09 Yanvar 2025, Cümə axşamı

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrində də müasir infrastruktur yaradılır, insanların sosial problemləri həll olunur.

Son illər kəndlərin kompleks abadlaşdırılması bu tədbirlər içərisində xüsusi yer tutur. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirlərindən Babək rayonunun Xəlilli kəndinə də pay düşmüş, kənddə yeni sosial obyektlər inşa olunmuşdur.

Yeni məktəb binası müasir tədris imkanlarına malikdir 

Yanvarın 22-də Xəlilli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının açılışını bildirən lenti kəsmişdir.
Açılış tədbirində məktəbin direktoru Əfqan Vəliyev çıxış edərək demişdir ki, yeni məktəb binası müəllim və şagirdlərin sevincinə səbəb olmuşdur. Yaradılan şərait tədrisin səviyyəsini xeyli yüksəldəcəkdir. Bu şərait pedaqoji kollektivin qarşısında yeni vəzifələr qoyur. Çalışacağıq ki, göstərilən etimadı layiqincə doğrul­daq, savadlı və vətənpərvər gənclər yetişdirək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xəlilli kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün muxtar respublikanın kəndləri abadlaşır, yeni yollar çəkilir, məktəb binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları tikilərək istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər içərisində ən vacibi məktəb tikintisidir. Çünki təhsilə, məktəb işinə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Əgər yaxşı mütəxəssis, müəllim, həkim, əsl vətəndaş hazırlamaq istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə, onda məktəb işinə xüsusi diqqət yetirməliyik.

Ali Məclisin Sədri demişdir: Ölkəmizdə həyata keçirilən tədbirlər içərisində təhsilin inkişafına, məktəb tikintisinə xüsusi diqqət yetirilir, müəllim əməyinə yüksək qiymət verilir. Bu sahədə görülən işlər artıq öz bəhrəsini verir. Belə ki, ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbul olunur, peşə məktəblərində təhsil alır, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq işlərində yaxından iştirak edirlər. Bu da vacib məsələdir. Çünki ölkəmizi gələcəkdə bu gənclər idarə edəcəklər. Əgər ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində və müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə yetişən gənclər Azərbaycanın bugünkü inkişafında iştirak edirlərsə, bu gün yetişən gənclər də bu inkişafı gələcəkdə davam etdirəcəklər.
Ulu öndər Heydər Əliyevin “Cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır”, – fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, cəmiyyətdəki sabitlik, ölkənin tərəqqisi və inkişafı məktəbin fəaliyyətindən, təhsilin səviyyəsindən asılıdır. Bu gün Xəlilli kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır. Gənclərin savadlı, dünyagörüşlü və vətənpərvər böyüdülməsi üçün yaradılan bu şəraitdən düzgün istifadə olunmalıdır.

Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri kollektivə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Babək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 26 şagirdə kompüter hədiyyə etmiş, məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 144 yerlik məktəb binasında 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 elektron lövhəli sinif, şahmat, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kompüter otağındakı 13 kompüter internetə qoşulmuşdur.
Kitabxanada 1215 dərslik və 1520 bədii ədəbiyyat vardır. Qeyd olunmuşdur ki, Ali Məclis Sədrinin tapşırığına əsasən ümumtəhsil məktəblərində kitabxana işinə xüsusi diqqət yetirilir. Kitabxana fondları yeni ədəbiyyatlarla zənginləşdirilir, şagirdlərin kitabxanalara cəlbi diqqət mərkəzində saxlanılır. Məktəb kitabxanaçıları üçün seminarın keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, onlara məktəbdə kitabxana işinin təşkili ilə bağlı müvafiq təlimatlar verilmişdir.
Gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların hərb sənətinə marağının artırılması vacib şərtdir. Hərbi kabinədə çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi üçün hərtərəfli şərait yaradılmış, müvafiq əyani vəsaitlər şagirdlərin istifadəsinə verilmişdir.
Yanvarın 22-də Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərlinin doğum günüdür. Muxtar respublikada görkəmli rəssamın zəngin irsinin tədqiqi və gənc nəslə təbliğ olunması diqqət mərkəzində saxlanılır. Elektron lövhəli sinfə baxış zamanı məlumat verilmişdir ki, hazırda Bəhruz Kəngərli Muzeyi ilə təhsil müəssisələri arasında distant dərs keçirilir, şagirdlərə görkəmli rəssamın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir. Distant dərsi muxtar respublikanın 221 təhsil müəssisəsindən 4 minə yaxın şagird izləmişdir.

Gənc nəslin sağlam həyat tərzinin təmin edilməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Muxtar respublikada gənc­lərin idmana marağının artırılması istiqamətində ardıcıl tədbirlər görülür, məktəblərdə müasir idman zalları istifadəyə verilir. Xəlilli kənd tam orta məktəbinin geniş idman zalı və həyətdə quraşdırılan açıq idman qurğuları da fiziki tərbiyə dərslərinin səmərəli keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbdə şahmat fənninin tədrisi ilə maraqlanmış, bu idman növünün gənclərin əqli inkişafında və asudə vaxtının səmərəli təşkilindəki əhəmiyyətini qeyd etmişdir.
Sonra məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Məktəblərdə yaradılan şərait ölkəmizin gələcəyinə xidmət edir. Ona görə də müəllimlər şagirdlərə ölkənin gələcəyi kimi baxmalıdırlar. Muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan müəllimlər diaqnostik qiymətləndirmə zamanı yaxşı nəticələr göstərmiş, onların əməkhaqları artırılmışdır. Müəllim əməyinə verilən digər bir qiymət isə məktəblərdə yaradılan müasir tədris şəraitidir. Xəlilli kənd tam orta məktəbi bütün tədris imkanlarına malikdir. Bunun nəticəsidir ki, bu il məktəbdə şagirdlərin sayı artmışdır. Pedaqoji kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməlidir.
Müəllim Afaq Cəfərova demişdir ki, məktəbin köhnə binası istifadəyə yararsız idi. Lakin dövlətimizin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsi olaraq bu gün hər cür avadanlıqlarla təchiz olunan yeni məktəb binası kollektivin istifadəsinə verilir. Həmçinin dövlətimiz müəllimlərin sosial problemlərinin həllini də diqqət mərkəzində saxlayır. Müəllimlərin əməkhaqlarının artırılması bunun bariz nümunəsidir. Bütün bunlar pedaqoji kollektivin məsuliyyətini artırır. Müəllimlər göstərilən etimadı doğruldacaq, ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirəcəklər.
Məktəbin həyətində geniş abadlıq işləri görülmüş, ağac və gül kolları əkilmişdir.

Xəlilli Kənd Mərkəzinin açılışı olmuşdur 

Muxtar respublikanın kənd yaşayış məntəqələrində insanların rahat yaşayışı üçün zəruri infrastruktur qurulur.
Yanvarın 22-də Xəlilli Kənd Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmiş və binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan mərkəzdə rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kitabxana, klub və 40 yerlik iclas zalı vardır. Şıxmahmud və Xəlilli kəndlərini əhatə edən baytarlıq məntəqəsində soyuducu qoyulmuş, zəruri dərman vasitələri ehtiyatı yaradılmışdır. Birinci mərtəbədəki kitabxanada 8442 kitab vardır.
Rabitə evində 384 yerlik yeni nəsil ATS quraşdırılmış, abonentlər keyfiyyətli rabitə xidməti ilə təmin olunmuşlar. Yeni nəsil ATS kənddə “Evədək optika” layihəsinin həyata keçirilməsinə, sakinlərə İP televiziya, sürətli internet və digər müasir rabitə xidmətlərinin göstərilməsinə imkan verəcəkdir. Həmçinin burada yeni poçt bölməsi də fəaliyyətə başlamışdır.
Muxtar respublikada səhiyyənin inkişafına xüsusi diqqət yetirilir, insanların sağlamlığı etibarlı qorunur. Yaşayış məntəqələrində müasir səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi bu tədbirlərin davamıdır. Lazımi avadanlıqlarla təchiz olunan Xəlilli kənd feldşer-mama məntəqəsi müdir, mama və manipulyasiya otaqlarından ibarətdir.

Xidmət mərkəzi sakinlərin rahatlığını təmin edəcəkdir 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xəlillidə yeni xidmət mərkəzinin də açılışını etmişdir.
5 nəfərin daimi işlə təmin olunduğu xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Bildirilmişdir ki, bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud gənclərin məşğulluq probleminin həlli diqqət mərkəzində saxlanılır, onlar peşə məktəblərinə cəlb olunur. Xidmət mərkəzində çalışan bərbər də bu kateqoriyadan olan gənclərdəndir.
Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Ali Məclisin Sədri demişdir: Xəlilli kəndi muxtar respublikanın müasir kəndlərinin sırasına qoşulmuşdur. Kənddə geniş qurucu­luq işləri aparılmışdır. Bu işlərin davamı olaraq Şıxmahmud və Xəlilli kəndlərində su-kanalizasiya layihəsi də həyata keçiriləcək, kənd yollarına asfalt örtük salınacaqdır. Həyata keçirilən kompleks quruculuq işləri kəndlə şəhər arasındakı fərqin azalmasına, sakinlərin həyat şəraitinin yaxşılaşmasına və məskunlaşmanın artmasına səbəb olmuşdur. Bütün bunlar ölkəmizdəki sabitliyin, dövlət-xalq birliyinin, həyata keçirilən davamlı sosial-iqtisadi islahatların nəticəsində mümkün olmuşdur.
Kənd sakini Zahid Tağıyev minnətdarlıq edərək demişdir: Bu gün Xəlilli kəndində müasir məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi, rabitə evi sakinlərin istifadəsinə verilir. Xüsusilə yeni məktəb binasının tikilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Təhsilə bu qədər diqqətlə yanaşılması hər kəsdə gələcəyimizə böyük ümidlər yaradır. Xəlillidə əhalinin rifahı naminə bütün işlər görülmüş, mənzillər daimi qaz, elektrik enerjisi, televiziya, rabitə və internet xidmətləri ilə təmin olunmuşdur. Ölkə Prezidentinin sərəncamları ilə əməkhaqlarımız, pensiyalarımız artmışdır. Həmçinin dövlətimizin kənd təsərrüfatı ilə məşğul olanlara dəstək göstərməsi, güzəştli kreditlərin verilməsi, texnikalarla təminat əkinçiliyə marağı daha da artırmışdır. İnsanların artıq heç bir problemi yoxdur, hər kəs öz təsərrüfatı ilə məşğul olur, kəndində rahat yaşayır. Bu inkişaf Naxçıvanın bütün kəndlərini əhatə etmişdir. Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə cavab olaraq kənddə əkinçiliyi, heyvandarlığı inkişaf etdirəcək, bundan sonra da ölkəmizin inkişafına töhfələr verəcəyik.

* * *

Xəlilli kəndinin yolları abadlaşdırılmış, 1350 metr uzunluğunda beton kanal çəkilmiş, 67 su keçidi qoyulmuşdur. Rabitə, elektrik və qaz xətləri də yenilənmiş, 1200 metrlik fiber-optik, 3 kilometr uzunluğunda elektrik və 450 metr uzunluğunda qaz xətti çəkilmişdir.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR