Fevralın 12-də Naxçıvan şəhərinin Atabəylər məhəlləsində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək demişdir ki, bu gün Naxçıvan şəhərində müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Son illər şəhərdaxili yollar yenidən qurulmuş, avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin edilmişdir. Bu gün istifadəyə verilən Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi də nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yeni xidmət sahələrinin yaradılması sahəsində görülən işlərin davamıdır. Yaradılan şərait sakinlər tərəfindən razılıqla qarşılanır.
Mərkəzdə fəaliyyət göstərəcək sahibkar Elvin Nağıyev demişdir ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin təməlində insanların güzəranının yaxşılaşdırılması, qeyri-məşğul əhalinin işlə təminatı və onların sosial müdafiəsinin gücləndirilməsi dayanır. Sahibkarlığın inkişafına göstərilən qayğı sayəsində yeni sənaye müəssisələri açılır, xidmət sahələri yaradılır. Bütün bunlar insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Elvin Nağıyev sahibkarlar və burada işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublika üçün mühüm əhəmiyyəti olan bir sahənin – Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzinin istifadəyə verilməsi münasibətilə istifadəçiləri və yeni işlə təmin olunanları təbrik edərək demişdir: Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzinin yaradılması ölkəmizin iqtisadi inkişafının qarşıya qoyduğu tələblərdəndir. Bu gün ölkəmiz inkişaf etdikcə, əhalinin maddi rifah halı da yaxşılaşır. Əhalinin rifahının yaxşılaşması insanların rahat yaşayışının təmin olunması ilə yanaşı, həm də onların müasir avtomobillər almasına imkan verir. Bu avtomobilləri keyfiyyətli ehtiyat hissələri ilə təmin etmək və texniki xidmət göstərmək isə vacib məsələdir.
Ali Məclisin Sədri demişdir: Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzinin istifadəyə verilməsi imkan verəcəkdir ki, Naxçıvan şəhərində bu işlər pərakəndə formada deyil, mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Yaradılan şərait avtomobil ehtiyat hissələrinin keyfiyyətinə dövlət nəzarətinin həyata keçirilməsinə, avtomobillərin alqı-satqısı zamanı dövlət qeydiyyatının vaxtında aparılmasına və onların istismara yararlılığının müəyyən olunmasına imkan verəcəkdir. Həmçinin burada muxtar respublikamızda istehsal olunan avtomobillərin ehtiyat hissələrinin satışı və avtomobillərin təmiri də həyata keçiriləcəkdir. Bir sözlə, bu ərazi muxtar respublikada avtomobillərə nümunəvi xidmət mərkəzinə çevriləcəkdir.
Ali Məclisin Sədri demişdir: Mərkəz Naxçıvan şəhərində istifadəyə yararsız ərazidə inşa olunmuşdur. Bu da şəhərin bu hissəsinin abadlaşmasına və eyni zamanda bu ərazidə yaşayan əhali üçün 304 yerlik yeraltı qarajın yaradılmasına da səbəb olmuşdur. Bu cür mərkəzlərin istifadəyə verilməsi həm də yeni iş yerlərinin açılması, yeni sahibkarlıq sahələrinin yaradılması deməkdir. Mərkəzdə 200-dən artıq yeni iş yeri yaradılmışdır. İş yerləri isə hər bir ailənin normal yaşayışı deməkdir. Bu gün Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifə də ondan ibarətdir ki, ölkəmizdə işsiz vətəndaş olmasın. Ona görə də hər bir kəsin bacarığına və qabiliyyətinə görə iş yerləri yaradılmalıdır.
Ali Məclisin Sədri muxtar respublikada bütün sahələrin inkişafına bundan sonra da diqqət göstəriləcəyini və yeni iş yerlərinin açılacağını bildirmiş, mərkəzdə fəaliyyət göstərəcək sahibkarlara uğurlar arzulamış, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 12 min 120 kvadratmetr ərazini əhatə edən mərkəz zirzəmi ilə birlikdə iki mərtəbədən ibarətdir. Zirzəmidə 304 yerlik yeraltı qaraj, yerüstü hissədə isə 192 yerlik avtomobil satışı yeri, 57 ehtiyat hissələri mağazası, kafe və texniki xidmət sahələri fəaliyyət göstərir. Fərdi istilik sistemi ilə təchiz olunan mağazaların hər birinin ümumi sahəsi 40 kvadratmetrdir. Burada istənilən modeldə avtomobillərin ehtiyat hissələrinin satışı təşkil olunacaqdır. Həmçinin mərkəzdə avtoyuma, elektrik və çilingər xidmətləri də göstəriləcəkdir.
Burada avtomobillərin maneəsiz hərəkəti və təhlükəsizliyi üçün bütün tədbirlər görülmüş, müasir havalandırma, işıqlandırma və yanğınsöndürmə sistemləri qurulmuş, giriş və çıxışlar avtomatlaşdırılmışdır. Mərkəzin ərazisində video-nəzarət sistemi yaradılmışdır.
Ali Məclisin Sədri satışa çıxarılan avtomobil ehtiyat hissələrinin standartların tələblərinə uyğunluğunun daim nəzarətdə saxlanılması, alqı-satqı zamanı avtomobillərin dövlət qeydiyyatı və sığorta olunması məqsədilə mərkəzdə səyyar xidmətin təşkili barədə müvafiq qurumlara tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti