Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günüdür. Artıq 13-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Hər il xalqımızın xilaskar oğlunun doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurdular.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
* * *
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
AZƏRTAC