21 Dekabr 2024, Şənbə

(“Şərq qapısı” qəzetinin materialları əsasında)


“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin siyasətinin uğurla həyata keçirildiyi muxtar respublikamızda müstəqillik illərində təhsil sahəsinin dünəni və bu gününü öyrənmək üçün 100 yaşlı “Şərq qapısı” qəzetinin 1991-2021-ci illəri əhatə edən arxiv materiallarına nəzər saldıq...

 

2 mart 1991-ci il. “Problemlər, qayğılar... Nəhəcirdə məktəb binasının tikintisi planlaşdırılıb. Lakin onun sənədləşdirilməsinin ləngiməsi adamları razı salmır. Çünki köhnə məktəb binası tələbatı ödəmir”.
6 may 1991-ci il. “Tədrisdə geriliyə səbəb nədir...” “Təhsil və tərbiyənin inkişafı naminə dövrün və zamanın tələblərindən irəli gələn pedaqoji ideya, təlim nəzəriyyəsi o vaxt özünü doğruldur ki, təhsilin inkişafı üçün yuxarı orqanlar, bütün ictimaiyyət onun konkret həlli üçün məsuliyyət daşısın. Nəticədə, şagirdlərin o gün üçün əldə etdikləri bilik dairəsində ümumtəhsil nailiyyətləri formasında ortaya çıxsın”.
14 avqust 1991-ci il. “Dönüş yaratmalı...” “Yeni dərs ilinə ayrı-ayrı rayonlarda, şəhərlərdə, kənd və qəsəbələrdə xeyli iş görülsə də, vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Hələ də ümumtəhsil məktəblərinin 110-u uyğunlaşdırılmamış binalarda yerləşir. Məktəbdənkənar müəssisələrin 30-nun müstəqil binası, 115 məktəbin istilik sistemi, onlarca məktəbin isə kanalizasiya xətti, idman zalı, bufet-aşxanası yoxdur. Məsuliyyətsizliyin nəticəsidir ki, 22 buraxılış obyektindən cəmi ikisində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Məktəblərdə istilik sisteminin qaydaya salınması, lazım olacaq yanacağın alınması sahəsində indidən ciddi dönüş yaradılmalıdır”. 5 yanvar 1994-cü il. “Qışın çətinlikləri...” “Müəllimlərimizin təşəbbüsü”. Kəndimizdəki məktəbin binası müasir tikilidir. Məktəbin özünün qazanxanası olsa da, hər il onu işlətmək, sinifləri qızdırmaq problem olub. Ümumiyyətlə, qış günlərində çox vaxt həftələrlə məktəb bağlanır. Pedaqoji kollektivimizin üzvləri öz hesablarına topladıqları vəsaitlə məktəbə 20 odun peçi almış və onu siniflərdə qurmuşlar.
31 mart 1994-cü il. “Gələcəyimiz təhlükədədir...” “Təəssüf hissi ilə demək lazımdır ki, bu gün uşaqlara, yeniyetmə və gənclərə dövlət səviyyəsində qayğı və diqqət unudulub. Artıq 3-4 ildir ki, uşaq tərbiyə müəssisələrində balacaların istirahət və tərbiyəsi üçün lazımi şərait yoxdur. İstilik və işığın olmaması üzündən bağçalar tez-tez bağlanır. Həmkarlarımdan birinin dediyi kimi, 20-25 ildən sonra nə bu xalqın istedadı, bacarıqlı həkimi olacaq, nə də ki müəllimi”.
29 noyabr 1995-ci il. “İnternat məktəbində bir gün...” “Xalqın qəhrəman oğlu Əkbər Ağayevin adını daşıyan Ordubad internat məktəbinin əsaslı təmirə ehtiyacı vardır. Dərsliklə təminat yarıtmazdır. Müəllimlərin və tərbiyəçilərin əməkhaqqısı aşağıdır. İndiki həyat səviyyəsi ilə əlaqədar müəllimin yaşayış tərzi xoşagələn vəziyyətdə deyil. İnternat məktəbinə və onun kollektivinə diqqət və qayğı artırılmalıdır. Bu zamanın tələbidir...”
Muxtar respublikanın blokadada olması, keçmiş iqtidar dövründə Azərbaycanda hökm sürən hərc-mərclik 90-cı illərin əvvəllərində digər sahələr kimi, təhsilin də inkişafını ləngitmişdir. Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində sabitlik yaranmış, 1995-ci ildən etibarən məktəb tikintisi, bu sahədə əsaslı yenidənqurma işləri ardıcıl olaraq davam etdirilmişdir. Qəzetin 1996-cı il 1 may tarixli nömrəsində “Təhsilə qayğı artırılır” başlıqlı məqalədə təhsil işçilərinin müşavirəsində qeyd edilir ki, 1995-ci ilin sonlarında Azərbaycan Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən parlament seçkilərindən sonra muxtar respublikanın ali qanunvericilik orqanlarının yeni tərkibdə fəaliyyətə başlamasından sonra muxtar respublikada ab-hava dəyişmiş, ictimai-siyasi iqlim saflaşmış, hər bir sahədə olduğu kimi, təhsil sahəsində də dönüş yaranmışdır.
Blokada vəziyyətində yeni məktəb binaları tikmək, təhsilin inkişafına çalışmaq mübarizə, qətiyyət, iradə və güc tələb edirdi. “Çətin illərin buraxılış obyektləri” yarımbaşlıqdakı məqalədə oxuyuruq ki, 24 avqust 1996-cı ildə yeni dərs ilində Cəhridə 504 yerlik yeni məktəb binasının istifadəyə verilməsi zamanı Ali Məclisin Sədri demişdir: “Mən muxtar respublikaya rəhbərliyə başlayarkən öz çıxışımda demişəm ki, Azərbaycanın bu ağır dövründə iki sahəyə diqqəti yönəltmək lazımdır. Orduya və təhsilə. Bu iki sahəni daim diqqət mərkəzində saxlayırıq. Belə olmasa, bizim gələcəyimiz şübhə altında qalar”. Bu gün istər ordu quruculuğu, istərsə də təhsil sahəsində əldə edilən nailiyyətlər göz qabağındadır. Bütün bunların fövqündə ümummilli liderimiz Heydər Əliyevin ideyalarının sədaqətlə, layiqli şəkildə davam etdirilməsi dayanır. Bu səbəbdən muxtar respublikamızda ulu öndərin irsinin öyrənilməsi daim diqqətdə saxlanılmış, bunlar “Şərq qapısı”nın səhifələrində işıqlandırılmışdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 74-cü ildönümü münasibətilə 1997-ci il aprelin 5-də Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev Universiteti” təsis edilmiş, həmin il mayın 7-də “Heydər Əliyev lektoriyasının ilk məşğələsi” keçirilmiş, 2004-cü il sentyabrın 3-də Naxçıvan şəhərində Heydər Əliyev adına orta məktəbin açılış mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu mərasimdə iştirak etmişdir.
Vəziyyətin ağır olmasına baxmayaraq, 1997-ci il bütün sahələrdə dönüş ili elan edilmiş, muxtar respublikanın bir çox yerlərində məktəb binaları tikilib istifadəyə verilmişdir. Təhsilin digər sahələri kimi, ali təhsil müəssisələrinin inkişafı üçün də geniş imkanlar açılmışdır. O vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən yeganə universitet Naxçıvan Dövlət Universiteti olduğu üçün ona xüsusi qayğı göstərilmişdir. 30 yaşını qeyd edən universitetə ulu öndər Heydər Əliyev 1997-ci il 29 oktyabr tarixli təbrik məktubu göndərmiş, məktubda blokada şəraitində yaşayan Naxçıvanın dövlət müstəqilliyimizin əldə olunması və möhkəmləndirilməsi uğrunda mübarizəsində universitetin göstərdiyi xidmətlər, xüsusilə qeyd olunmuşdur. Həmin il noyabrın 5-də qəzetdə dərc edilmiş “30 yaşlı universitet” adlı məqalədə universitetin 30 yaşının muxtar respublikada geniş qeyd olunduğu yazılır. Ali təhsil ocağına göstərilən qayğının daha bir ifadəsi də 1999-cu ilin 11 oktyabrında muxtar respublikamızın 75 illik yubileyi ərəfəsində Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun təntənəli açılışında ümummilli liderimiz Heydər Əliyevin də iştirak etməsidir. Ulu öndər İndi blokada şəraitində yaşayan, yolu olmayan, Bakı ilə ancaq təyyarə vasitəsilə əlaqə saxlayan Naxçıvan belə bir binanın tikilib başa çatmasını təmin edib və burada yeni bir tədris korpusunu yaradıbdır. Bu, böyük hadisədir...” Qeyd edək ki, bu gün 50-dən artıq yaşı olan universitet dünyanın bir sıra ölkələrindən tələbə qəbulunu həyata keçirir, bir çox xarici universitetlərlə elmi, təhsil və başqa əlaqələri vardır. Qəzetdə 2018-ci il yanvarın 18-də dərc edilmiş “Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilmişdir” adlı rəsmi xəbərdə Ali Məclisin Sədri yanvarın 17-də istifadəyə verilən mərkəzin məsafədən təhsilin mühüm forması kimi ali təhsil ocağının dünya təhsil sisteminə inteqrasiyasını sürətləndirəcəyini qeyd etmişdir.
Təhsilə qayğının davamı olaraq ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmış, 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. Prezident cənab İlham Əliyevin iştirakı ilə 2018-ci il mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışı olmuşdur. Hazırda ali təhsil ocağı ixtisaslı pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır, muxtar respublikamıza peşəkar müəllim heyəti qazandırır.
Naxçıvan şəhərində daha bir ali təhsil ocağı olan “Naxçıvan” Universiteti 1999-cu ildən fəaliyyətə başlayıb. Universitet zəngin maddi-texniki bazaya malik olmaqla, dünyanın 50-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Beynəlxalq təhsil təşkilatının üzvü kimi proqramlarda və layihələrdə uğurla iştirak edir.
Diyarımızda təhsilin mühüm bir sahəsini təşkil edən hərbi təhsil sahəsinin inkişafı da daim diqqət mərkəzində saxlanılmışdır. 1999-cu ilin 13 oktyabrında Naxçıvan şəhərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdur. Ulu öndər muxtar respublikanın yerli hakimiyyətinin qısa zamanda Naxçıvanda belə bir bina hazırlamasını təqdirəlayiq hadisə kimi yüksək qiymətləndirmiş, 2002-ci il iyunun 17-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşmüşdür. Sevindiricidir ki, bu gün ulu öndərimiz Heydər Əliyevin adını daşıyan hərbi liseydə təhsilli, peşəkar gənclər hazırlanır, onlar Azərbaycan Ordusunun sırasında layiqincə xidmət edirlər. Ötən il şanlı Vətən müharibəsində Qələbənin qazanılmasında bu liseyin məzunlarının göstərdiyi qəhrəmanlıq, şücaət buna bariz nümunədir.
Muxtar respublikamızda təhsilin digər sahəsi kimi, tibbi təhsilə də diqqətlə yanaşılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Tibb məktəbinin 70 illik yubileyinin keçirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması haqqında” 2001-ci il 17 may tarixli Sərəncam imzalamış, həmin il Naxçıvan Tibb məktəbinin 70 illik yubileyi yeni binada qeyd olunmuş, 2018-ci il sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin yeni binası istifadəyə verilmişdir.
Diyarımızda musiqi təhsilinin inkişafı da daim ön planda saxlanılıb. 1974-cü ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə yaradılan Naxçıvan Musiqi Kolleci, 2013-cü il yanvarın 24-də Naxçıvan şəhərində yeni binası Ali Məclisin Sədrinin iştirakı ilə istifadəyə verilmiş Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi və digər musiqi məktəbləri milli musiqimizin yaşadılması və musiqiçi kadrların hazırlanmasında mühüm rol oynayır. Muxtar respublikamızda qızların təhsili də daim diqqət mərkəzində saxlanılır. 1992-ci ildə Xanım Qızlar Pansionu kimi yaradılan 2004-cü ildən “Naxçıvan Qızlar Liseyi” adı ilə fəaliyyətini davam etdirən lisey 2011-ci ildə yenidən əsaslı təmir olunaraq müasir infrastrukturla zənginləşdirilmişdir. Bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarında bu liseyin məzunları topladıqları yüksək ballarla seçilirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev muxtar respublikamıza dəfələrlə səfər etmişdir. Yuxarıda internat məktəb binasının yararsız olmasından danışırdıqsa, artıq 2006-cı ilin dekabrın 22-də Ordubad İnternat-Məktəb Kompleksinin açılışı olmuş, Prezident cənab İlham Əliyev burada iştirak etmiş və çıxış edərək demişdir: “Çox gözəl məktəbdir. Həm oxumaq üçün, həm də yaşamaq, istirahət etmək, idmanla məşğul olmaq üçün hər cür şərait var. Ona görə əminəm ki, uşaqlar burada çox yaxşı oxuyacaqlar, bilikli olacaqlar və böyüyəndə doğma Vətənimizin hərtərəfli inkişafına öz dəstəyini verəcəklər... Mən çox məmnunam ki, muxtar respublika rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir...”
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin təhsili həmişə diqqət mərkəzində saxlanılmış, Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır. Həmçinin cari ildə qəbul edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı bu qəbildən olan uşaqların təhsil almasına, onların cəmiyyətin aktiv üzvünə çevrilməsinə, sosiallaşmasına əlverişli imkanlar yaradır. Muxtar respublikamızda təhsil sahəsində vacib tədbirlərdən biri hamiliklə bağlıdır. “Şərq qapısı” qəzetində gedən silsilə məqalələrdən də aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahədə müvafiq sərəncamları gənc mütəxəssislərin hazırlanmasında, onların praktik peşə biliklərinə yiyələnməsində vacib rol oynamışdır. Diyarımızda məktəbdənkənar təhsil diqqətdə saxlanılmış, uşaq, yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılmasında, bilik və bacarıqlarının artırılmasında, dünyagörüşlərinin inkişafında, asudə vaxtlarının səmərəli təşkilində innovativ dərnəklər böyük rol oynamışdır. “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təhsil müəssislərində, kitabxanalarda yaradılan oxunması zəruri olan kitab guşələri kitab oxumağa olan marağı artırmışdır. 2020-2021-ci tədris ilində bir sıra məktəblərdə STEAM yeni tədris metodunun tətbiqinə başlanılmışdır. 2020-ci il noyabrın 12-də Şərur rayon Qarabürc kənd məktəbində ilk dəfə olaraq STEAM kabinəsi istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Muxtar respublikada təhsilin dünya standartlarına cavab verəcək səviyyədə inkişafı istiqamətində aparılan bu islahalatların mahiyyəti “Şərq qapısı” qəzetində müntəzəm işıqlandırılmışdır.
Ali Məclis Sədrinin hər il orta məktəbi bitirmiş və ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirməsi, ali məktəblərə daxil olan gənclər üçün xüsusi Prezident təqaüdünün, eləcə də istedadlı gənclər üçün Prezident fərmanı ilə fəxri təqaüdlərin verilməsi, “Qızıl kitab”ın təsis olunması təhsilə göstərilən qayğının bariz nümunələridir. Məhz bu diqqət və qayğı hesabına muxtar respublikamızda bütün təhsil pillələri üzrə yeni texnologiyalara əsaslanan tədris infrastrukturu yaradılıb, 200-dən çox məktəb binası tikilib və ya yenidən qurulub. Həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün də yeni binalar istifadəyə verilib, universitet şəhərcikləri salınıb. Təhsil müəssisələrində internetə çıxışı olan 900-ə yaxın elektron lövhə, 7 mindən çox kompüter quraşdırılıb, zəngin fonda malik kitabxanalar, kabinə və laboratoriyalar istifadəyə verilib. 2020-2021-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 261-i imtahanlarda yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb. Bütün bunlar isə muxtar respublikanın aparıcı mətbuat orqanında öz əksini tapıb.
“Şərq qapısı” qəzetinin 2021-ci il 10 sentyabr tarixli nömrəsindən oxuyuruq ki, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüşü zamanı Ali Məclisin Sədri gənclərə öz tövsiyəsini vermişdir: “Təhsildə əsas hədəf qazanılan bilik və bacarıqları iqtisadi amilə çevirməkdir. Bu isə yaxşı mütəxəssis hazırlığından başlayır... Çalışın qazandığınız bilikləri praktikada tətbiq edərək ölkəmizə fayda verəsiniz. Bir sözlə, seçdiyiniz peşəni dərindən öyrənməklə yanaşı, həm də geniş dünyagörüşünə malik olmalı, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacarmalı, dəyərlərinə və tarixinə sahib çıxan, müasir təfəkkürlü kadrlar kimi yetişməlisiniz”.
Bu il 100 yaşı tamam olan, muxtar respublikamızın güzgüsü sayılan “Şərq qapısı” qəzetinin 1991-2021-ci illəri əhatə edən səhifələrini vərəqləyərkən bir daha şahidi olduq ki, ümummilli liderimizin yolunu layiqli şəkildə, böyük iradə və əzmlə davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uzaqgörənliyi və müdrikliyi sayəsində muxtar respublikamızda təhsil sahəsində çox böyük işlər görülüb, bu sahə inkişafının ən yüksək zirvəsinə çatıb.

Güntac ŞAHMƏMMƏDLİ
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə
keçirilən yaradıcılıq müsabiqəsinə
təqdim edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR