Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib.
Əhməd İbrahim Məhəmməd İbrahimi Azərbaycanın Misirə dost ölkə olduğunu vurğulayıb. Misirin ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Azərbaycanın hərbi-texniki sahədə və təlimlərin keçirilməsində yaxşı təcrübəyə malik olduğunu vurğulayan Əhməd İbrahim Məhəmməd İbrahimi sərhəd xidmətləri arasında təcrübə mübadiləsinin önəmini də qeyd edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Misir arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Dövlətimizin başçısı iki ölkənin sərhəd xidmətləri arasında uğurlu əməkdaşlığa toxunaraq, ölkələrimizin hərbi, sərhəd xidməti, təhlükəsizlik sahələrində əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti yüksək səviyyəli qarşılıqlı səfərlərin bu əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyini deyib.
AZƏRTAC