Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçiriləcəyinə toxunan Prezident İlham Əliyev hər iki tərəfin bu sahələrdə fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb, səfərin ikitərəfli əlaqələrimizi əhatə edən bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını bildirib.
İranın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, İran və Rusiya prezidentlərinin razılığı əsasında həyata keçirilən üçtərəfli əməkdaşlıq formatının önəmini qeyd edib.
AZƏRTAC