Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnlə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Koreya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20 il bundan əvvəl – 1992-ci ildə qurulduğunu bildirmiş, ötən müddətdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır.
Ali Məclisin Sədri demişdir ki, Azərbaycan-Koreya münasibətlərinin genişlənməsində Naxçıvan Muxtar Respublikasının da özünəməxsus yeri və rolu olmuşdur. Koreya ilə Naxçıvan Muxtar Respublikası arasında mövcud qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri inkişaf edərək yeni mərhələyə yüksəlmişdir. Naxçıvan Dövlət Universiteti ilə Koreyanın qabaqcıl universitetləri arasında qurulan münasibətlər, Koreya şirkətləri tərəfindən Naxçıvan Dövlət Universitetində həyata keçirilən layihələr əlaqələrin inkişafının daha bir göstəricisi kimi səciyyələnir.
Ali Məclisin Sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla, eləcə də onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini bildirmişdir.
Göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıq edən səfir Çoi Suk-İn Azərbaycan-Koreya əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin xüsusi yer tutduğunu bildirmişdir. Ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsinə çalışacağını bildirən qonaq muxtar respublikada əldə edilən inkişafı uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti