Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıyı qəbul edib.
Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisindən danışan dövlətimizin başçısı Belarusun bu sərgidə həmişəki kimi uğurla təmsil olunacağına, öz potensial və imkanlarını layiqli şəkildə nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə kənd təsərrüfatının fəal inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Belarus tərəfinin sərgidə nümayiş etdirəcəyi məhsulların Azərbaycanın müvafiq qurumlarının marağına səbəb olacağına əminliyini bildirib. Qısa zaman ərzində ölkəmizin Belarus Respublikası ilə kənd təsərrüfatı sahəsində uğurlu layihə həyata keçirdiyini bildirən Prezident İlham Əliyev birgə istehsal edilən məhsulların artıq ixrac olunduğunu deyib.
Ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirən Belarus Respublikası Baş nazirinin müavini Mixail Rusıy Bakıya səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.
Görüşdə müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC