09 Yanvar 2025, Cümə axşamı

Fevralın 10-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sabitlik yaradılıb, iqtisadiyyat şaxələndirilib, biznes mühiti təkmilləşdirilib, sahibkarlığın inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilib və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir. Cari il yanvarın 26-da Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr bir daha təsdiq etdi ki, sahibkarlığın inkişafı, özəl bölmədə məhsul istehsalının həcminin artırılması bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikamızda da özəl sektorun inkişafı diqqət mərkəzindədir. Sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Təkcə 2015-ci il ərzində muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafına 38 milyon manatdan çox vəsait yönəldilib. Bunun 11 milyon 289 min manatı Sahibkarlığa Kömək Fondunun xətti ilə güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi kimi verilən kreditlərdir. Bütün bunlar sahibkarlığın inkişafına öz təsirini göstərmiş, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz olmuşdur. Qəbul olunmuş dövlət proqramlarının icrası da sahibkarlığın inkişafına öz töhfəsini vermişdir. Sahibkarlar tərəfindən yeni istehsal sahələri, iş yerləri yaradılmış, məşğulluq təmin olunmuşdur. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində bu gün muxtar respublikada 361 növdə məhsul istehsal olunur. Əhalinin 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Qeyd olunanlar iqtisadi sahədə son illər qazanılmış nailiyyətləri əks etdirən mühüm göstəricilərdir. Lakin ölkə Prezidentinin də qeyd etdiyi kimi, “Yeni dövr yeni vəziyyət, yeni yanaşmalar tələb edir. Ona görə də indiki şəraitdə sahibkarlıq daha da genişləndirilməli, sahibkarlara daha yaxşı şərait yaradılmalı, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.
Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır. İqtisadiyyat Nazirliyi yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılmasını bundan sonra da davam etdirməlidir. İstehsal olunan məhsulların xarici amillərdən asılılıq səviyyəsi müəyyənləşdirilməli, bunun aradan qaldırılması yolları araşdırılmalıdır. Daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları da araşdırılmalıdır. İxracyönümlü məhsul istehsal edən sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq, onların xarici bazarlara çıxış imkanlarını asanlaşdırmaq lazımdır. Eyni zamanda, sahibkarlıq subyektləri də gözləmə mövqeyində dayanmamalı, öz məhsullarının muxtar respublikadan kənarda satışının təşkili məqsədilə marketinq araşdırmaları aparmalı, bu məhsulların təbliği üçün internet resursları və kütləvi informasiya vasitələrinin imkanlarından faydalanmalıdırlar.
Ali Məclisin Sədri demişdir ki, kənd təsərrüfatı və emal məhsullarının ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tələbatdan artıq məhsulun ixracı üçün işi gücləndirməlidirlər. Əhalinin alıcılıq qabiliyyəti qorunmalıdır. Bunun üçün istehlak qiymətlərinə nəzarət mexanizmi gücləndirilməli, müvafiq qurumlar tərəfindən süni qiymət artımına qarşı tədbirlər davam etdirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, yerli icra hakimiyyəti orqanları yerli istehsal məhsullarının birbaşa istehsalçılar tərəfindən satışına nail olmalı, yarmarkaların təşkili cari ildə də davam etdirilməlidir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması məsələlərinə də diqqət artırılmalıdır. Dövlət Gömrük Komitəsi tərəfindən idxal olunan məhsulların keyfiyyətinə nəzarət gücləndirilməli, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısı alınmalıdır.
Qeyd olunmuşdur ki, muxtar respublika iqtisadiyyatında bankların aparıcı rolu təmin edilməlidir. İqtisadi cəhətdən sərfəli layihələrin icrasına dövlət maliyyə dəstəyi, yaxud sahibkarların şəxsi vəsaitlərindən əlavə bank kreditlərindən istifadə imkanları da artırılmalı və bunlar daha çox real sektorun inkişafına yönəldilməlidir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi bununla bağlı konkret tədbirlər planına malik olmalıdır. Eyni zamanda, istər bank və kredit təşkilatları, istərsə də Sahibkarlığa Kömək Fondunun xətti ilə kreditlər verilərkən ehtiyac meyarları düzgün qiymətləndirilməli, maliyyə riskləri ciddi şəkildə araşdırılmalı, vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət gücləndirilməlidir.
Ali Məclisin Sədri inflyasiya əleyhinə tədbirlərin gücləndirilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirərək demişdir: Bunun təsirli vasitələrindən biri də dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasıdır. Alıcı təşkilatlar, eləcə də sahibkarlıq subyektləri nağdsız əməliyyatlara üstünlük verməlidirlər. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Vergilər Nazirliyi ilə birlikdə bu istiqamətdə işi gücləndirməli, fəaliyyətə başlayan hər bir sahibkarlıq subyekti üçün bank hesablarının aktiv olmasına diqqəti artırmalıdır. Bundan əlavə, alğı-satqı əməliyyatlarında POS-terminallardan istifadə ilə bağlı tədbirlər gücləndirilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq məsələlərini ciddi nəzarətdə saxlamalı, dövlət orqanlarında və sahibkarlıq subyektlərindəki boş iş yerləri haqqında məlumatlar vaxtaşırı yenilənməlidir. Xüsusilə sahibkarlar, iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərindən yanaşmalı, işsiz vətəndaşların işə götürülməsi üçün əlavə iş yerlərinin yaradılması istiqamətində səylərini artırmalıdırlar. Yerli icra hakimiyyəti orqanları yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması məqsədilə sahibkarları yeni layihələrin icrasına cəlb etməli, onların fəaliyyəti üçün zəruri şərait yaratmalıdırlar.
Qeyd olunmuşdur ki, sahibkarlar və iş adamları üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə mütəmadi olaraq vergi sistemində mütərəqqi islahatlar aparılır, məhsul istehsalçıları, xüsusilə aqrar sektorda çalışanlar üçün vergi güzəştləri tətbiq olunur. Vergi Məcəlləsində cari il yanvar ayının 1-dən qüvvəyə minən dəyişikliklər vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox sərbəst vəsaitin qalmasına xidmət edir. Dövlət sahibkarlığın inkişafına maraq göstərdiyi kimi, sahibkarlar da dövlətin qüdrətlənməsi naminə səylərini artırmalıdırlar. Çünki dövlət büdcəsi əsasən vergi daxil­olmaları hesabına formalaşır. Bu xüsusat nəzərə alınaraq hər bir sahibkar milli mənafeni, xalqa, vətənə xidmət amalını diqqətdə saxlamalı, öhdəliklərini layiqincə yerinə yetirməlidir. Bunun üçün isə vergilər vaxtında ödənilməli, işçilər üçün normal iş şəraiti yaradılmalı, onlar işə yalnız əmək müqaviləsi ilə götürülməli, ödənilən əməkhaqları reallığı əks etdirməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanması vəziyyətinə nəzarəti artırmalıdırlar.
Ali Məclisin Sədri demişdir: Ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının rolu əvəzsizdir. Bu sektorun inkişafı üçün dövlət tərəfindən bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Aqrar sahədə məhsul istehsalçılarının 2019-cu ilədək torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə verilən subsidiyaların həcminin artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin davamlı inkişafına hesablanıb. Bu, öz nəticəsini göstərməlidir. Əksər kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilməli, ilk növbədə, əkinəyararlı torpaq sahələrindən istifadəyə diqqət artırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar tədbirlər görməlidirlər. Yeni texnologiyaların, mütərəqqi əkin və suvarma metodlarının tətbiqinə diqqət artırılmalı, əkin üçün keyfiyyətli, məhsuldar toxum sortlarından istifadə olunmalıdır. Əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması təmin edilməlidir. Yerli icra hakimiyyəti orqanları dövlət və bələdiyyə fondunda, həmçinin xüsusi mülkiyyətdə olan əkinəyararlı torpaqların istifadəsi ilə bağlı təhlillər aparmalı və sahibkarlara boş ərazilər haqqında məlumat verərək həmin ərazilərdən səmərəli istifadə üçün əlverişli şərait yaratmalıdırlar. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları istehsalçıları gübrə ilə vaxtında təchiz etməli, Kənd Təsərrüfatı Nazirliyi gübrələrdən normalara uyğun istifadə ilə bağlı maarifləndirici və nəzarət tədbirlərini artırmalıdır.
Bildirilmişdir ki, mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlar tərəfindən alınması nəzarətdə olmalı, məhsul istehsalçıları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Bu tədbirin təşkilinə İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bilavasitə məsuliyyət daşıdıqlarını yadda saxlamalıdırlar. Muxtar respublikanın aqrar sektorunda məhsul istehsalı, əsasən, kiçik təsərrüfatlar tərəfindən həyata keçirilir. Lakin məhsuldarlığın artırılması və istehsal xərclərinin azaldılması üçün iri təsərrüfatların yaradılmasına da ehtiyac vardır. Belə təsərrüfatlarda son texnoloji nailiyyətlərə əsaslanan heyvandarlıq və quşçuluq komplekslərinin yaradılması diqqətdə saxlanmalıdır. Son illərin təcrübəsi göstərir ki, süni mayalanmanın tətbiqi heyvandarlığın inkişafında mühüm əhəmiyyətə malikdir. Ölkə başçısının ötən il imzaladığı sərəncamla süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın müəyyən olunması fermerlərin də bu sahəyə marağını artırmışdır. Dövlət Baytarlıq Xidməti süni mayalanmanın tətbiqini daha da genişləndirməli, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına nail olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baş Sığorta Agentliyi ilə birlikdə məhsul istehsalçılarının risklərdən qorunması üçün əkin sahələrinin və mal-qaranın sığortalanması ilə bağlı maarifləndirmə işləri aparmalıdırlar.
Ali Məclisin Sədri demişdir: Dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa, izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə bir vətəndaş münasibəti formasını almalıdır. Yerli məhsullara üstünlük verilməsi, öz növbəsində, yerli istehsalın inkişafını dəstəkləməklə yanaşı, xərclərin azaldılmasına, məşğulluğun artırılmasına xidmət edəcəkdir. Bir sözlə, qarşıda bizi mühüm vəzifələr gözləyir. Bu vəzifələrin icrası, sahibkarlıq sahəsində fəaliyyətin genişləndirilməsi üçün hər cür imkan və şərait vardır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda iqtisadi islahatlar həyata keçirilir. Bunun əsas məqsədi sahibkarlıq strukturlarında fəaliyyəti gücləndirməklə iqtisadi qüdrətimizin artırılmasına, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulamışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada sosial-iqtisadi inkişaf proqramlarının icrası iqtisadi potensialın artmasına, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaratmışdır. 2015-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 1,7 faiz artaraq 2 milyard 467 milyon 422 min manat təşkil etmişdir. Görülən işlər ixracın həcminin artmasına da öz təsirini göstərmiş, 2015-ci ildə 316 milyon 797 min ABŞ dollarından artıq sənaye məhsulu ixrac olunmuşdur. Bu dövrdə aqrar sektorun çoxsahəli inkişafına da nail olunmuş, 402 milyon 992 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Famil Seyidov özəl sektorun inkişafına göstərilən diqqət və qayğıya görə muxtar respublika sahibkar­ları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev çıxış edərək demişdir ki, iqtisadiyyatın sürətli inkişafı, dünyanın qabaqcıl texnologiyalarının muxtar respublikaya gətirilməsi və tətbiqinə şərait yaradılması, Sahibkarlığa Kömək Fondu tərəfindən kreditlərin verilməsi “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin də fəaliyyətini genişləndirib, cəmiyyətin müasir istehsal və emal müəssisələri yaradılıb. Hazırda müəssisənin tərkibinə gündəlik istehsal gücü 18 ton olan kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi, qovurulması və paketlənməsi, 7 ton qənd, 2,4 ton olan vafli, peçenye, biskvit və digər qənnadı məmulatları, 45 gündə 135 ton quş əti istehsalı, saatda 1500 baş toyuq kəsim sahələri fəaliyyət göstərir. Müəssisənin məhsulları daxili tələbatı ödəməklə yanaşı, İran və Gürcüstana da ixrac olunur, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edilir.
Şərur rayonundakı Cəlilkənddə fəaliyyət göstərən çörək istehsalı sahəsinin sahibkarı Rüxsarə Ağayeva demişdir ki, yaradılan yeni müəssisələrin əhalinin yerli məhsullara olan tələbatının ödənilməsindəki payı günü-gündən artmaqdadır. Bütün bunlar isə sahibkarlığın inkişafına və əhali rifahının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Sahibkarlığın, o cümlədən kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə məşğulluğun artırılması sahəsində həyata keçirilən uğurlu siyasət qadın sahibkarların da bu proseslərdə yaxından iştirakına şərait yaratmışdır. Muxtar respublikada həyata keçirilən geniş quruculuq tədbirlərində yaxından iştirak etmək və sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə 2015-ci ildə Şərur rayonundakı Cəlilkənddə lavaş istehsalı müəssisəsi yaratmışıq. Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan maliyyə dəstəyi göstərilib. Müəssisə yerləşdiyi kəndin və yaxın yaşayış məntəqələrinin tələbatını tam ödəyir.
Babək rayonu Nehrəm kəndində fəaliyyət göstərən fiziki şəxs Rafiq Əliyev çıxışında qeyd etmişdir ki, muxtar respublikada güclü özəl sektor formalaşmışdır. Yaradılan münbit şəraitdən yararlanaraq 2015-ci ildə Babək rayonunun Nehrəm kəndində süd məhsullarının emalı müəssisəsinin fəaliyyətə başlamasına nail olmuşuq. Müəssisədə istehsal sahəsi ilə yanaşı, hazır məhsulların saxlanılması üçün soyuducu kamera da qurulub. Burada 750 qramlıq şüşə, 300 və 500 qramlıq, həmçinin 2 kiloqramlıq saxsı qablarda süd məhsullarının istehsalı həyata keçirilir. Avadanlıqların müasir texnologiyaya malik olması keyfiyyətli məhsul istehsalına imkan yaratmışdır. Müəssisənin yerli xammal əsasında fəaliyyət göstərməsi istehsal olunan məhsulların bazar qiymətlərinə uyğun satışının həyata keçirilməsinə imkan verir.
Sahibkarlar yaradılan şəraitə görə minnətdarlıq etmiş, muxtar respublikanın inkişafı və tərəqqisi naminə bundan sonra da əzmlə çalışacaqlarını, göstərilən etimadı doğruldacaqlarını bildirmişlər.
Ali Məclisin Sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirmiş, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar vermiş, keyfiyyətli və ixrac potensiallı məhsullar istehsal edən sahibkarlara təşəkkür etmişdir.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 7 sahibkara güzəştli kreditlərin çeklərini təqdim etmişdir. Bu kreditlər avtomobil şinlərinin yenidən emalı sahəsinin, quşçuluq, maldarlıq və heyvandarlıq təsərrüfatlarının yaradılmasına, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsinə sərf olunacaqdır.
Tədbirdə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş olunmuşdur.
Sonda Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxmışdır.
Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunurdu. Həmçinin burada Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi qoyulmuşdur. Bildirilmişdir ki, muxtar respublikada dövlət maliyyə dəstəyi və sahibkarların şəxsi vəsaiti hesabına ötən il 63 istehsal və xidmət sahəsi yaradılmışdır. Hazırda muxtar respublikada kənd təsərrüfatı, metallurgiya, kimya, qida və emal sənayesi sahələri üzrə 24 istehsal, eləcə də 7 xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə baxış zamanı bildirilmişdir ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 12 modeldə avtomobil istehsal olunur. Müasir təchizatı, dizaynı və interyeri ilə seçilən, avtomatik və mexaniki sürət qutusu ilə təchiz olunan minik avtomobilləri AVRO-5 standartlarına cavab verir. Bu da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Rahat və keyfiyyətli olması, sərfəli kredit və münasib qiymətlərlə təklif edilməsi, eyni zamanda ehtiyat hissələrinin satışının həyata keçirilməsi alıcıların bu avtomobillərə üstünlük verməsinin əsas səbəblərindəndir. Gələcəkdə müəssisədə tələbata uyğun olaraq yeni modellərin yığılmasına da başlanılacaqdır.
Ali Məclisin Sədri zavodda keyfiyyət amilinə ciddi diqqət yetirilməsi və avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanılması barədə tapşırıq vermişdir. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR