Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai etimadnamə məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev Azərbaycanın BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu, ölkəmizin təşkilat ilə çox fəal əməkdaşlıq həyata keçirdiyini deyib. Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini bildirən dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının təsisatlarında iştirakını uğurla davam etdirəcəyinə ümidvar olduğunu deyib.
Son iyirmi il ərzində təmsil etdiyi qurum ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq həyata keçirildiyini bildirən Qulam İsakzai BMT-nin Azərbaycan hökuməti ilə mövcud olan tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətində olduğunu deyib. O, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib, yoxsulluğun azaldılması, infrastrukturun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlərin önəmini vurğulayıb.
Prezident İlham Əliyev Qulam İsakzaiyə fəaliyyətində uğurlar arzulayıb.
AZƏRTAC