09 Yanvar 2025, Cümə axşamı

Ölkəmizdə aparılan davamlı sosial-iqtisadi inkişaf hər bir şəhəri, rayonu və kəndi əhatə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan sabitlik məkanıdır, inkişaf ölkəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasında da geniş tikinti-quruculuq işləri aparılır, yaşayış məntəqələrində insanların rahatlığına xidmət edən müasir infrastruktur yaradılır. Mövcud inkişaf və sabitlik kəndlərdə məskunlaşmanı artırır, insanların rifahı yüksəlir. Bu tədbirlər Şahbuz rayonunda da uğurla həyata keçirilir. Görülən quruculuq işlərindən sonra rayonun Daylaqlı kəndi muxtar respublikanın müasirləşən kəndlərinin sırasına daxil olmuşdur.

Daylaqlı kənd tam orta məktəbinin yeni binası
istifadəyə verilmişdir

Fevralın 29-da Daylaqlı kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Tədbirdə məktəbin direktoru Yenibar Hüseynov çıxış edərək demişdir ki, aparılan kompleks quruculuq və abadlıq işləri kəndin bugünkü və gələcək inkişafına təminat verir. Hər cür şəraiti olan müasir məktəb binasının tikilib istifadəyə verilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki gələcək inkişafa yol açan mühüm sahələrdən biri təhsil, gənc nəslin təlim-tərbiyəsidir. Biz bunun mahiyyətini başa düşür və söz veririk ki, nizam-intizamı daha da möhkəmləndirəcək, pedaqoji işi günün tələbləri səviyyəsin­­də quracaq, intellektli, vətənpərvər gənclər yetişdirəcəyik.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Daylaqlı kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara tədrisdə uğurlar arzulayaraq demişdir: Ölkəmizdə təhsilə böyük diqqət göstərilir, bu sahənin maddi-texniki bazası möhkəmləndirilir. Çünki təhsil hər bir ölkənin gələcəyidir. Bu gün istifadəyə verilən Daylaqlı kənd tam orta məktəbi də ölkəmizin gələcəyinin təmin olunması sahəsində görülən işlərin davamıdır.
Ümummilli liderimiz Heydər Əliyevin “Məktəb Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır” fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, ölkəmizin gələcəyinin təmin olunması sahəsində dövlətin üzərinə düşən vəzifələr uğurla yerinə yetirilir. Ölkəmizin hər yerində məktəblər tikilir, şagirdlərin yaxşı təhsil alması üçün müasir tədris şəraiti yaradılır, müəllim əməyi qiymətləndirilir. Bu gün istifadəyə verilən Daylaqlı kənd tam orta məktəbində də həm şagirdlər, həm də müəllimlər üçün lazımi şərait vardır.
Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri bunu tədrisin düzgün təşkilinin nəticəsi kimi dəyərləndirmiş, kollektivə təşəkkür edərək demişdir: Daylaqlı kənd tam orta məktəbinin müəllim və şagirdləri yaradılan şəraitdən düzgün istifadə etməli, tədrisə və təlim-tərbiyəyə ciddi diqqət yetirilməli, müəllim hazırlığı lazımi səviyyədə olmalıdır. Əgər müəllim hazır­lığı lazımi səviyyədədirsə, onda məktəbdə şagird hazırlığı, təhsilin səviyyəsi də yüksək olacaq, nailiyyətlər artacaqdır.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamış, onları yeni məktəbin istifadəyə verilməsi münasibətilə bir daha təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 16 şagirdə kompüter hədiyyə etmiş, məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, üçmərtəbəli məktəb binası 168 yerlikdir. Burada 14 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kitabxana fondu zənginləşdirilmiş, 1800-dən artıq ədəbiyyat və dərslik kollektivin istifadəsinə verilmişdir.
