09 Yanvar 2025, Cümə axşamı

Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoymuş, Xocalı soyqı­rımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırımı abidəsinin önünə gül qoymuşlar.
Tədbirin aparıcıları qeyd etmişlər ki, erməni millətçiləri Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı Xocalı şəhərinə basqın etdi. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirildi. Bir gündə 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar idi. Xocalı faciəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüşdür. Xocalıda qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmiş, ağbirçək analara, ağsaqqallara, südəmər körpələrə belə aman ve­rilməmiş, bir gecədə şəhər yer üzündən silinmişdir.
Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham etmişdir. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı ölkəmizdə “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ümummilli liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 1700-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibliyindən danışaraq demişdir: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misligörünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.

Ulu öndərimizin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Ölkə rəhbəri Xocalı soyqırımı barədə demişdir: “Harada baş verməsindən asılı olmayaraq, biz hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edirik. Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaq”.
Tədbirdə vurğulanmışdır ki, son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın törətdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində sistemli iş aparılır. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası təsis olunmuşdur. Kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Bu gün yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişlər. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir.
Xocalı harayı, Xocalı fəryadı ürəklərdə qanayan yaradır. Bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir, Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sənədli materiallar nümayiş etdirilir. Dünyanın hər yerində bu soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Artıq Peru, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Honduras, Sudan, Sloveniya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımış, Rumıniya, Kanada və İordaniya parlamentləri bu barədə xüsusi bəyanat qəbul etmişlər. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının 20 ştatının qanunverici orqanı da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarmışdır. Uzaq Amerika qitəsində, Asiyada, Avropada, ümumiyyətlə, dünyanın hər tərəfində Xocalı soyqırımının tanınması haqqın, ədalətin təntənəsidir.
Bildirilmişdir ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutma­malıdır ki, fevralın 26-sı təkcə Azərbaycan xalqının faciə tarixi deyil, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir. Düşmən bilməlidir ki, Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qisasını alacaq, üçrəngli bayrağımız işğal olunmuş torpaqlarımızda – Şuşada, Xankəndidə dalğalanacaqdır.

Bu gün gur səslə deyir anam Azərbaycanım:
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Yolum oddan-alovdan, yolum qandan keçsə də,
Məhv etmək istəyirəm o mənfur düşmənimi.
Bu ana torpağıma qoy qurban olsun canım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Hər bir oğul bu yurdun vuran şah damarıdır,
Vətən yoxsa, biz nəyik? – Quru torpaq, quru daş...
Səngərlərdə qurd kimi marıqda dayanmasaq,
Bu yurda nə oğuluq, nə əsgər, nə vətəndaş?!
Vətəndir canım-gözüm, odur şərəfim, şanım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Qana-qandır bax bu gün mənim andım, şüarım,
Qanımı şərbət kimi içsin Vətən torpağı.
Bir milyon oğlu, qızı şəhid olsa da belə
Dalğalansın Şuşamda Azərbaycan bayrağı.
Qələbədir son andım – odur dinim, imanım,
Döyüş əmri ver mənə, Ali Baş Komandanım!

Muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbirlər keçirilmiş, soyqırımına məruz qalan xocalılıların xatirəsi ehtiramla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR