Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gəliblər.
* * *
Mayın 23-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
* * *
Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak ediblər.
AZƏRTAC