Aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına inzibati binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.
İnzibati binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, dahi rəhbərin həyatı və siyasi fəaliyyəti ilə bağlı fotolardan ibarət guşə yaradılıb.
“Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. ASC-nin inzibati ofisi, investisiyaların idarə olunması üzrə işçi layihə qrupları və “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC bu inzibati binaya köçürülüb. Burada işçilər üçün, ümumilikdə, 210 kabinet yaradılıb. Bina ən müasir havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.
AZƏRTAC