Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin səmərəli olduğunu qeyd edərək ötən dövr ərzində komissiya tərəfindən bir sıra məsələlərin icra olunduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. Prezident İlham Əliyev bunu əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndirib.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu bildirən Dmitri Roqozin Hökumətlərarası Birgə Komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini vurğulayıb.
AZƏRTAC