Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq vəzifə maaşları 2016-cı il martın 1-dən orta hesabla 10 faiz artırılsın:
1.1. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi;
1.2. İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq;
1.3. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, rayon (şəhər) dövlət arxivləri;
1.4. Naxçıvan Dövlət Film Fondu;
1.5. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 3 mart 2016-cı il