Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Qazaxıstan Parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna toxunan qonaq müasir böhranlı dövrdə forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsinin önəmini vurğulayıb.
Dövlətimizin başçısı bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının növbəti forumunun Bakıda keçirilməsi ölkəmizin sivilizasiyalararası dialoq çərçivəsində fəaliyyətinə verilən qiymətin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə görülən işlərin, keçirilən tədbirlərin xalqların yaxınlaşması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbəti Sammitində görüşünü məmnunluqla xatırlayıb. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunda Qazaxıstanın bu cür yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlıq edən dövlətimizin başçısı bunu Qazaxıstanın həm forumda müzakirə ediləcək məsələlərə olan marağının, həm də Azərbaycana münasibətinin yaxşı göstəricisi kimi dəyərləndirib.
AZƏRTAC