Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ilk növbədə öz adından və bütün Azərbaycan xalqı adından görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin xatirəsinə şəxsən Ramazan Abdulatipov və qardaş Dağıstan xalqı tərəfindən göstərilən hörmətə görə minnətdarlığını bildirib. Dünən Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin təntənəli açılışını və bununla bağlı Dağıstan Respublikasının başçısının şəxsən qərar qəbul etməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu təntənəli mərasimdə ölkəmizin böyük nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb.
Dövlətimizin başçısı vurğulayıb ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir.
Ramazan Abdulatipov Prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırladaraq, dövlətimizin başçısının rus dili və mədəniyyəti haqqında söylədiyi dəyərli fikirlərin çox önəmli olduğunu bildirib.
Görüş zamanı əməkdaşlığın müxtəlif sahələrdə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC