Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Mahmud Vaezinin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, Azərbaycan xalqı və dövləti tərəfindən bu işlərin yüksək qiymətləndirildiyini deyib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.
Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi öz xalqına və öz dinindən olan qonşu Azərbaycan xalqına xidmət etməsindən iftixar hissi duyduğunu vurğulayıb.
AZƏRTAC