Muxtar respublikada meyvəçiliyin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, qəbul edilən dövlət proqramlarına uyğun olaraq yeni meyvə bağları salınır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hər il torpaq mülkiyyətçiləri, bağbanlar bol məhsul istehsal edirlər. Naxçıvana məxsus meyvə sortlarının istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır.
Mayın 27-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində Göycə festivalı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göycə festivalında iştirak etmişdir.
Tədbirin aparıcısı qeyd etmişdir ki, qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dadı-tamına, bərəkətinə çevrilmişdir. Bütün bunlara görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırmışlar. Naxçıvanda hər mövsümün öz meyvəsi vardır. Bu meyvələr içərisində öz dadı-tamı ilə seçilən, yalnız Naxçıvanda bitən bir meyvə də vardır ki, o da göycədir. Naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsinin tarixi 7-ci əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif növləri yetişdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyev çıxış edərək demişdir ki, Naxçıvan göycəsi xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradılmışdır. Bu sort becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılmışdır. “Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, “yeni”, “təzə” mənasını da ifadə edir. Göycə muxtar respublikada yazın ilk yeyilən meyvə sortlarından biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit vardır. Çoxillik göycə ağacları 10-25 il normal məhsul verir, hər bir ağacdan ildə təqribən 50 kiloqrama qədər məhsul toplanılır. Naxçıvan göycəsi, adətən, yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə göycə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə göycə ağacları uzunömürlü olur.
Varis Quliyev muxtar respublikada meyvəçiliyin inkişafına göstərdiyi diqqət və qayğıya görə Göycə festivalının iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları Naxçıvan göycəsinin sərgi-satışı ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, bu il muxtar respublikada bol göycə yetişdirilmişdir. Festivala Naxçıvan şəhərindən, Şərur, Babək və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi müxtəlif növdə 3 tondan çox göycə çıxarılmışdır. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar – mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunmuşdur. Naxçıvan göycəsi hazırda daxili bazarın tələbatını ödəməklə yanaşı, satış üçün ölkəmizin digər bölgələrinə də göndərilir.
Göycədən hazırlanan müxtəlif fiqurlar maraqlı kompozisiya yaratmış, Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyasının ifaları festivala xoş ovqat qatmışdır. Bu cür festivalların keçirilməsi Naxçıvan məhsullarının tanıdılması ilə yanaşı, turistlərin də böyük marağına səbəb olur.
Festival iştirakçıları monitorda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan göycəsi haqqında söylədiyi fikirlərin video görüntülərini izləmişlər.
Ali Məclisin Sədri göycə yetişdirən torpaq mülkiyyətçiləri ilə söhbət etmiş, onların qayğıları ilə maraqlanmışdır.
Festivalın keçirilməsinin Naxçıvan göycəsinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Nehrəm kənd sakini, bağban Tofiq Abutalıbov muxtar respublikada meyvəçiliyin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını, istehsal etdikləri məhsulları kənd təsərrüfatı yarmarkalarında rahat şəkildə satdıqlarını bildirmiş, bütün bunlara görə torpaq mülkiyyətçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri Göycə festivalının təşkilatçılarına təşəkkürünü bildirmiş, festivalın ənənə halını almasının əhəmiyyətini qeyd etmiş, göycə meyvəsinin elmi şəkildə öyrənilməsi və çoxaldılması, yeni bağların salınması, göycədən sənaye üsulu ilə məhsul istehsalının genişləndirilməsi və ixracı barədə aid təşkilatlara tapşırıqlar vermişdir.
Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçirilmiş, qaliblərə hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti