09 Yanvar 2025, Cümə axşamı

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Novruz dostluq, ünsiyyət və yenilik bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə qayğı və diqqət göstərməsi üçün daima gözəl zəmin yaratmışdır. Novruz həmişə barışıq, ülfət və səmimiyyət bayramı olmuşdur”.

Novruz bayramının özünəməxsus adət və ənənələri birlik, bərabərlik, keçmişə ehtiram və gələcəyə inam hissləri aşılayır. Azərbaycan xalqı tarixən bəşəriyyətin yaranışı, təbiətin oyanışı barədə zəngin dəyərlər sistemi yaradaraq onu Novruz mərasimlərində ümumiləşdirmişdir. Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da baharın gəlişi xoş arzularla qarşılanır, Novruz bayramı böyük el şənlikləri ilə qeyd olunur, xalq yaradıcılığı günləri keçirilir.
Martın 19-da Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak etmişdir.
Milli geyimli oğlan və qız Novruzun rəmzi olan səmənini Ali Məclisin Sədrinə təqdim etmiş, Naxçıvan Dövlət Filarmoniyasının rəqs ansamblı yallı rəqsi ifa etmişlər.
Bayram tədbirində el ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək demişdir: Ötən il böyük əməllərlə yadda qaldı. Urvatlı olsun! Əlincəqala yenidən bənd-bərəsini möhkəmlətdi. Düşərli olsun! Onunla bərabər igidlərin də qoluna qüvvət gəldi. Təpərli olsun! El ağsaqqalı Dədə Qorqud deyir ki, heç nə səbəbsiz yaranmır. Bütün bunları yaradanlar var. Ömürləri uzun olsun! Bu əziz gündə diləyimiz budur: xalq üçün yaşayanlara, xalq üçün yaradanlara alqış olsun!
Xalq qəhrəmanları Babək və Koroğlu da xalqımızın vətənpərvərlik, qəhrəmanlıq şücaətlərindən söz açmış, təbriklərini çatdırmışlar.
Aşıq-ozan pоеziyası xalqımızın qədim dəyərlərindən biridir. Azərbaycanda bu sənətin ən böyük abidəsi “Dədə Qоrqud” dastanıdır. Vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan aşıq sənətinə Naxçıvanda xüsusi qayğı ilə yanaşılır, aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Hər il Novruz bayramı şənliklərində saz havalarına geniş yer verilməsi bu diqqət və qayğının təzahürüdür. Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərindən Tural Bağır­ovun, Şirin Şirinzadənin və Aydın Cəfərovun ifa etdiyi “Gözəlləmə” aşıq havası xoş ovqat yaratmışdır.
Azərbaycan xalqının milli dəyərlərindən biri də muğam sənətidir. Milli musiqi sənətimizin əsasını təşkil edən muğamlarımız dünyada tanıdılır, təbliğ olunur. Bu gün Naxçıvan Musiqi Kollecində, uşaq-musiqi məktəblərində muğamlarımız gənc nəslə öyrədilir, istedadlı muğam ifaçıları üzə çıxarılır, el şənliklərində muğam ifalarına geniş yer verilir. Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün ifa etdiyi “Mahur təsnifləri” tədbir iştirakçılarının zövqünü оxşamışdır.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupu da maraqlı kompozisiya təqdim etmişdir.

Yallı rəqsi mərdlik və mübarizlik, vətənpərvərlik və həmrəyliyin mükəmməl bədii ifadəsidir. Bəşəriyyətin yaşı qədər qədim olan, Gəmiqaya abidələrində də təsvir olunan bu sənət Naxçıvanda qorunub yaşadılır, gənc nəslə öyrədilir. Naxçıvan Musiqi Kollecinin rəqs ansamblının üzvlərinin təqdim etdiyi yallı rəqsi şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Bayram şənliyində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Gənc Heydərçiləri ulu öndərimizə və vətənimizə həsr olunmuş şeirlər söyləmişlər.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin Əcəmi seyrəngahındakı büstünün qarşısında Gənc Heydərçilərlə şəkil çəkdirmişdir.
Naxçıvan Musiqi Kollecinin sazçalanlar ansamblı “Ovşarı” saz havasını səsləndirmiş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının balaca fidanları “Novruzu” rəqsi ilə bayram şənliyinə ovqat qatmışlar. Naxçıvan şəhər “Gənclik” xalq teatrı ak­tyorlarının Süleyman Rüstəmin “Durna” komediyasının motivləri əsasında hazırladığı səhnəcik maraqla izlənilmiş, Naxçıvan Dövlət Filarmoniyasının üzvləri tulum, zurna, balaban və tütəkdə milli rəqslərimiz olan “İnnabı”, “Yüzbiri” və “Oğuz” rəqslərini ifa etmişlər.
Şifahi xalq yaradıcılığı Azərbaycan ədəbi-mədəni xəzinəsinin mühüm tərkib hissəsi­dir. Xalqımızın məişət həyatını özündə əks etdirən folklorumuz çoxəsrlik tarixə malikdir. Baharın gəlişini təmtəraqla bayram edən əcdadlarımız Novruzla bağlı zəngin folklor nümunələri yaratmışlar. Tədbirdə Naxçıvan Qızlar Liseyinin şagirdlərinin hazırladığı “Bayram axşamı – axır çərşənbə” kompozisiyası maraqla qarşılanmışdır.
Naxçıvan Dövlət Uşaq Filarmoniyasının sazçalanlar ansamblı da musiqi sovqatı ilə bayram şənliyinə qoşulmuş, Naxçıvan Dövlət Universitetində təhsil alan xarici ölkə tələbələri “Tənzərə” yallısını təqdim etmişlər.
Ali Məclisin Sədri universitetin xarici tələbələri ilə görüşmüş, onları Novruz bayramı münasibətilə təbrik etmişdir.
Tədbirdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının və Estetik Tərbiyə Mərkəzinin rəqs qruplarının çıxışları alqışlarla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram tədbirində çıxış edərək demişdir: Müstəqil ölkəmizdə, eləcə də muxtar respublikamızda Novruz bayramı geniş qeyd edilir, milli dəyərlərimiz, tarixi-mədəni irsimiz qorunub yaşadılır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, Azərbaycan Respublikasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir.
Ali Məclisin Sədri demişdir: Novruz bayramı insanlarda yeni ovqat yaradır. Sabaha olan inamı artırır. Ölkəmizdəki mövcud sabitlik və inkişaf imkan verir ki, xalqımız bu il də özünün əziz bayramını quruculuq və əmin-amanlıq şəraitində qeyd etsin. Əminik ki, müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası Novruzla gələn yeni ildə daha böyük uğurlara nail olacaq və inkişafa qovuşacaqdır.
Ali Məclisin Sədri əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad etmiş, şəhid ailələrini, sabitliyimizi qoruyanları, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini Novruz bayramı münasibətilə təbrik etmiş, hər kəsə xoş bayram ovqatı arzulamışdır.
Sonra Ali Məclisin Sədri bayram tonqalını yandırmışdır.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin izlərini yaşadan qədim milli musiqi alətlərinin bərpası diqqət mərkəzində saxlanılır, təhsil müəssisələrində musiqi dərsi tədris olunur. Tədbirdə Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri an­samblı”nın üzvləri “Bulağa gəlsin” xalq mahnısını, Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyası isə “Heyratı” ritmik muğamını ifa etmişdir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorlarının təqdimatında “Çalıb çağıran ağac” tamaşasından səhnəciklər göstərilmişdir.
Əcəmi seyrəngahında ictimai-iaşə xidməti göstərilmiş, yerli müəssisələrin istehsal etdikləri məhsulların və müxtəlif sənətkarların əl işlərinin sərgi-satışı təşkil edilmişdi. Muxtar respublikada fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətlər, kommersiya şirkətləri, istehsal və xidmət müəssisələri üçün geniş ərazidə pavilyonlar qurulmuşdu. Burada muxtar respublikamızda hazırlanan müxtəlif növ milli yeməklər, bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunmuşdur.
Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış, xalq yaradıcılığı guşəsində sərgilənən müxtəlif əl işləri nümunələrinə baxmışdır.
Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun məişəti və gündəlik həyat tərzi ilə sıx bağlı olan xalçaçılıq sənəti tutur. Müxtəlif həndəsi naxışlar və təsvirlərlə bəzədilən xalçalar xalqımızın zəngin bədii düşüncə tərzini və estetik zövqünü təcəssüm etdirir. Naxçıvan xalçaçılıq məktəbinin günümüzədək gəlib çatan dəyərli nümunələri özünəməxsus ornamentləri ilə seçilir. Bu gün evlərimizi bəzəyən, muzeylərimizdə hifz olunan cecim, kilim, palaz, xovlu və xovsuz xalça növləri insanlarımızın məişət həyatında mühüm yer tutmaqla yanaşı, tarixən bu ərazilərdə ticarətin inkişafına da mühüm töhfə vermişdir. Naxçıvanda xalçaçılıq sənəti bu gün yaşadılır və gənc nəsillərə öyrədilir. Bayram şənliyində Naxçıvan qrupuna aid olan xalçalar, bədii tikmə və parça nümunələri nümayiş olunmuş, hana qurulmuş, yun əyrilmiş, milli geyimli qızlar tərəfindən ilmələr salınmışdır.
Xalqımızın yaratdığı dekorativ-tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biri də bədii oyma sənətidir. Hələ qədim dövrlərdə əcdadlarımız bu sənətin ilk nümunələrini yaratmışlar. Naxçıvanlı sənətkarlar bu gün də ağac üzərində oyma sənətini yaşadır və inkişaf etdirirlər. Xalqımızın min illər ərzində formalaşdırdığı bədii-estetik zövqünü özündə yaşadan bu əsərlər xalq yaradıcılığı sərgilərinin bəzəyinə çevrilmişdir. Şənlikdə el sənətkarlarının Naxçıvan memarlıq məktəbinin elementlərinin əks olunduğu müxtəlif əl işləri nümayiş olunmuşdur.
Sakin Oruc Şabanov muxtar respublikada qədim adət-ənənələrimizin qorunub yaşadılmasının, Novruz bayramının geniş qeyd olunmasının yüksək dəyərə malik olduğunu bildirmiş, Ali Məclisin Sədrinə minnətdarlıq etmiş və bayram təbriklərini çatdırmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar tərəfindən hazırlanan əl işləri də sərgilənirdi. Baxış zamanı bildirilmişdir ki, bu il Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi məhkumların müxtəlif xalq sənətkarlığı sahələrində fəaliyyət göstərmələrinə stimul vermişdir. İstehsalat sahəsində hazırlanan əl işləri hər il muxtar respublikada keçirilən müxtəlif sərgilərlə yanaşı, həm də Novruz şənliklərində nümayiş olunur.
Bu gün muxtar respublikanın peşə məktəblərində digər sənət növləri ilə yanaşı, qədim sənətkarlıq sahələrinin gənc nəslə öyrədilməsi də diqqət mərkəzində saxlanılır. Bu, məşğulluq sahəsində görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, xalqımızın məişətinin ayrılmaz parçası olan peşə sahələrinin yaşadılmasına da xidmət edir. Dulusçuluq, papaqçılıq və misgərlik sənətinin yaşadılması bu mənada xüsusi əhəmiyyətə malikdir. Tədbirdə dulusçu, papaqçı və misgərlik sənətlərinin incəlikləri nümayiş etdirilmişdir.
Misdən hazırlanmış ev və mətbəx əşyalarının muzeylərimizin dəyərli tarixi eksponatları sırasında yer alması muxtar respublikada misgərlik sənətinin çoxəsrlik tarixindən xəbər verir. Yüksək ustalıq və estetik zövq tələb edən misgərlik muxtar respublikada bu gün də yaşadılıb inkişaf etdirilən xalq sənəti sahələrindəndir. Sənətkarların mis üzərində qabartma üsulu ilə hazırladıqları müxtəlif dekorativ əşyalar, suvenirlər yurdumuza gələn qonaqların diqqətini cəlb edir.
Qədimdən bəri papaqçılıq sayılıb-seçilən sənətkarlıq növlərindən olmuşdur. Xalqımız tarixən papağa xüsusi hörmətlə yanaşmış, papaq baş geyimi olmaqla yanaşı, həm də mentalitet və igidlik rəmzi hesab olunmuşdur. Günümüzdə də bu qədim el sənətini yaşadan sənətkarlar vardır. Tədbirdə nümayiş etdirilən milli papaq nümunələri maraq doğurmuşdur.
Naxçıvanda ilkin əl əməyinə əsaslanan saxsı qab istehsalı tarixən inkişaf edərək dulusçuluq sənətinin formalaşmasına təkan vermişdir. Naxçıvanda ən qədim dövrdən dulusçu emalatxanaları fəaliyyət göstərmiş və bu sənət növü geniş ərazidə yayılmışdır. Aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri burada qədim dulusçuluq sənətinin formalaşmasını və inkişafını təsdiq edir. Bu sənət sənətkarlarımız tərəfindən bu gün də yaşadılır, dulusçuluq əşyaları və alətləri sərgilərdə daim öz yerini tutur.
Tədbirdə naxçıvanlı rəssamların kətan üzərində yağlı və sulu boya ilə çəkdikləri, dəri üzərində işləmə və vitraj üsulu ilə hazır­ladıqları əsərləri işlənmə texnikası, rəng çalarları və orijinal görünüşü ilə diqqəti cəlb etmişdir.
Naxçıvan zəngin təbiətə malikdir. Burada bitən bitkilər müalicəvi xüsusiyyətləri ilə seçilir. Hələ qədimdən müxtəlif bitki çayları təbabətdə geniş tətbiq olunmuş, zamanın sınağından çıxaraq müasir dövrdə də öz əhəmiyyətini qoruyub saxlamışdır. Tədbirdə “Farma-şah” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan müxtəlif bitki çayları nümayiş olunmuşdur.
Bayram tədbiri musiqi və incəsənət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilmiş, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları “Kosanın toyu” xalq oyununu təqdim etmişdir.
Ali Məclisin Sədri Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyində olmuş, Naxçıvanskilər nəslinin Azərbaycanın milli dövlətçilik tarixindəki xidmətlərini qeyd etmiş, Naxçıvan xanlığının tarixinin araşdırılması, muzeyin yeni eksponatlarla zənginləşdirilməsi və elmi-tədqiqat mərkəzi kimi fəaliyyətinin gücləndirilməsi barədə tapşırıqlar vermişdir.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə bayram şənlikləri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR