Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev Dmitri Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirib. Ölkəmizin Hökumətlərarası Birgə Komissiyadakı fəaliyyətindən danışan dövlətimizin başçısı Azərbaycan tərəfinin də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC