16 Aprel 2024, Çərşənbə axşamı

“Şərq qapısı” – 100

 

Bu il “Şərq qapısı” qəzetinin kollektivi olaraq çox sevincli və qürurluyuq. Ona görə ki, muxtar respublikamızın güzgüsü sayılan doğma qəzetimizin 100 yaşını qeyd edirik. Bir əsrdir, fəaliyyət göstərən qəzetimizin mənalı, bir o qədər də keşməkeşli tarixi inkişaf yoluna nəzər saldıqda, Naxçıvanda qəzetçiliyin əsasını qoyan bu mətbuat orqanının xalqımızın maariflənməsi və inkişafı yolunda yorulmadan, usanmadan sona qədər mübarizəsinin şahidi olduqda onunla bir daha fəxr edirik. Xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirləri də qəzetin bütün dövrlərdə, eləcə də bu gün də muxtar respublikamızda baş verən ictimai-siyasi proseslərin, uğurla həyata keçirilən dövlətçilik siyasətinin, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat və digər sahələrdə baş verən yeniliklərin güzgüsü olduğunun və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinin bariz ifadəsidir. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı muxtar respublikada jurnalistika məktəbini formalaşdıran “Şərq qapısı” qəzetinin gücünün və nüfuzunun, bu mətbu orqanın əməkdaşlarının yorulmaz fəaliyyətinin məntiqi nəticəsi olmaqla, eyni zamanda bu məktəbin yetirməkdə olduğu jurnalistlər nəslinin bundan sonrakı geniş fəaliyyəti üçün də böyük bir stimuldur. Bir gənc jurnalist kimi gecəsini, gündüzünü qəzetçiliyə həsr edən jurnalistlərin əməyinə verdiyi dəyərə, göstərdiyi qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığımı bildirməyi özümə mənəvi borc hesab edirəm.


Ötən əsrdən keçən müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə “Şərq qapısı” qəzeti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, qəzetin maddi-texniki bazası gücləndirilib, fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılıb. 2010-cu il iyulun 22-də böyük dövlət qayğısının bariz ifadəsi kimi qəzet redaksiyası üçün yeni bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanılıb. Təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti olan qəzet hazırda həftədə beş dəfə, 1500 tirajla nəşr edilir.
Gündəlik ictimai-siyasi qəzet olan “Şərq qapısı” muxtar respublikamızda baş vermiş siyasi, iqtisadi, sosial və mədəni hadisələrin davamlı, əhatəli salnaməsini yaradır. Müasir iş şəraiti yaradılan qəzetin 2012-ci ildən etibarən istifadəyə verilən www.serqqapisi.az saytı dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəyir və bu sayt qəzetin elektron arxiv bazasını təşkil edir. Sayt 2019-cu ildə yenilənib. Elektron saytımız Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında, cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində öz operativliyi, əlçatanlığı ilə seçilir. Ay ərzində qəzetin saytına minlərlə baxış sayı olur. Bu da Naxçıvan Muxtar Respublikasına günü-gündən artan marağın nəticəsidir.
Qeyd edim ki, saytımız Azərbaycan, rus və ingilis dilləri olmaqla, 3 dildə informasiya yayır. İnternet vasitəsilə açdıqda saytın panoramında yaradılan 9 bölmə ilə tanış ola bilərsiniz. Bu bölmələr haqqında qısaca məlumat verim.
Ana səhifədəki “Rəsmi xronika” adlanan bölmədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə keçirilən tədbirlər işıqlandırılır.
“Rəsmi sənədlər” bölməsində Azərbaycan Respublikası Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı fərman və sərəncamlar, Dövlət proqramları yer alır.
“İctimai-siyasi” bölmədə ölkəmizdə, muxtar respublikamızda gedən ictimai-siyasi hadisələr işıqlandırılır. Muxtar respublikamızın dünəninin və bu gününün müqayisəli şəkildə verildiyi “Dünən və bu gün” rubrikasında dərc olunan maraqlı məqalələri buradan əldə edə bilərsiniz.
“İqtisadiyyat” bölməsində həm qəzet əməkdaşlarının, həm də muxtar respublika ziyalılarının iqtisadi mövzuda qələmə aldıqları məqalələr yerləşdirilib.
“Humanitar” bölmə özü də elm və təhsil, mədəniyyət, turizm, səhiyyə, sosial yarımbaşlıqlarına bölünür. Burada hər bölmənin profilinə uyğun məqalələr, xəbərlər yerləşdirilib.
“İdman” bölməsində muxtar respublikamızda idmanın inkişafı, idmançılarımızın qazandıqları uğurlar geniş şəkildə işıqlandırılır.
“Fotolar” adlanan bölmədə Naxçıvan şəhəri, muxtar respublikanın rayonlarından maraqlı fotoşəkillərlə tanış ola bilərsiniz.
“Elanlar” adlanan bölmədə son elanlarla tanış ola bilərsiniz.

Qəzetimizin rəsmi internet səhifəsində “Şərq Qapısı”nın həftəlik nömrələri, yeni yaradılmış “Şərq qapısı” – 100 il bölməsi yerləşir. Bu bölmə qəzetimizin 100 illik yubileyinə töhfə kimi yaradılıb və muxtar respublika ziyalılarının, kütləvi informasiya vasitələri əməkdaşlarının “Şərq qapısı” ilə bağlı qələmə aldıqları xatirə, məqalə, oçerk və digər janrlarda yazılar yerləşdirilib. “Vətən müharibəsinin şəhidləri” adlanan bölmə də yenidir. Burada qəhrəmanlıqla döyüşərək Vətən müharibəsində şəhid olmuş 3000-ə yaxın hərbi qulluqçunun siyahısı, onlar haqqında müəyyən qeydlər göstərilib. Yeni və xüsusi bölmələrdən biri də “Əfsanəyə dönən ömürlər” bölməsidir ki, burada 44 günlük şanlı Vətən müharibəsində tarix yazan qəhrəman oğullarımızın şücaəti, qəhrəmanlığı, öz canı-qanı bahasına vuruşaraq şəhidlik adlı zirvəni fəth edənlərin həyat hekayələri, məqalələr, esse və oçerklər yer alır.
“Estafet” adlanan bölmədə isə “Şərq qapısı” qəzetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən hamiliyə götürdüyü Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan tələbələrin ixtiyarına verilib. Həmin ixtisasda təhsil alan İlahə Allahverdiyevanın, Etibar Dərbəndəliyevin, təhsil ala-ala qəzetdə müxbir kimi çalışan Məcid Rəşadətoğlunun maraqlı məqalələrini qeyd edə bilərik. “Naxçıvanda yaralıların və şəhid ailələrinin təminatına dəstək fondu” bölməsi vasitəsilə buraya pul köçürə və ərazi bütövlüyümüz uğrunda şəhid olanların, yaralıların ailəsinə dəstək verə bilərsiniz. “Müəlliflər” bölməsində qəzet əməkdaşlarının məqalələri onların imzalarına müvafiq olaraq yerləşdirilib. Buraya daxil olmaqla, onların müxtəlif mövzularda qələmə aldıqları məqalələrlə tanış ola, sizə maraqlı olan mövzuları buradan asanlıqla tapıb oxuya bilərsiniz. “Oxucu məktubları” hissəsində isə muxtar respublika sakinlərinin qəzetimizə ünvanladıqları minnətdarlıq məktubları yer alır. “Keçidlər” adlanan bölmədə müxtəlif informasiya saytlarının linkləri yerləşdirilib.
“Axtarış” bölməsində istənilən məlumatı axtarıb tapmaq mümkündür. “Axtarış” bölməsi bu il yenilənəcək, daha da əlçatan olacaq. Saytımızda yer alan Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına siz də maraqlı yazılarınızı göndərə bilərsiniz.
Sonda onu qeyd edim ki, qəzetimizin elektron saytı Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən təsdiq edilən Tədbirlər Planına uyğun olaraq 100 illik yubiley münasibətilə yenilənərək daha da təkmiləşdiriləcək. Biz də yaradıcı düşüncəyə malik, muxtar respublikamızın siyasi həyatındakı yeniliklərə fəal ziyalı münasibəti bildirmək istəyən hər kəsi qəzetimizlə müntəzəm əməkdaşlığa səsləyirik.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR