Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasiri qəbul edib.
Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin Azərbaycanın yaxın dostu olduğunu, BMT-Azərbaycan tərəfdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynadığını deyib.
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Nasir Əbdüləziz Əl-Nasirin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir tolerantlığın və dialoqun inkişafı baxımından ölkəmizin önəmini qeyd edib, xüsusilə Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun təbliğindəki liderliyini yüksək qiymətləndirib.
Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Nasir Əbdüləziz Əl-Nasir bu ordenə layiq görülməsindən qürur hissi keçirdiyini bildirib.
AZƏRTAC