Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Konfransda nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, ötən il Azərbaycanda bir çox məsələlər uğurla həll olunub.
2004-cü ildən regionların inkişafı ilə bağlı fəaliyyətdə olan dövlət proqramını xalqımızın həyatında tarixi hadisə adlandıran Prezident İlham Əliyev deyib ki, son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşıb, bütün şəhərlərimiz “mavi yanacaq”la təmin olunub, 10 min kilometrdən çox yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb.
İqtisadiyyat naziri Şahin Mustafayev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ili çərçivəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra “Mətanət A” şirkətinin baş direktoru Elxan Bəşirov, Qusar Logistika Mərkəzi və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur Mənsimov, Naxçıvanda fəaliyyət göstərən “Cahan Holdinq”in direktoru Vüqar Abbasov və başqaları çıxış ediblər.
AZƏRTAC