Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək Böyük Vətən müharibəsi veteranları ilə görüşmüş, onları alman faşizmi üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri kompleksdəki abidənin önünə tər gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir.
Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.
1941-1945-cil illər müharibəsində Azərbaycan xalqı böyük qəhrəmanlıq və igidlik nümunəsi göstərmişdir. Soydaşlarımız müharibə illərində arxa cəbhədə də böyük şücaət və əzmkarlıq göstərmiş, ordunun ehtiyacını ödəmək üçün bütün qüvvələri səfərbərliyə almışlar. Qələbənin qazanılmasında Azərbaycan nefti də əhəmiyyətli rol oynamışdır.
Naxçıvanlılar da müharibədə böyük şücaətlər göstərmişlər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınmış, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını orden və medallarla təltif olunmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev qələbənin qazanılmasında xidməti olan insanlara daim diqqət göstərmiş, 1941-1945-ci illər müharibə veteranlarını “Azərbaycan xalqının qızıl fondu” adlandırmışdır. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilmişdir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirmiş, həm cəbhədə, həm arxada vuruşaraq, çalışaraq qələbənin əldə olunmasında öz xidmətlərini göstərmişdir. Bu qələbə bəşəriyyət tarixində bütün qara qüvvələrə, faşizmə qarşı mütərəqqi qüvvələrin qələbəsi idi”.
Bu gün ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının rəhbərliyi ilə müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilir. “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”, “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları bu diqqət və qayğının parlaq ifadəsidir.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də faşizm üzərində qələbənin 71-ci ildönümü münasibəti ilə tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti