09 Yanvar 2025, Cümə axşamı

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 30 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydasını tənzimləyir.
1.2. Bu Qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, dövlət ­vəsaitlərindən səmərəli istifadəni təmin etmək, kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müəyyənləşdirməkdir.

2. Əsas anlayışlar

2.0. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. ərzaq məhsulları – insanın təbii və ya emal olunmuş halda istifadə etdiyi bitki və ya heyvan mənşəli qida məhsulları;
2.0.2. satınalan təşkilat – dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (idarələri);

2.0.3. tədarük və təchizat agenti – əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulların alınmasını, tədarük edərək satınalan təşkilatlara təqdim olunmasını təmin edən hüquqi şəxs.

3. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru

3.1. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir:
3.1.1. satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir;
3.1.2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir;
3.1.3. satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparır. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılır;
3.1.4. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçı öz adını elektron portalda aşkar etmədikdə, o, özü fərdi qaydada Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları həmin məhsulları təqdim etmək niyyəti (öz istəyi ilə təklif etdiyi qiymət) barədə hər il sentyabrın 1-dək bilavasitə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat verir və nazirlik 2 (iki) iş günü müddətində həmin satıcının adı və təklif etdiyi məhsullar barədə məlumatı (qiymət təklif edildiyi halda qiyməti də) elektron portalda yerləşdirir;
3.1.5. tədarük və təchizat agenti elektron portalda yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqini aparmaq və onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumatlar almaq hüququna malikdir. Tədarük və təchizat agenti istehsalçının elektron portalda yerləşdirilən istehsal həcmini təmin etmək imkanında olmaması barədə əsaslı faktlar əldə etdikdə, elektron portalda olan məlumatlarda düzəliş edilməsi üçün Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və həmin istehsalçıya müraciət edir;
3.1.6. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olmadıqda, bütün iştirakçıların təklifləri qəbul edilir;
3.1.7. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olduqda yerli istehsalçılara üstünlük verilir;
3.1.8. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tədarük və təchizat agenti tələbatın təklifdən artıq hissəsini bu Qaydanın 3.1.3-cü yarımbəndində müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən ala bilər, bu mümkün olmadıqda isə özü idxal edə bilər.
3.2. Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır.
3.3. Növbəti il üçün ərzaq məhsullarına dair tələbat müəyyən olunduqdan sonra satın­alan təşkilatlar üzrə həmin məhsulların dəyərinin 25 faizindən az olmamaqla satınalan təşkilatlara avans məbləğinin ayrılması barədə oktyabrın 5-dək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin müəyyən etdiyi formada Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.
3.4. Satınalan təşkilatlar imzalanmış müqavilənin bir nüsxəsini və avans məbləğinin ödəniş tapşırığını dövlət xəzinədarlıq orqanlarına hər il oktyabr ayının 5-dək təqdim edirlər. Qeyd olunan sənədlər dövlət xəzinədarlıq orqanlarına elektron qaydada da təqdim oluna bilər. Dövlət xəzinədarlıq orqanları hər il oktyabrın 10-dək avans məbləğini satınalan təşkilatların hesabına köçürürlər.
3.5. Satınalan təşkilatlar növbəti ildə alınacaq ərzaq məhsulları üçün ayrılmış vəsaitləri cari ilin oktyabrın 20-dək tədarük və təchizat agentinin hesabına köçürürlər.
3.6. Tədarük və təchizat agentinin aşağıdakı öhdəlikləri vardır:
3.6.1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin elektron portalında göstərilən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə növbəti il üçün cari ilin oktyabr ayının 1-dək müqavilələrin bağlanılması;
3.6.2. satınalan təşkilatlarla növbəti il üçün cari ilin oktyabr ayının 1-dək müvafiq müqavilələrin bağlanılması;
3.6.3. növbəti ildə təqdim ediləcək ərzaq məhsullarının istehsalçılarına və ya satıcılarına bu Qaydanın 3.1.3-cü yarımbəndində müəyyən edilmiş qiymətlərə uyğun olaraq həmin məhsulların (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) dəyərinin 25 faizinin ok­tyabrın 30-dək avans qismində ödənilməsi;
3.6.4. ərzaq məhsullarının satıcılardan qəbul edilməsi, satınalan təşkilata təqdim edilənədək saxlanması və həmin təşkilatlarla bağlanılmış müqavilədə müəyyən edilən qaydada topdansatış şərtlərlə təhvil verilməsi;
3.6.5. müqavilə şərtlərinə uyğun məhsulların satınalan təşkilatlara təqdim edilməsi;
3.6.6. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin (avans qismində ödənilmiş məbləğ nəzərə alınmaqla) növbəti ayın 5-dək istehsalçılara və satıcılara ödənilməsi;
3.6.7. tədarük olunan ərzaq məhsullarının korlanma və məhv olmadan sığortalanması.
3.7. Tədarük və təchizat agentinin istehsalçılardan və ya satıcılardan aldığı ərzaq məhsullarının bu Qaydanın 3.1.3-cü yarımbəndinə uyğun müəyyən edilmiş qiymətlərinə və ya bu Qaydanın 3.1.8-ci yarımbəndinə uyğun olan faktiki idxal qiymətlərinə (idxal rüsumları nəzərə alınmaqla) tətbiq edilən ticarət əlavəsi 20%-dən çox ola bilməz.
3.8. Satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında bağlanılan müqaviləyə ərzaq məhsullarının tədarük və təchizat agentinin anbarlarından təhvilverilmə cədvəli əlavə olunmalıdır və təhvil dövriliyi (istifadə müddəti bir aydan az olan məhsullar və müqavilədə başqa cür razılaşdırılan hallar istisna olmaqla) ayda bir dəfədən çox olmamalıdır. Həmin cədvəl üzrə tədarük və təchizat agenti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təhvili müqabilində satınalan təşkilatlar məhsulların təhvilverilmə tarixindən ən geci sonrakı təqvim ayının 10-dək təhvil alınmış məhsulun dəyərinin aşağıda göstərilən düstura uyğun olaraq, avans ödənişi nəzərə alınmaqla tədarük və təchizat agentinə ödənilməsini təmin edir:
ÖM = ƏD+TƏ-AV
ÖM – ödənilən məbləğ,
ƏD – təhvil alınmış ərzaq məhsullarının dəyəri,
TƏ – ticarət əlavəsinin məbləği,
AV – avans məbləğinin xüsusi çəkisi.
3.9. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə tədarük və təchizat agenti arasında, satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında və tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələrin nümunəvi formaları Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti müəyyən edir.

4. Yekun müddəalar

4.1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə tədarük və təchizat agenti arasında bağlanılmış müqavilənin surətini Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi 5 iş günü müddətində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
4.2. Bu Qaydanın tələblərinə uyğun olaraq satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında, tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə məlumatı tədarük və təchizat agenti Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada oktyabrın 10-dək Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
4.3. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan avans məbləği, həmin məbləğin tədarük və təchizat agentinə ödənilməsi müddətləri və şərtləri Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin birgə razılığı ilə dəyişdirilə bilər.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR