“Şərq qapısı” qəzeti redaksiyası “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə 1 oktyabr-30 noyabr tarixlərində yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqənin keçirilməsində məqsəd
Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin 100 illik yubileyi ərəfəsində Naxçıvanın qədim mətbuat tarixini, “Şərq qapısı” qəzetində muxtar respublikanın sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin, elm, təhsil və səhiyyə sistemlərinin inkişafı istiqamətində aparılan işlərin, eləcə də milli dəyərlərimizin təbliği, müstəqillik illərində Naxçıvanda media siyasəti və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri jurnalistlərin təqdimatında geniş oxucu kütləsinə çatdırmaqdan və bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək verməkdən ibarətdir.
Müsabiqədə iştirak
Muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan şəxslər, eləcə də mətbuatla və teleradiolarla sıx əməkdaşlıq edən kənar müəlliflər müsabiqədə iştirak edə bilərlər.
Qiymətləndirmə meyarları
- yaradıcı yanaşma, dil və üslub xüsusiyyətləri, işlərin bədii səviyyəsi və keyfiyyəti;
- mövzunun əhatə olunması, jurnalist araşdırması və əsaslandırma;
- materialın tamaşaçı, oxucu, dinləyici və izləyici üçün informasiyalılıq səviyyəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi və məsuliyyəti;
- ictimai və dövlət maraqlarının müdafiəsi.
Müsabiqə materiallarına qoyulan tələblər
Müsabiqəyə təqdim olunan yazılar “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin birində dərc edilməli, yaxud “Nuhçıxan” İnformasiya Agentliyində və ya digər rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında yerləşdirilməli, teleradio materialları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda yayımlanmalıdır.
Hər jurnalist yalnız bir istiqamət üzrə müsabiqəyə material təqdim edə bilər.
Müsabiqə materiallarında “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.
Mükafatlandırma
Müsabiqədə 6 qalib müəyyən edilir:
I yer - bir nəfər (1000 manat)
II yer - iki nəfər (500 manat)
III yer - üç nəfər (300 manat)
Müsabiqə materiallarının qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanının (qəzet, jurnal) nömrəsi və elektron variantı (CD diskdə) - 1 nüsxə
2. Teleradio materialı (DVD diskdə) – 1 nüsxə
3. İnformasiya agentliklərində və internet media resurslarında verilən yazıların çap (A4 kağızda) və elektron variantı (CD diskdə) – 1 nüsxə
4. Şəxsiyyət vəsiqəsinin surəti
Müsabiqə materialları 1 oktyabr 2021-ci il tarixdən 1 noyabr 2021-ci il tarixə qədər rəsmi iş günləri saat 1000-dan 1800-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin redaksiyasına şəxsən təqdim olunmalıdır.
Ünvan: Naxçıvan şəhəri, “Təbriz” küçəsi 14
“Şərq qapısı” qəzetinin redaksiyası
Əlaqə telefonu (036) 544-52-52