Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Apellyasiya Şurası (bundan sonra – Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılmasının təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bununla bağlı qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin (bundan sonra – şikayət) verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özünün sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayət üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Şuraya verdiyi yazılı müraciəti başa düşülür.
1.4. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında, mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir.
1.5. Şura Dövlət gerbi əks olunmuş xidməti blanka və möhürə malikdir.
2. Şuranın vəzifələri
2.0. Şuranın vəzifələri aşağıdakılardan ibarətdir:
2.0.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş şikayətlərə baxılmasını təmin etmək;
2.0.2. Şuraya daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə yazılı qərar qəbul etmək;
2.0.3. Şurada baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;
2.0.4. Şuranın qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
2.0.5. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;
2.0.6. qanunla və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3. Şuranın hüquqları
3.0. Şura öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. daxil olmuş şikayətlərlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün sorğular vermək və belə məlumatları və sənədləri almaq;
3.0.2. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərini, habelə digər əlaqəli şəxsləri Şuranın iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;
3.0.3. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciət etmək;
3.0.4. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq;
3.0.5. Şuranın fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;
3.0.6. şikayətlərin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək, Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
3.0.7. qanunla və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Şuranın fəaliyyətinin təşkili
4.1. Şuranın tərkibi (sədri, sədrin müavini və digər iyirmi beş üzvü) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir.
4.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:
4.2.1. Şuranın işini təşkil edir, qərarları və digər sənədləri imzalayır;
4.2.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;
4.2.3. Şuranı təmsil edir;
4.2.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.
4.3. Şuranın üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Şuranın iclaslarında və fəaliyyətində, qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;
4.3.2. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;
4.3.3. Şuraya daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, rəy və təkliflər vermək;
4.3.4. Şuranın iclas protokollarını imzalamaq;
4.3.5. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclasında baxılması üçün təkliflər vermək;
4.3.6. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.
4.4. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.
4.5. Şuranın cari fəaliyyəti Şura sədrinin müavini tərəfindən təşkil edilir.
4.6. Şura sədrinin müavini:
4.6.1. Şuraya daxil olan şikayətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;
4.6.2. Şuraya daxil olan şikayətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 4 iş günündən gec olmayaraq Şuraya təqdim edilməsi üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edir;
4.6.3. toplanmış sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Şuranın üzvlərinə göndərir, təqdim edilmiş rəyləri ümumiləşdirir və Şuranın sədri ilə razılaşdırmaqla Şuranın iclaslarını təşkil edir;
4.6.4. Şuranın iclaslarının vaxtı barədə Şuranın üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci yarımbəndində göstərilən şəxslərə iclasa ən azı 3 iş günü qalmış yazılı məlumat verilməsini təmin edir;
4.6.5. Şuranın iclaslarının protokolunu tərtib edir, qərarların layihələrini hazırlayır və qəbul edilən qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir;
4.6.6. Şurada baxılan müraciətlərin uçotunu aparır, onları təhlil edir, icmallaşdırır və nəticəsi barədə Şuranın sədrinə rüblük, yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;
4.6.7. Şuranın fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin edir;
4.6.8. öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
4.6.9. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
5. Şikayətlərə dair tələblər
5.1. Şikayət yazılı formada tərtib edilir. Şikayətdə qanunla nəzərdə tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir:
5.1.1. şikayət edən şəxsin VÖEN-i;
5.1.2. şikayətin predmeti üzrə bundan əvvəl aidiyyəti mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarına edilmiş müraciət (müraciətlər), müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar və alınmış cavab (cavablar) barədə məlumatlar;
5.1.3. şikayətə əlavə edilmiş sənədlərin siyahısı.
5.2. Şikayətlər müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin surəti şikayətə əlavə edilməklə) imzalanır.
5.3. Hüquqi şəxs (o cümlədən onun nümayəndəlik, filial və idarəsi) tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır.
5.4. Şikayətlərin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətlərə əlavə edilir.
6. Şuranın iclaslarının keçirilməsi qaydası
6.1. Şuranın iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın iclasları Şura sədrinin və ya üzvlərinin müraciətinə əsasən keçirilir.
6.2. Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı bütün dəlillər Şuranın üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.
6.3. Şuranın iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Şuranın sədrinin səsi həlledicidir.
6.4. Şuranın gündəliyinə daxil edilmiş şikayətlərlə bağlı Şuranın sədri, onun müavini və ya üzvlərindən biri məruzə edir.
6.5. Şuranın iclaslarına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.
6.6. Şuranın iclaslarında bu Əsasnaməyə uyğun olaraq qəbul edilmiş və Şuranın sədri tərəfindən imzalanmış qərarların icrası bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir.
6.7. Şuranın sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Şuranın iclasında iştirak edə bilmədikdə, onun səlahiyyətləri Şura sədrinin müavini tərəfindən həyata keçirilir.
7. Şuranın iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər
7.1. Şuranın iclaslarının nəticəsi Şuranın üzvləri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
7.2. Şuranın iclas protokolunda aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın keçirildiyi tarix və yer;
7.2.2. iclasda iştirak edən Şuranın üzvlərinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;
7.2.3. müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş şikayətin predmeti, qısa məzmunu və əsasları, bununla bağlı daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;
7.2.4. Şuranın iclasında iştirak edən şəxslərin çıxışları;
7.2.5. Şuranın daxil olmuş müraciətlərlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad və Şura tərəfindən qəbul edilmiş qərar.
7.3. Şura icraatına daxil olan şikayətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. şikayət təmin edilir;
7.3.2. şikayət qismən təmin edilir;
7.3.3. şikayət təmin edilmir;
7.3.4. şikayətin mahiyyəti üzrə yeni qərar qəbul edilir.
7.4. Şuranın bu Əsasnamənin 7.3-cü bəndinə uyğun olaraq qəbul etdiyi qərarı əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Şuranın sədri tərəfindən imzalanmış qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:
7.4.1. giriş hissəsində Şuranın qərarının qəbul edildiyi tarix və yer, qərarı imzalayan Şuranın sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, rütbəsi, şikayətin predmeti və irəli sürülən tələblər;
7.4.2. təsviri hissəsində daxil olmuş şikayət edən şəxsin gətirdiyi əsas, şikayətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların qısa məzmunu, əsasları, habelə işdə iştirak edən şəxslərin izahatları;
7.4.3. əsaslandırıcı hissəsində Şuranın əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;
7.4.4. nəticə hissəsində Şuranın qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.