Ali Məclisin Sədri məktəbin idman zalında olmuş, şagirdlərin fiziki inkişafı və sağlam böyüməsində idman dərslərinin əhəmiyyətini qeyd etmişdir.
Ümumtəhsil məktəblərində elektron dərsliklərdən istifadə və distant dərslərin keçirilməsi üçün lazımi şərait yaradılır. Kompüter otağında 13 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuş, elektron lövhəli siniflər lazımi multimedia sistemləri və elektron dərsliklərlə təchiz olunmuşdur.
Elektron lövhəli sinifdə muxtar respublikanın 213 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında keçirilən distant dərs izlənilmiş, şagirdlərə qədim xalçaçılıq sənəti haqqında ətraflı məlumat verilmişdir.
Fənn laboratoriyalarının müasir təchizatı fizika, kimya və biologiya dərslərinin səmərəli təşkilinə imkan verəcəkdir. Müasir şahmat sinfi və hərbi kabinə isə şagirdlərin zehni inkişafına və vətənpərvər böyüdülməsinə hesablanıb.
Şahmat sinfinə baxış zamanı məlumat verilmişdir ki, məktəbin şagirdləri bu idman növünə böyük maraq göstərir. Şahmat üzrə keçirilən rayon birinciliyində məktəbin 4-cü sinif şagirdi Sinan Məhərrəmli qalib olmuşdur.
Ali Məclisin Sədri gənclərin zehni inkişafında şahmatın əhəmiyyətini qeyd etmiş, ümumtəhsil məktəbləri şagirdləri arasında şahmat üzrə rayon və muxtar respublika çempionatlarının keçirilməsini tapşırmışdır.
Sonra müəllimlərlə görüş olmuşdur.
Müəllim Əli Mirzəyev demişdir ki, məktəbimizdə bu günədək belə müasir tədris şəraiti olmamışdı. İstifadəyə verilən yeni məktəb binası müəllim, şagird və valideynlərin arzularını reallığa çevirdi. Məktəb binası qarşıdan gələn Novruz bayramı ərəfəsində kollektivimizə ən dəyərli hədiyyədir. Müəllim peşəsi müqəddəsdir. Ölkəmizdə bu ad uca tutulur, müəllim əməyinə yüksək qiymət verilir. Müasir tədris şəraitinin yaradılması gələcəyimizə hesablanmış tədbir olmaqla yanaşı, həm də müəllim əməyinə verilən yüksək qiymətdir. Bu diqqət və qayğının müqabilində səylərimizi daha da artıracaq, bilikli və vətənpərvər gənclər yetişdirəcəyik.
Ali Məclisin Sədri demişdir ki, hər bir ölkənin davamlı inkişafı təhsilli və vətənpərvər gənclərin yetişdirilməsindən başlayır. Bu iş məktəblərdə həyata keçirilir. Lakin ölkənin gələcəyini hazırlamaq yalnız məktəb kollektivinin üzərinə düşən vəzifə deyil. Bu məsələ cəmiyyətin hər bir üzvünü düşündürməlidir. Müəllimlərin fəaliyyəti təkcə məktəblə məhdudlaşmamalı, məktəb-ailə, müəllim-şagird-valideyn münasibətləri düzgün qurulmalı, məktəblər şagird yetişdirməklə yanaşı, eyni zamanda kəndin ziyalı mərkəzinə çevrilməlidir. Daylaqlı kənd tam orta məktəbində perspektiv nəzərə alınmış, şagirdlərin yaxşı oxuması və sağlam böyüməsi üçün hər cür şərait yaradılmışdır. Ötən il məktəbi bitirən məzunlar ali məktəblərə, 9-cu sinif bazasından orta ixtisas məktəbinə və Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşlar. Bu da onu göstərir ki, məktəbdə təhsilli şagirdlərlə yanaşı, vətənpərvər gənclər də yetişdirilir. Müəllimlər bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, məktəbdə vətənpərvər və savadlı gənclər yetişdirilməlidir.
Məktəbin həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, açıq idman qurğuları qoyulmuşdur.

Daylaqlıda yeni kənd mərkəzi inşa olunmuşdur

 

Fevralın 29-da Daylaqlı Kənd Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan binada dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılmışdır. Mərkəzdə rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün iş otaqları, klub və iclas zalı vardır. Kitabxanada 4630 ədəbiyyat oxucuların istifadəsinə verilmişdir. Rabitə evində poçt bölməsi yaradılmış, dövri mətbuat, internet və danışıq kartlarının satışı təşkil olunmuşdur. Fiber-optik xəttin çəkilməsi və yeni ATS-in qurulması Daylaqlı və Kiçikoba kəndlərinin əhalisinə keyfiyyətli rabitə və sürətli internet xidmətinin göstərilməsinə imkan verir.
Baytarlıq məntəqəsində xidmətin təşkili üçün lazımi şərait yaradılmışdır. Bildirilmişdir ki, baytarlıq xidməti işçiləri mal-qaranın baş sayının artırılmasını, cins tərkibinin yaxşılaşdırılmasını və sağlamlığının qorunmasını diqqət mərkəzində saxlayırlar.
Yeni Azərbaycan Partiyası Daylaqlı və Kiçikoba kənd ərazi ilk təşkilatının sədri Nihad Quliyev demişdir ki, bu gün ərazi ilk təşkilatında gənclər üstünlük təşkil edir və onların sayı ilbəil artır. Bu da ölkəmizin bugünkü inkişafının, hər bir kənddə aparılan kompleks quruculuq işlərinin, insanların rahat yaşayışı üçün yaradılan şəraitin nəticəsidir.
Feldşer-mama məntəqəsi 4 otaqdan ibarətdir. Otaqlar təyinatına uyğun tibbi avadanlıqlarla təchiz olunmuşdur. Məntəqədə sakinlərə ilkin tibbi yardımın göstərilməsi və mütəmadi profilaktik tədbirlərin görülməsi üçün lazımi şərait yaradılmış, dərman preparatları qoyulmuşdur.
Ali Məclisin Sədri ahıl insanların, hamilə qadınların və uşaqların vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
44 yerlik iclas zalı kənddə müxtəlif tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Daylaqlıda yeni xidmət mərkəzi istifadəyə verilmişdir 

Fevralın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Daylaqlı kəndində yeni xidmət mərkəzinin də açılışını etmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Burada 5 nəfər işlə təmin olunmuşdur.
Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Ali Məclisin Sədri demişdir: Daylaqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Daylaqlı və Kiçikoba kəndlərini əhatə edir. Aparılan quruculuq işlərindən sonra Daylaqlı kəndinin siması tamamilə dəyişmişdir. Kənddə məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, geniş abadlıq işləri görülmüşdür. Digər tərəfdən muxtar respublikada həyata keçirilən su-kanalizasiya layihələri çərçivəsində Daylaqlı kəndindəki mənzillər də keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Bütün bunlar sakinlərin rahatlığına hesablanmış tədbirlərdir. Rahat şərait isə yaxşı əhval-ruhiyyə və məskunlaşmanın artması deməkdir. Həmçinin kəndin təbii şəraiti, rayon mərkəzinə və Naxçıvan şəhərinə yaxın məsafədə yerləşməsi imkan verir ki, kənd adamları yetişdirdikləri məhsulları bazarlara rahat çıxarsınlar. Bütün bunların müqabilində sakinlər qarşıda duran vəzifələri yerinə yetirməli, qurulanlar qorunmalı, kənd daha da abadlaşdırılmalı, yaşıllıqlar artırılmalıdır.
Ali Məclisin Sədri muxtar respublikanın kəndlərinin abadlaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmiş, sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
Sakinlər adından minnətdarlıq edən İsmayıl İsmayılov demişdir ki, ölkəmiz inkişaf etdikcə sakinlərin yaşayış səviyyəsi də yüksəlir. Aparılan quruculuq işləri Daylaqlı kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Yaşadığımız bu sevinci sözlə ifadə etmək çətindir. Kənddə qısa müddət ərzində aparılan quruculuq işləri bütün sahələri əhatə edib. Əhalinin içməli və suvarma suyuna olan tələbatı tam ödənilir. Fasiləsiz elektrik enerjisindən, təbii qazdan və rabitə əlaqəsindən istifadə edirik. Sakinlər göstərilən qayğının müqabilində səylə çalışacaq, təsərrüfatlarını genişləndirəcək, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

* * *

Kənddə avtomobillərin rahat hərəkəti təmin olunmuş, 4 kilometrlik kənddaxili yollar yenidən qurulmuş, 7 su keçidi qoyulmuş, beton kanal çəkilmişdir. Rabitə və elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 1100 metr məsafədə fiber-optik, 1270 metr rabitə və 3 kilometr yeni elektrik xətti çəkilmişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR