09 Yanvar 2025, Cümə axşamı

Martın 11-də “Naxçıvan” Universitetində Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təqdimat mərasimində çıxış edərək demişdir: Azərbaycana rəhbərliyi dövründə ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafını daim diqqət mərkəzində saxlayırdı.

Bu siyasətin davamı olaraq informasiya texnologiyalarının inkişafını prioritet sahə elan edən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunan dövlət proqramları, həyata keçirilən zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına inte­qrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Ölkə rəhbəri 2012-ci ildə “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”ni təsdiq etmiş, 2015-ci ildə isə “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Fərman imzalamışdır. Bununla da dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasının hüquqi əsasları yaradılmışdır.
Ali Məclisin Sədri demişdir: İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzindədir. Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans Asiya-Avropa fiber optik kabel magistralına qoşulmuş, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənmişdir. 2014-cü ildə alternativ fiber optik kabel magistralının inşasının başa çatdırılması muxtar respublikanın həm daxili, həm də xarici əlaqələrinin kəsintisiz həyata keçirilməsində, elektron hökumət, 4-cü nəsil xidmətlərin və digər layihələrin icrasında əhəmiyyətli rol oynamışdır. Bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndində yaşayan sakinlər informasiya-kommunikasiya texnologiyalarının imkanlarından eyni səviyyədə istifadə edə bilir. Artıq Naxçıvan informasiya blokadasından çıxmış, geniş­zolaqlı və simsiz internetdən istifadə insanların gündəlik həyat tərzinə çevrilmişdir. Əldə olunmuş nailiyyətlər muxtar respublikada elektron təhsilin tətbiqi üçün də yeni imkanlar açmışdır. Görülmüş işlərin nəticəsi olaraq ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədris təmin edilmiş, təhsil müəssisələrində 5 mindən artıq kompüter, 700-dən çox elektron lövhə quraşdırılmış, distant təhsil şəbəkəsi qurulmuşdur. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir.
“Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq elektron sənəd dövriyyəsi, eləcə də vətəndaşlardan daxil olan ərizə və müraciətlər üzrə elektron qeydiyyat sistemi yaradılmışdır. Qabaqcıl proqram təminatına əsaslanan bu sistem muxtar respublikada vətəndaş cəmiyyətinin və vətəndaşla dövlət orqanları arasında münasibətlərin inkişafına mühüm töhfədir”, – deyən Ali Məclisin Sədri bu işin mühüm əhəmiyyəti olduğunu bildirmiş, sistemin yaradılmasında əməyi olanlara təşəkkür etmişdir.
Ali Məclisin Sədri demişdir: Qeyd olunanlar bir daha göstərir ki, muxtar respublikada informasiya texnologiyalarının inkişafı və onun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xeyli iş görülüb. Lakin təbii ki, bu, son hədd deyil. Qarşıdakı dövrdə bu sahədə iş daha da təkmilləşdirilməli, lokal şəbəkənin normal fəaliyyəti üçün aid qurumlar öz səlahiyyətləri daxilində fəaliyyətlərini artırmalıdırlar. Elektron informasiya sistemində yeni texnologiyaların tətbiqi əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsini şərtləndirir. Bu xüsusatlar nəzərə alınaraq insanlar yeni texnologiyaların imkanlarından istifadəyə təşviq olunmalıdırlar. Əhalinin informasiya-kommunikasiya texnologiyaları və informasiya cəmiyyəti barədə maarifləndirilməsi üçün müxtəlif kitabçaların, terminoloji lüğətlərin, elektron vəsaitlərin hazırlanması təmin edilməlidir.
Rabitə və Yeni Texnologiyalar Nazirliyi Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin təkmilləşdirilməsini, onun əhatə dairəsinin genişləndirilməsini davam etdirməli, aidiyyəti orqanlarla birlikdə sistemin təhlükəsizliyi üçün tədbirlər görməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı digər məlumatları vaxtında qeydiyyata almalıdırlar. Mərkəzi icra hakimiyyəti orqanları ilə onların yerli qurumları arasında da elektron sənəd dövriyyəsinin tətbiqi genişləndirilməlidir. Bu sistemlərin qurulduğu bütün orqanlarda informasiya təhlükəsizliyi məqsədilə ayrıca otaqlar olmalı, müvafiq avadanlıqlar qurulmalı, məsul şəxslər müəyyənləşdirilməlidir.
Qeyd olunmuşdur ki, yeni texnologiyaların səmərəli tətbiqi üçün mütəxəssis hazırlığına ciddi diqqət yetirilməlidir. Aid dövlət orqanları Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə kadrların hazırlıq səviyyəsinin artırılması üçün tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər. Ali və orta ixtisas təhsili müəssisələri tələbələrin informasiya-kommunikasiya vasitələri ilə iş vərdişlərini artırmaq məqsədilə praktiki kursların təşkilinə diqqəti artırmalıdırlar. Təhsil Nazirliyi elektron təhsil resurslarından səmərəli istifadəni təmin etməklə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmalı, distant təhsilin genişləndirilməsi üçün müvafiq tədbirlər görməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud şəxslərin, ələlxüsus uşaqların distant təhsili, eləcə də audio və elektron kitabxanalardan istifadə imkanlarını genişləndirməlidir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi daim yeniləşir. Buna uyğun olaraq dövlət orqanlarının və təhsil müəssisələrinin fəaliyyəti də təkmilləşməli, müasir dövrün tələblərinə cavab verməlidir.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək demişdir ki, son illər muxtar respublikada 1300 kilometrdən artıq optik kabel xətləri çəkilmiş, mövcud 174 elektron avtomat stansiyadan 170-i optik arabağlantılarla təmin edilmişdir. Bundan başqa, Sədərək-Ordubad alternativ optik kabel magistralının tikintisi başa çatdırılmış, dövlət orqanlarının elektron xidmət göstərmələrinin təşkili məqsədilə 33 dövlət orqanı üçün optik telekommunikasiya şəbəkəsi, 8 mərkəzi icra hakimiyyəti orqanı ilə onların şəhər və rayon təşkilatları arasında isə lokal telekommunikasiya şəbəkələri qurulmuş, 76 dövlət təşkilatı və 12 idman federasiyası üçün internet səhifələri hazırlanmışdır. Həyata keçirilən tədbirlərin davamı olaraq ötən il muxtar respublikaya daxil olan internet kanalının sürəti artırılmış, Türkiyə Respublikası istiqamətindən ikinci fiber optik kabel xətti çəkilərək alternativ kabel magistralına qoşulmuş, 4-cü nəsil mobil operatorun və mobil internet provayderin yaradılmasına başlanmışdır. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətləri göstərilir, stasionar telefon abunəçilərinin 67 faizi yeni nəsil rabitə xidmətlərindən istifadə edirlər.
Rövşən Məmmədov muxtar respublikada informasiya texnologiyalarının inkişafına göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri üçün tələb olunan server və digər avadanlıqlar alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində qurulmuş, hər iki sistem üçün proqram təminatı hazırlanmışdır. Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat Sistemi 2 terabaytlıq yaddaşa malikdir. Bu da daxil olan müraciətlərin və verilən cavabların uzun müddət arxivdə saxlanılmasına imkan yaradacaqdır. Muxtar respublikanın 76 təşkilatının internet saytında elektron müraciət bölməsi yenidən işlənmiş və sistemlə əlaqələndirilmişdir. Bu da vətəndaş tərəfindən elektron hökumət portalı üzərindən göndərilən müraciətlərin eyni vaxtda elektron qeydiyyat sisteminə də daxil olmasına imkan verir. Təşkilat tərəfindən vətəndaşın müraciətinə 15 gündən gec cavab verildikdə sistem əməliyyatçını məlumatlandırır. Əməliyyatçı məlumatları digər elektron ünvanlara göndərmək, çap etmək, müqayisələr aparmaq, istənilən tarixdə göndərilən müraciətlərə yenidən baxmaq imkanına malikdir. Hər iş gününün sonunda bazaya daxil olan müraciətlər və verilən cavablar avtomatik olaraq arxivə göndərilir.
İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminin əsas və ehtiyat serverlərinin hər birinin tutumu 3 terabaytdır. Sistem lokal şəbəkə daxilində fəaliyyət göstərir. Buna görə də bütün sənədlər və yazışmalar Elektron Sənəd Dövriyyəsi Sisteminin serverində tam təhlükəsiz şəraitdə saxlanılır. Əməliyyatçı ona verilmiş şifrə vasitəsilə sistemə daxil olur. Bu zaman 30 dəqiqə ərzində kompüterdə heç bir əməliyyat aparılmadıqda sistem həmin istifadəçini avtomatik olaraq kənarlaşdırır.
Ali Məclisin Sədri demişdir ki, muxtar respublikanın yaşayış məntəqələrində sürətli internetə çıxış imkanının olması Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat Sistemindən istifadəyə hərtərəfli şərait yaradır. Yeni sistem vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına imkan verir. İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminin yaradılması isə imkan verəcəkdir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsi daha operativ təşkil olunsun. Qeyd olunanlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi əhalinin Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat Sistemindən istifadə etməsi üçün maarifləndirmə və təbliğat işləri aparmalı, mərkəzi və yerli icra hakimiyyəti orqanları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemindən istifadəyə diqqəti artırmalıdırlar. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərindən istifadəyə nəzarəti gücləndirməli, Rabitə və Yeni Texnologiyalar Nazirliyi hər iki sistemin təkmilləşdirilməsi sahəsində işləri davam etdirməlidir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR