Muxtar respublikada məhkumluq həyatı yaşayan insanların müxtəlif peşələr üzrə kurslara cəlbi və azadlığa buraxıldıqdan sonra öz peşələrinə uyğun işlə təmin olunması diqqət mərkəzində saxlanılır.
Fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada məhkumların hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, peşə vərdişlərinə yiyələnməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Məhkumların islah olunmasında əməyin böyük rolu vardır. Çünki peşə vərdişinə yiyələnmə məhkumun gələcəkdə cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayır. Müəssisənin istehsalat sahəsində bu günə kimi 64 məhkum kompüter istifadəçisi, misgərlik, ağac üzərində oyma və qazanxana maşinisti peşələri üzrə kurs keçmişdir. Azad edilmiş məhkumlar öyrəndikləri peşələr üzrə fəaliyyətlərini davam etdirirlər. Suliddin Əliyev yaradılan şəraitə və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Müstəqil Azərbaycanın hər bir vətəndaşı ölkəmiz üçün qiymətlidir. Çünki ölkənin inkişafını onun vətəndaşları təmin edirlər. İxtisası və peşəsi olan vətəndaşlar isə ölkəsi və xalqı üçün daha faydalı olur. Bu gün Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində istifadəyə verilən yaradıcılıq və istehsalat binasında da müxtəlif səbəblərdən məhkumluq həyatı yaşayan vətəndaşlarımıza peşələr öyrədiləcəkdir.
Ali Məclisin Sədri demişdir: Məhkumluq həyatı yaşayan və peşəsi olmayan vətəndaşlar məhkumluq müddəti başa çatdıqdan sonra cəmiyyətə qayıdırlar. Müəyyən səbəblərə görə məhkumluq həyatı yaşayan bu insanların sonradan peşə öyrənmələrində müəyyən çətinliklər yaranır. Ona görə də yaradıcılıq və istehsalat sahəsində məhkumlara 10 ixtisas üzrə peşələr öyrədiləcək və onlar cəmiyyətə sənəti, peşəsi olan vətəndaş kimi qayıdacaqlar. Burada açılan ixtisaslar muxtar respublika üçün tələbat olan sahələrdir. Belə ki, muxtar respublikanın müəssisə və təşkilatlarında 500-dən artıq qazanxana fəaliyyət göstərir. Həmçinin kənd yaşayış məntəqələrində istifadəyə verilən xidmət mərkəzlərində bərbərxana, gözəllik salonları, dərzi otaqları istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradıcılıq və istehsalat sahəsində müxtəlif peşələri öyrənən məhkumların bir hissəsi gələcəkdə məhkumluq müddəti başa çatdıqdan sonra bu sahələrdə işlə təmin olunacaqlar.
Qeyd olunmuşdur ki, 2012-ci ildən etibarən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində istehsalat sahəsi yaradılmış, bəzi ixtisaslar üzrə peşələrin öyrədilməsinə başlanılmışdır. İstehsalat sahəsində hazırlanan əl işlərinin muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayişi və satışı təşkil olunmuşdur. Hazırda Naxçıvan şəhərində məhkumların əl işlərinin satışı mağazası fəaliyyət göstərir. Həyata keçirilən bu tədbirlər məhkumlara peşə öyrədilməsi ilə yanaşı, həm də onların ailə büdcələrinə kömək edəcək, vaxtları səmərəli keçəcəkdir.
Ali Məclisin Sədri demişdir: Məhkumlara peşə öyrədilməsi və onların cəmiyyətə sağlam vətəndaş kimi qaytarılması qarşıda duran əsas vəzifədir. Ona görə də məhkumluq həyatı yaşayan vətəndaşlarımıza qayğı ilə yanaşılmalı, onların yenidən həyata hazırlanmaları üçün lazımi tədbirlər görülməlidir. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlara peşə öyrədilməsi ilə yanaşı, həm də oxu günləri və digər mədəni-kütləvi tədbirlər keçirilməlidir. Məhkumlar cəmiyyətdən təcrid olunmamalı, azad olunduqdan sonra ölkəsi və ailəsi üçün yararlı vətəndaşa çevrilməlidirlər.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamış və binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan binada istehsalat və tədris otaqları, yeməkxana və nəzarətçi otağı vardır. Burada istehsalat prosesi ilə yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq və misgərlik, ağac, daş və duz üzərində oyma, dərzi, rəssam, ayaqqabı təmiri və bərbər peşələri üzrə kurslar da təşkil olunacaqdır. Bunun üçün tədris otaqları təyinatına uyğun avadanlıqlarla təmin olunmuş, kompüter otağında 8 kompüter dəsti quraşdırılmış, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılmışdır. Həmçinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların əl işlərindən ibarət mağaza da fəaliyyət göstərir.
Ali Məclisin Sədri Naxçıvan şəhərində və rayon mərkəzlərində məhkumların əl işlərindən ibarət sərgi-satışların təşkili, müəssisədə toxuculuq peşəsi üzrə kursun açılması və burada keçirilən kursların müvafiq təşkilatlara hamiliyə verilməsi barədə tapşırıqlar vermiş, məhkumlara müvafiq peşələrin öyrədilməsində muxtar respublikada fəaliyyət göstərən sənətkarların iştirakının vacibliyini vurğulamışdır.
Sonra Ali Məclisin Sədri Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların yaşayışı, qidalanması və onlara göstərilən tibbi xidmətlə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti