Martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar səyyari müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak etmişdir.
Müşavirədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək demişdir ki, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 1717 ədəd texnika və texnoloji avadanlıq gətirilmiş, onlardan 1305-i lizinq yolu ilə sahibkarlara satılmış, 137-si rayon bazalarına icarəyə verilmişdir. Muxtar respublikamızda əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatını ödəmək, eyni zamanda qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülmüş, 1927 baş damazlıq cins mal-qara xarici ölkələrdən alınaraq muxtar respublikaya gətirilmiş və lizinq yolu ilə fermerlərə satılmışdır. Hazırda muxtar respublikada aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əkin, səpin, becərmə, məhsul yığımı da daxil olmaqla, ümumilikdə, 22 adda müxtəlif xidmətlər göstərilir. Cəmiyyətin sədri muxtar respublikada aqrolizinq xidmətinin nümunəvi təşkili üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Muxtar respublikada aqrolizinq xidməti fəaliyyətə başladıqdan sonra kənd təsərrüfatının inkişafı sahəsində ciddi dönüş yaranmışdır. Ötən dövrdə yeni kənd təsərrüfatı texnikalarının gətirilərək lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilməsi daha çox torpaq sahələrinin əkilməsinə və bol məhsul istehsalına səbəb olmuşdur.
Ali Məclisin Sədri demişdir: Bu gün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan istifadəyə geniş yer verilir. Ona görə də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yeni innovasiyaların tətbiqinə xüsusi diqqət yetirməli, müasir kənd təsərrüfatı texnikalarının kataloqu yaradılmalı və onlar alınaraq muxtar respublikaya gətirilməli, torpaq mülkiyyətçilərinin yeni texnikalardan istifadəsi ilə bağlı müvafiq maarifləndirmə tədbirləri görülməlidir.
Kənd təsərrüfatının inkişafında vacib məsələlərdən biri də meliorasiya və suvarma tədbirlərinin vaxtlı-vaxtında aparılmasıdır. Ona görə də müasir suvarma metodlarından istifadə, əkin sahələrinə suyun qrafik əsasında verilməsi təmin edilməli, şoranlaşmanın qarşısı alınmalı və su itkisinə yol verilməməlidir. Əkinçilikdə məhsuldar toxum sortlarından və mütərəqqi əkin üsullarından istifadə diqqət mərkəzində saxlanılmalı, muxtar respublikanın iqlim şəraitinə uyğun qədim toxum sortları bərpa olunmalıdır.
Qeyd olunmuşdur ki, kənd təsərrüfatı məhsullarının sığortalanması vacib məsələdir. Artıq ölkəmizdə bu sahə üzrə müvafiq qanunvericilik bazası yaradılmışdır. Muxtar respublikada da əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanması təmin edilməlidir. Bundan başqa, aid təşkilatlar kənd təsərrüfatı yönümlü kreditlərin verilməsinə, kiçik fermer təsərrüfatlarının yaradılmasına köməklik göstərməli, bu məqsədlə layihələr hazırlanmalıdır. Torpaqlardan düzgün istifadə kənd təsərrüfatının inkişafında başlıca şərtdir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada torpaqlar özəlləşdirilmişdir. Ona görə də torpaqlardan təyinatına uyğun istifadə olunmalı, qanunsuz istifadənin qarşısı alınmalıdır.
“Kənd təsərrüfatı sahəsində nəticə əldə etmək üçün aid təşkilatlar tərəfindən kompleks tədbirlər görülməlidir”, – deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və 2016-cı ilin yaz əkinlərinin uğurla başa çatdırılacağına əminliyini bildirmiş, bu işdə muxtar respublikanın kənd təsərrüfatı işçilərinə uğurlar arzulamışdır.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, kənd təsərrüfatı naziri Elşad Əliyev, Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə müvafiq sahələr üzrə kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat vermişlər.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.
Bildirilmişdir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2016-cı ildə 53 ədəd texnika alınaraq muxtar respublikaya gətirilmişdir. Bu texnikalardan 6-sı Avropa istehsalı olan “New Holland” markalı traktor, 47-si isə 12 adda müxtəlif kənd təsərrüfatı texnikalarıdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanına uyğun olaraq lizinqə götürüləcək kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Həmçinin 2015-ci ildə Türkiyə Respublikasından 3 dəst damcı və 2 dəst yağış üsulu ilə suvarma sistemləri alınaraq muxtar respublikaya gətirilmişdir. Bu da muxtar respublikada kartof, soğan, bostan bitkilərinin daha mütərəqqi üsullarla suvarılmasına, su itkisinin qarşısını almağa və yüksək məhsul götürməyə imkan verəcəkdir.
Ehtiyat hissələri və gübrə anbarlarına baxış zamanı bildirilmişdir ki, əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də torpaq mülkiyyətçilərinin gübrə təminatını vaxtlı-vaxtında həyata keçirməkdir. Ona görə də bu məsələ muxtar respublikada daim diqqət mərkəzində saxlanılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2015-ci ildə 6283 ton gübrə alınaraq muxtar respublikaya gətirilmişdir. Ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq gətirilmiş gübrələr məhsul istehsalçılarına 70 faiz güzəştlə satılır.
Ali Məclisin Sədri muxtar respublikanın torpaq xüsusiyyətlərinə uyğun gübrələrin və lizinqə verilən kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin alınması barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti