Martın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Muratla görüşmüşdür.
Qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin Sədri onun ölkəmizdəki birinci fəaliyyəti dövründə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin olduğunu bildirmiş, münasibətlərin bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq şəraitində davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat göstərilən səmimi münasibətə görə minnətdarlıq etmiş, Naxçıvan Muxtar Respublikasının inkişafının onda xoş təəssürat yaratdığını bildirmişdir. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səyini artıracağını qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti