Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.
Nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə tər güllər düzmüşlər.
Ümummilli lider Heydər Əliyevin mənalı ömrü xalqa xidmət, Vətənə məhəbbət nümunəsidir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarını və milli inkişaf konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqımız öz həqiqi dövlət müstəqilliyinə qovuşmuşdur.
1969-1982-ci illərdə ulu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı aqrar respublikadan sənaye respublikasına çevirmiş, ölkədə genişmiqyaslı quruculuq işləri aparılmış, iri sənaye müəssisələri fəaliyyətə başlamış, tarixi-mədəni irsimizə, milli dəyərlərimizə qayğı göstərilmiş, milli kadrların hazırlanması prosesinin əsası qoyulmuşdur. Ümummilli liderimizin hələ SSRİ-nin mövcud olduğu dövrdə cəsarətlə və uzaqgörənliklə həyata keçirdiyi bu tədbirlər Azərbaycanın gələcək müstəqilliyinin və xalqımızın firavan həyatının möhkəm təməlini yaratmışdır.
Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başladı, torpaqlarımız işğal edildi, xalqımıza qarşı Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Xalqın əsl xilaskara ehtiyacı olduğu belə bir dövrdə bütün məsuliyyəti çiyinlərinə götürən dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başladı, Azərbaycanın qurtuluş və inkişaf tarixini yazdı. Dahi şəxsiyyət muxtar respublikanın rəhbəri olduğu 1991-1993-cü illərdə xalqımız üçün həyati əhəmiyyət daşıyan mühüm tarixi qərarlar qəbul etmişdir.
Ümummilli liderimizin 1993-cü il iyunun 15-də respublikamızda ali hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir. Tarixi zərurətdən yaranan bu Qayıdışla xalqımız müstəqil dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Ulu öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarı ilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğrultdu, ölkə həyatının bütün sahələrində dönüş yarandı, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Azərbaycanda güclü ordu formalaşdı.
Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan güclü iqtisadiyyatı və beynəlxalq nüfuzu ilə artıq dünya dövlətləri sırasında layiqli yerini tutmuşdur. Ümummilli liderin ideyaları Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurmuşdur. Dahi şəxsiyyətin xalqımızın tərəqqisi naminə irəli sürdüyü inkişaf konsepsiyası, irimiqyaslı proqramlar muxtar respublikada uğurla həyata keçirilir.
Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev yolunun alternativi yoxdur. Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də bütün titul və adlardan ən yüksəyini – öz sağlığında xalqın ümummilli lideri adını qazanmış Dahi Şəxsiyyətdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Muzeylə tanışlıqdan sonra Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin memarı, qurucusu, xilaskarı və əbədiyaşar lideridir. O insanlar tarixdə əbədi yaşayır ki, onun həyat və fəaliyyəti xalqına və dövlətinə həsr olunsun. Ulu öndər Heydər Əliyev belə görkəmli şəxsiyyətlərdəndir. Ümummilli liderin ideyaları bu gün də yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev dahi şəxsiyyətin yolunu, ideyalarını davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbirlər keçirilmiş, dahi şəxsiyyətin adını daşıyan mədəniyyət və istirahət parklarında xalq gəzintiləri təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti