Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Herbert Salber ötən səfərindən keçən az müddət sonra Avropa İttifaqı rəhbərliyinin tapşırığı ilə ölkəmizə yenidən səfər etməsinin aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrin daha yaxından öyrənilməsi ilə bağlı olduğunu deyib.
Söhbət zamanı qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tarixinə nəzər saldıqda, Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsi müşahidə olunur. Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələri mütəmadi surətdə Ermənistan tərəfindən atəşə tutulur, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, mülki əhali həlak olur. Bildirilib ki, məqsəd münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaqdır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRTAC