10 Yanvar 2025, Cümə

Mayın 10-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına start verildiyini bildirmiş, bu münasibətlə şahmat festivalının bütün iştirakçılarını təbrik etmiş, şahmatçıları və qonaqları salamlayaraq demişdir: Beynəlxalq şahmat festivalının açılış tədbirinin böyük dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olduğu gündə keçirilməsi bu yarışın məna və əhəmiyyətini daha da artırır. Çünki Azərbaycanda şahmatın idman növü kimi inkişafı və kütləviləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”, – deyən Azərbaycan xalqının ümummilli lideri ölkəmizə rəhbərliyinin hər iki dövründə şahmatın inkişafını daim diqqətdə saxlamış, gənclərin şahmatla məşğul olması üçün hərtərəfli şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət idman və gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Qeyd olunmuşdur ki, intellektual idman növü kimi şahmata Naxçıvanda daha böyük maraq vardır. Artıq muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri beynəlxalq şahmat yarışlarının keçirildiyi mərkəzə çevrilmişdir. Bu gün muxtar respublikadakı şahmat məktəblərində gənclər şahmatın sirlərini öyrənirlər. Ümumtəhsil məktəblərində isə şahmat fənni tədris olunur, peşəkar şahmatçılar hazırlanır. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda FİDE ustası, qrossmeyster, beynəlxalq hakim və beynəlxalq usta dərəcələri alan şahmatçılar yetişmişdir.
Ali Məclisin Sədri demişdir: Müdriklər şahmatı formaca oyun, məzmunca incəsənət, bu oyuna yiyələnmə çətinliyinə görə isə elm adlandırmışlar. Bütün bunlarla yanaşı, şahmat, şübhəsiz ki, birlik, dostluq və sülh oyunudur. İnanırıq ki, builki festival da dünyanın müxtəlif ölkələrindən gələn şahmatçılar arasında dostluq əlaqələrinin yaranmasına, yeni şahmatçılar nəslinin yetişməsinə öz töhfəsini verəcək və sağlam mübarizə şəraitində keçəcəkdir.
Ali Məclisin Sədri “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının iştirakçılarına qələbə arzulamış, təşkilatçılara təşəkkürünü bildirmiş və festivalı açıq elan etmişdir.
Azərbaycan Respublikası gənc­lər və idman naziri Azad Rəhim­ov çıxış edərək demişdir ki, bu gün ölkəmizdə digər idman növləri ilə yanaşı, şahmatın inkişafına da qayğı göstərilir. Artıq Azərbaycan dünyada həm də şahmatın inkişaf etdiyi bir ölkə kimi tanınır. Hər il ölkəmizdə beynəlxalq şahmat yarışları keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalı da bu mənada mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov muxtar respublikada şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
Sonra festivalın püşkü atılmışdır.
“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalında 350-dən artıq şahmatçı iştirak edir. Festival üç yarımqrupda keçiriləcəkdir. Festivalda dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq şahmat və FİDE ustaları iştirak edir.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR