21 Dekabr 2024, Şənbə

“Şərq qapısı” – 100

 

Birəsrlik tarixi olan və 100 illik yubileyinə hazırlaşdığımız muxtar respublikamızın bütün sahələrini özündə əks etdirən “Şərq qapısı” qəzetində müxtəlif dövrlərdə bir-birindən dəyişik qələm sahibləri fəaliyyət göstərmişdir. Onlardan biri də haqqında danışacağım babam Məmməd Rzayevdir.


Dəyərli ömrünün böyük bir hissəsini Naxçıvanın inkişafına, onun dirçəlməsinə həsr edən Məmməd Rzayev 1911-ci ildə Naxçıvanın qədim və zəngin diyarı olan Ordubad şəhərinin Vənənd kəndində dünyaya göz açmışdır. Məmməd Rzayev ailəsini tez itirdiyindən, iki yaşından Bakı şəhərinə aparılmış, dayısının himayəsində orta təhsil almış, Pedaqoji İnstitutun Coğrafiya ixtisasına qəbul olmuş, çalışqanlığı sayəsində oranı müvəffəqiyyətlə bitirmişdir. Doğulduğu torpağa olan sevgisi yenidən Məmməd Rzayevi Naxçıvana qaytarmış, bir müddət Culfa rayonunda müəllim işləmiş və gələcəyə peşəkar kadr yetişdirilməsi ilə məşğul olmuşdur. İkinci Dünya müharibəsi başladığından 1941-1945-ci illərdə müharibədə iştirak etmək üçün işini dayandırmalı olmuşdur. Müharibədən qayıtdıqdan sonra Məmməd Rzayev yenə də sevdiyi müəllimlik peşəsinə geri dönmüş və bir neçə il Culfada müəllim kimi fəaliyyətini davam etdirmişdir.
1946-cı ildə ailə quran Məmməd Rzayevin dörd oğlu, bir qız övladı vardır. 9 nəvəsi olan Məmməd Rzayevin nəvələrindən biri də mənəm– Çinarə Vaqif qızı Rzayeva. Elmi fəaliyyətlə məşğul olsam da, ailəmizdə bu gün qismən də olsa, babamın yolunu davam etdirən, sadəcə, mənəm. Elmi məqalələrlə birlikdə ara-sıra publisistik məqalələrə də müraciət edirəm. Ancaq inanmıram ki, mən onun kimi publisistikada öz sözümü deyəm, onun qədər məhsuldar olam.
Bir sıra vəzifələrdə çalışan Məmməd Rzayev 1950-ci ildən Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetində xüsusi müxbir kimi fəaliyyətini davam etdirir. Ömrünün sonuna kimi (1976-cı ilə qədər) qəzetə bağlı olan babam işini sevən bir jurnalist kimi imzasını da sevdirməyi bacarır. Qəzetin babamın orada işlədiyi dövrlərdəki nömrələrini araşdırdığımızda görürük ki, Məmməd Rzayev fəaliyyəti dövründə ancaq Naxçıvanın mənafeyini qorumuş, işində məsuliyyətsiz olan idarə rəhbərlərini kəskin qələmlə tənqid etmiş, işlərinə etinasız yanaşdıqları üçün onları ifşa etmiş, onların işlərindəki çatışmazlıqları qəzet vasitəsilə hər kəsə çatdırmışdır. O həmçinin işində məsuliyyətli olan hər bir kəsin fəaliyyətini təbliğ edərək qəzetdə işıqlandırmışdır. Qeyd edək ki, bəzi məmurların işlərində olan çatışmazlıqları, göstərdikləri məsuliyyətsizlikləri qələmə alaraq onları işıqlandırması, sonrakı dövrlərdə həmin çatışmazlıqların aradan qaldırılmasına gətirib çıxarırdı. Qəzetin sonrakı nömrəsində bunu da “İşdə dönüş yaranmışdır”, “Gerilik aradan qaldırılır”, “Tapşırıqlar yerinə yetirilir” və digər başlıqlar altında oxuculara təqdim edirdi. Bəzi zamanlar da ictimai həyatın mənfi cəhətlərini felyetonları ilə dilə gətirmiş, ictimaiyyətə çatdırmışdır. “Sərgüzəştli sədr”, “Toydan sonra nağara”, “Dərviş səfərə çıxır” adlı felyetonları bir sıra mənfi cəhətləri, çatışmazlıqları özündə əks etdirən oxunaqlı yazılardan, sadəcə, bir neçəsidir. Yazdığı yazılarla cəmiyyətə təqdim edilən çatışmazlıqlar və laqeydliklər aradan qaldırılanda isə görkəmli publisist məqsədinə nail olurdu.
Məmməd Rzayevin qələmindən süzülən yazılar, demək olar ki, o dövrdə aktual olan bütün sahələri əhatə edirdi. Baramaçılıq, pambıqçılıq, heyvandarlıq, üzümçülük, dəyirman, ferma, aşxana, əkinçilik, təhsil, tikinti və bu kimi bir sıra sahələrin hamısı xalq üçün önəmli və vacib olandır. Bu sahələrdə işlərin yaxşılaşdırılması həm dövlət üçün xeyirli, həm də vətəndaşlar üçün bol və keyfiyyətli məhsul əldə etmək demək idi. Adlarından da göründüyü kimi, apardığı araşdırmalar bu gün də hamı üçün vacib olan sahələrdir.
İşlədiyi dövrdə yazdığı məqalə və felyetonları oxuyanda görürük ki, Məmməd Rzayev obyektivliyi, jurnalistin qərəzsizlik prinsipini hər zaman gözləyib. Çünki ömrünü doğulduğu yerə, torpağa, Vətənə həsr edən hər bir kəs haqsızlığı özünə rəva bilməz. Fikrimizcə, şəxsiyyətinə, qələminə dəyər verən, Vətənini sevən hər bir kəs məhz bu cür edərdi.
Ömrünün 26 ilini “Şərq qapısı” qəzetinə həsr edən Məmməd Rzayevin işlədiyi dövrdə əməyi dövlət və qəzet tərəfindən bir neçə dəfə qiymətləndirilmiş, mükafat və diplomlarla təltif olunmuşdur. Qəzetin xüsusi müxbiri olan Məmməd Rzayev “Şərq qapısı”nın 50 illik yubileyində qızıl saatla mükafatlandırılmışdır. Onun bu kimi mükafatları – fəxri fərman və diplomlar alması məhsuldar jurnalistin əməyinə verilən qiymətdir.
Uzun illər qəzetdə fəaliyyət göstərən Məmməd Rzayevin yüzlərlə məqaləsi, felyetonu işıq üzü görmüş, adı bir çox yazıların imza yerində boy göstərmişdir. Onun qələmə aldığı bir sıra felyetonları, məqalələri bu gün tərəfimizdən toplanılır və yaxın aylarda kitab şəklində oxuculara təqdim ediləcək. Bu kitabın nəşrini ömrünü Naxçıvanın inkişafına həsr edən babam Məmməd Rzayevə mənəvi bir borc olaraq bilirəm. Xatırladım ki, kitabda onun fəaliyyət illərində yazdığı əsərlərin bir qismi təqdim ediləcək. Nə üçün bir qismi? Çünki Məmməd Rzayevin bütün yazılarını toplasaq, bir neçə cilddən ibarət külliyyat ərsəyə gələr. Bəlkə, gələcəkdə bu da reallaşacaq.
65 il ömür yaşayan Məmməd Rzayev 1976-cı il dekabr ayının 16-da gözlərini əbədi olaraq yumdu.
Bu gün fəxrlə və qürurla deyirəm ki, mən Məmməd Rzayevin nəvəsiyəm. O Məmməd Rzayev ki Naxçıvanın mətbuat salnaməsi olan 100 yaşlı “Şərq qapısı” qəzetinin 26 illik tarixində onun imzası var.

Çinarə RZAYEVA
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı, filologiya üzrə
fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR