu materiallarla təmin olunmasında, oxucu qəlbinə yol tapmasında ömürlərini şam kimi əridirdilər.
Biz kənar müəlliflərin yaradıcılıqlarını istiqamətləndirmək üçün uzaq dağ kəndlərinə adımıza məktublar göndərir, hansı sahələri qəzetdə daha çox işıqlandırmalı olduğumuzu tövsiyə edirdilər. Bu məktublardan ruhlanaraq Ulu Tanrı tərəfindən torpaqlarımıza bəxş edilmiş misilsiz sərvətlər, zəhmətkeş insan əlləri ilə yetişdirilən min cürə nemətlər, elm və təhsil sahəsində uğurlar qazanan müəllimlər haqqında yazdığım məqalə və oçerklər öz yazı tərzinə, məna və məzmununa, foto və tərtibatına görə oxucuların diqqətini cəlb edirdi. Publisist yazıların, oçerklərin yazılmasında və çapında qəzetin əməkdaşlarından Əli Şamilovun, Möhsün Möhsünovun, Maqsud Mahmudovun, Afiq Haqverdiyevin, Xuraman Sadiqovanın və başqalarının xidmətləri əvəzsiz idi…
Əlbəttə, mənim yaradıcılığımda poeziya janrı əsas yeri tutduğundan “Şərq qapısı” qəzetinin Mədəniyyət şöbəsinin müdiri, şair Hüseyn Razinin qəbulunda daha çox olurdum. Əsl sənət adamı, sözdən – poeziyadan yoğurulan, ilk baxışdan zəhmli və qaradinməz görünən H.Razi poeziya yollarında sönməyən, yolumuza nur saçan məşəlimiz idi. Bizi poeziyanın çətin və əzablı yollarında sınadı, adi və ucuz şöhrətdən uzaq tutdu, “dəmiri isti-isti döydü”. Onun nə tənqidi, nə də tərifləyici yazılarında ikili hisslər gördük. Sözünü sərt dedi, məsləhətlərini təmiz ürəklə bildirdi, şeirlərimizin qəzetin “Ədəbiyyat” səhifəsində dərcinə imza atdı, uğur və nöqsanlarımızı açıb göstərdi, “Uğurlu yol” yazdı. Azərbaycan ədəbiyyatında bu gün öz dəstxəti ilə tanınan Asim Yadigar, Nəriman Zeynalzadə, Vaqif Məmmədov, Nizami Muradoğlu, Zeyqəm Vüqar, Məmməd Tahir kimi onlarla şair və yazıçı H.Razi qayğısını dadan ədəbiyyat adamlarıdır. “Şərq qapısı” kitablarımız nəşr olunmadığı halda bizi müxbir, publisist şair kimi tanıtdı. Sevimli qəzetin redaksiya heyətinin təşkil etdiyi seminarlarda, konfranslarda, görüş və müsabiqələrdə iştirakımız təmin olundu… Bu kimi tədbirlərdə qaliblər olduq, mükafatlar aldıq.

“Aşkarlıq” və “demokratiyanın” bəxş etdiyi təzadlar

Keçmiş Sov.İKP MK-nın Baş katibi M.S.Qorbaçovun 1986-cı ildən başlanan aşkarlıq və demokratiya siyasətindən sonra ortaya atılan saxta və qondarma Dağlıq Qarabağ problemi məsələsi, bu günümüzün milli satqınlarının xəyanəti ucbatından torpaqlarımızın işğalı, başımıza gətirilən faciələr “Şərq qapısı” qəzetinin də nəşrinə öz mənfi təsirini göstərdi.
1990-cı il yanvar ayının 18-dən başlayaraq Sədərək və Şərurun bəzi kəndləri top atəşinə tutulur, ermənilər rus əsgərlərinin köməyi ilə torpaqlarımıza basqınlar edir, dağıntılar və qırğınlar törədirdilər. Biz qələm sahibləri də döyüş nöqtələrində olur, müdafiə mövqelərinə gedir, düşmənə sinə gərən könüllü döyüşçülərdən müsahibələr alır, şəhid vermiş ailələrə baş çəkir, xəstəxanalarda yaralılarla görüşürdük. Qarşılaşdığımız hər bir hadisəni qələmə alaraq heç bir əlavələrə və yanlışlıqlara yol vermədən reportajlar hazırlayır, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimiz haqqında operativ şəkildə “Şərq qapısı” qəzeti vasitəsilə ictimaiyyətə məlumatlar çatdırırdıq. “Böyük sovet elinə” inamımızın qırıldığından yazırdıq.
Keçmiş SSRİ-nin qorxunc silahları və qəddar zabitləri ilə Sədərək kəndinə amansız hücum edən, körpə uşaqların, silahsız insanların ömrünə son qoyan erməni cəlladlarının vəhşiliyinə etiraz olaraq yazdığım “Mənim inamımı güllələdilər” adlı poemamı o çətin anlarda “Şərq qapısı” qəzetinin baş redaktoru Akif Axundova təqdim etdim. Moskvanın hədələrinin hələ də “at oynatdığı” bir vaxtda poema qəzetdə çap olundu. “Şərq qapısı”nın onsuz da ağır duruma düşdüyü o günlərdə torpaqlarımız uğrunda şəhid və ya qazi olmuş oğul və qızlarımızın igidliyindən bəhs edən silsilə yazılar da çap etdirdik. “Şərq qapısı” qəzeti mərd və qorxmaz əsgər kimi düşmənlə döyüşə atılaraq öz döyüşkən yazıları ilə düşmənə qarşı mübarizə aparırdı.
Hətta bəzi rəhbərlər: “Bu ağır vəziyyətdə bizə qəzet lazım deyil”, – deyə yaxalarını kənara çəksələr də, hərc-mərcliyə, mənəm-mənəmliyə, hədə-qorxuya əməl qoymayan qəzet əməkdaşları öz müqəddəs vəzifəsini şərəflə yerinə yetirirdilər.

Bəxtinə Günəş doğan “Şərq qapısı”

Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana gəlməsi, muxtar respublika Ali Məclisinin Sədri kimi fəaliyyət göstərməsi, ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələrinin də bəxtinə Günəş doğdu və onların məsuliyyəti birə on qat artdı. Ulu öndər o ağır illərdə deyirdi: “Qəzet bir güzgüdür, oxucu orada özünü görməlidir, həyatın işıqlı tərəfini də, zülmətini də orada tapmalıdır… Mənə məlum olmayan nöqsanları üzə çıxaran hər bir jurnalistə minnətdar olacağam”.
Ümummilli liderimizin layiqli davamçısı, Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində “Şərq qapısı” qəzetinə nəzarət və qayğı dövlət səviyyəsində həyata keçirilməyə başlanıldı.
“Şərq qapısı” qəzetinin nəşr olunduğu “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin tamamilə yenidən qurulması, müasir çap avadanlıqları ilə təmin edilməsi, jurnalistlərin əməyinin qiymətləndirilməsi, qəzetə ayrılan maliyyə yardımları dediklərimizin əyani təsdiqidir. Ümumiyyətlə, bu gün “Şərq qapısı” qəzeti ona göstərilən qayğıya, jurnalistikaya və jurnalist əməyinə, azad sözə, azad fikrə verilən yüksək dəyərə görə dünyanın bir çox ölkələrinə nümunə göstəriləcək səviyyədədir.
Qəzetin yazarları da öz mövzularını muxtar respublikada gedən quruculuq işlərinə, yenilənmə proseslərinə və digər sahələrə istiqamətləndirmişlər. Ən uzaq dağ kəndlərinə çəkilən elektrik xətləri, gur alovlanan mavi qaz, telefon, televiziya verilişləri üçün quraşdırılan elektron aparatlar, müasir məktəb və sosial binalar, qara örtüyə bələnmiş şümşad yollar, zəhmət adamlarının yetirdikləri min cür nemətlər mövzuya dönüb “Şərq qapısı”nın səhifələrində ellərə çatdırılır. Neçə-neçə görkəmli şəxsiyyətin keçdiyi çətin, şərəfli yoldan bəhs edən yazılar gözəl tərtibatla qəzetin səhifələrində çap olunmaqdadır.
Bəli, ömrümün acılı-şirinli 53 ilini qəlb dostu, ömür sirdaşı bildiyim, qəlbimin ən əziz guşəsində özünə yer edən, ürəkdən gələn nəsr və nəzm parçalarını səhifələrində çap etdirdiyim, hər bir sayının gəlişini həyəcanla gözlədiyim sevimli qəzetimin 100 yaşı tamam olur. Yubilyarın ad gününü geniş və hərtərəfli qeyd etmək üçün muxtar respublika Ali Məclisinin Sədri Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq respublikada silsilə tədbirlər həyata keçirilir. Bütün bunlar əziz dost kimi mənim də qəlbimə fərəh hissləri gətirir.
Sevimli qəzetimizin yubileyinə öz ürək sözlərimi ərməğan edirəm:
– Qədim Naxçıvanımızın müqəddəs sənət məbədi olan “Şərq qapısı” qəzeti! Yaşadığın bir əsrdə saf və müqəddəs kəlmələrinlə həqiqətləri yaymısan səhifələrində. Hər yazın çəkilən zəhmətin ətri, hər şeir parçası qu zümzüməsi kimi qəlbləri ovsunlayıbdır. Bu illər ərzində neçə-neçə kövrək qələmlərlə Vətən, Zəfər nəğmələrini yaymısan ellərə. Günəş kimi məşəl olmusan qaranlıq yollara.
Zamanın sərt illəri nə yolunu, nə də səmtini dəyişə bilməyib – haqqa, ədalətə xidmət etmisən. Bir­əsrlik “ömrünün” yarım əsrdən çoxundakı işıq üzü görən saylarında mənim də imzam əbədiləşib. Bu gün də qələmə aldığım yazılarımın ilk dəfə “Şərq qapısı” qəzetində dərc olunması həvəsindəyəm. Dərin və səmimi məhəbbətimi adına ünvanladığım şeirin bir bəndilə tamamlayıram:


Tanrı yer üzünü nura bələyir,
Üzlərə min fərəh, sevinc ələyir,
Bu gözəl günündə qəlblər söyləyir:
Elin güzgüsüsən, sən “Şərq qapısı”,
100 yaşın mübarək, şən “Şərq qapısı”!

İbrahim Yusifoğlu
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü,
Prezident təqaüdçüsü
Məqalə “Şərq qapısı” qəzetinin
100 illiyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir.

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR