09 Yanvar 2025, Cümə axşamı

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) Apellyasiya Şurası (bundan sonra – Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin aparatının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
1.2. Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.
1.4. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə Nazirliyin və onun struktur qurumlarının qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apellyasiya Şurasına verdiyi yazılı müraciəti başa düşülür.
1.5. Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.

2. Apellyasiya Şurasının vəzifələri

2.0. Apellyasiya Şurasının vəzifələri aşağıdakılardır:
2.0.1. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etmək;
2.0.2. Apellyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
2.0.3. Apellyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə iqtisadiyyat nazirinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;
2.0.4. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;
2.0.5. qanunla və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3. Apellyasiya Şurasının hüquqları

3.0. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar sorğular göndərmək (müraciətlər etmək), zəruri sənədləri və məlumatları almaq;
3.0.2. şikayətlə müraciət etmiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), Nazirliyin və onun struktur qurumlarının vəzifəli şəxslərini, habelə digər əlaqəli şəxsləri Apellya­siya Şurasının iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;
3.0.3. Apellyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı Nazirliyin aparatının və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;
3.0.4. Apellyasiya Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı Nazirliyin aparatının və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;
3.0.5. şikayətlərin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək, Apellyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
3.0.6. Apellyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;
3.0.7. qanunla və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Apellyasiya Şurasının fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibi (sədri, sədrin müavini və digər üç üzvü) Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri tərəfindən müəyyən edilir. Apellyasiya Şurasının sədri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini olmalıdır.
4.2. Apellyasiya Şurasının sədri:
4.2.1. Apellyasiya Şurasının işini təşkil edir, qərarları və digər sənədləri imzalayır;
4.2.2. Apellyasiya Şurasının digər üzvlərinin təsdiq edilməsi ilə bağlı iqtisadiyyat nazirinə təqdimatlar (təkliflər) verir;
4.2.3. Apellyasiya Şurasının iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;
4.2.4. Apellyasiya Şurasını təmsil edir.
4.3. Apellyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Apellyasiya Şurasının iclaslarında və fəaliyyətində, qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;
4.3.2. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, rəy və təkliflər vermək;
4.3.3. Apellyasiya Şurasının iclaslarının protokollarını imzalamaq;
4.3.4. Apellyasiya Şurasının iclaslarında qəbul edilmiş qərarlardan razı olmadıqda, həmin məsələlərin Nazirliyin kollegiya iclasında müzakirə edilməsi üçün yazılı şəkildə əsaslandırılmış rəylə iqtisadiyyat nazirinə müraciət etmək;
4.3.5. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.
4.4. Apellyasiya Şurasının cari fəaliyyəti Apellyasiya Şurası sədrinin müavini tərəfindən təşkil edilir.
4.5. Apellyasiya Şurasının hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.
4.6. Apellyasiya Şurası sədrinin müavini:
4.6.1. Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;
4.6.2. Apellyasiya Şurasına daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 2 iş günündən gec olmayaraq Apellyasiya Şurasına təqdim edilməsi üçün Nazirliyin aparatının aidiyyəti struktur bölməsinə və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarına müraciət edir;
4.6.3. toplanmış sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Apellyasiya Şurasının üzvlərinə göndərir, təqdim edilmiş rəyləri ümumiləşdirir və Apellyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apellyasiya Şurasının iclaslarını təşkil edir;
4.6.4. Apellyasiya Şurasının iclaslarının vaxtı barədə Apellyasiya Şurasının üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış yazılı məlumat verir;
4.6.5. Apellyasiya Şurasının iclaslarının protokolunu tərtib edir, qərarların layihəsini hazırlayır, qəbul edilən qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir;
4.6.6. Apellyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparır, onları təhlil edir, icmallaşdırır və nəticəsi barədə Apellyasiya Şurasının sədrinə rüblük, yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;
4.6.7. Apellyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin edir;
4.6.8. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

5. Şikayətlərə dair tələblər

5.1. Şikayət yazılı formada tərtib edilir. Şikayətdə qanunla nəzərdə tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir:
5.1.1. şikayət edən şəxsin VÖEN-i;
5.1.2. şikayətin predmeti üzrə bundan əvvəl Nazirliyə edilmiş müraciət (müraciətlər), müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar və alınmış cavab (cavablar) barədə məlumatlar;
5.1.3. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.
5.2. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin surəti şikayətə əlavə edilməklə) imzalanır.
5.3. Hüquqi şəxs (o cümlədən onun nümayəndəlik, filial və idarəsi) tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır.
5.4. Şikayətlərin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətlərə əlavə edilir.

6. Apellyasiya Şurasının iclaslarının
keçirilməsi qaydası

6.1. Apellyasiya Şurasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır. Apellyasiya Şurasının iclasları zərurət yarandığı hallarda Apellyasiya Şurasının sədrinin razılığı ilə və ya iqtisadiyyat nazirinin göstərişi ilə istənilən vaxt keçirilir.
6.2. Apellyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı bütün dəlillər Apellyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.
6.3. Apellyasiya Şurasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apellyasiya Şurasının sədri həlledici səsə malikdir.
6.4. Apellyasiya Şurasının gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Apellyasiya Şurasının sədri, onun müavini və ya üzvlərindən biri məruzə edir.
6.5. Apellyasiya Şurasının iclaslarına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.
6.6. Apellyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Apellyasiya Şurasının iclaslarında iştirak edə bilmədikdə, onun səlahiyyətləri iqtisadiyyat naziri tərəfindən Apellya­siya Şurası sədrinin müavininə həvalə edilir.

7. Apellyasiya Şurasının iclas protokollarına və qəbul etdiyi
qərarlarına dair tələblər

7.1. Apellyasiya Şurasının iclaslarının nəticəsi Apellyasiya Şurasının üzvləri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
7.2. Apellyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın keçirildiyi tarix və yer;
7.2.2. iclasda iştirak edən Apellyasiya Şurasının üzvlərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;
7.2.3. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları, bununla bağlı predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;
7.2.4. Apellyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;
7.2.5. Apellyasiya Şurasının daxil olmuş şikayətlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad, Apellyasiya Şurası tərəfindən qəbul edilmiş qərar.
7.3. Apellyasiya Şurası icraatına daxil olan şikayətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. şikayət təmin edilir;
7.3.2. şikayət qismən təmin edilir;
7.3.3. şikayət təmin edilmir;
7.3.4. şikayətin mahiyyəti üzrə yeni qərar qəbul edilir.
7.4. Apellyasiya Şurasının qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Apellya­siya Şurasının sədri tərəfindən imzalanmış qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:
7.4.1. giriş hissəsində Apellyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, qərarı imzalayan Apellyasiya Şurası sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, şikayətin predmeti və irəli sürülən tələblər;
7.4.2. təsviri hissəsində daxil olmuş şikayətlə müraciət etmiş şəxsin gətirdiyi əsas, şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;
7.4.3. əsaslandırıcı hissəsində Apellyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;
7.4.4. nəticə hissəsində Apellyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.
7.5. Apellyasiya Şurasının icraatına daxil olan şikayət digər orqanın səlahiyyətlərinə aid olduğu halda, Apellyasiya Şurası şikayətin daxil olduğu vaxtdan ən geci 3 iş günü müddətində şikayəti və ona əlavə olunmuş sənədləri səlahiyyətli orqana göndərir və bu barədə şikayətçiyə yazılı şəkildə əsaslandırılmış məlumat verir.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR